Dərc edilib: 21-12-2018

https://www.nuh.az/18413-.html

“Uğurlarınıza ürəkdən sevinirik” - Mehriban Əliyeva

21.12.2018 16:02:15

Cəmiyyət

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan tələbələrinin II qurultayının iştirakçılarına təbrik məktubu ünvanlayıb.


"Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:

"Əziz tələbələr! Sizi – Azərbaycan tələbələrinin II qurultayının iştirakçılarını səmimi qəlbdən salamlayır, sizin simanızda ölkəmizin bütün tələbə gənclərinə ən xoş arzularımı yetirir və qurultayın işinə uğurlar arzulayıram.

Bugünkü ali məclisinizin “Azərbaycan Xalq Cümhuriyyəti İli”nə təsadüf etməsi əlamətdar haldır. Ölkəmizdə ana dilində tədrisə başlanılması, ilk universitetin yaradılması və azərbaycanlı gənclərin xaricdə ali təhsil almağa göndərilməsinin təməli Xalq Cümhuriyyəti dövründə qoyulmuş, bu ənənə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən davam etdirilmişdir. Məhz Ulu Öndərin təşəbbüsü ilə azərbaycanlı gənclər keçmiş Sovetlər Birliyinin məşhur ali məktəblərində təhsil alaraq vətənimizin yüksəlişi naminə cəmiyyət həyatının ən müxtəlif sahələrində əzmkarlıqla çalışmışlar.

Müstəqil Azərbaycanda milli təhsil quruculuğu sahəsində əhəmiyyətli addımlar atılmış, gəncliyin inkişafı və təhsili ilə bağlı bir sıra dövlət proqramları qəbul edilmişdir. Ümidvaram ki, həmin proqramlar müvəffəqiyyətlə həyata keçiriləcək, gənclərimiz ən yeni bilik və texnologiyaları mənimsəyərək yüksək hazırlıqlı kadrlar kimi ictimai-siyasi, iqtisadi və mədəni həyatda təqdirəlayiq fəaliyyətləri ilə ölkəmizin tərəqqisi naminə öz töhfələrini verəcəklər.

Əziz gənclər!

Siz çiçəklənən gözəl bir ölkədə yaşayırsınız. Hamılıqla uğurlarınıza ürəkdən sevinirik. Zəngin bilikli və dərin mənəviyyatlı vətənpərvər gənclik olaraq formalaşmağınız gələcəyə inamımızı artırır, qəlbimizi qürur hissi ilə doldurur. Sizinlə fəxr edirik.

Azərbaycanın gələcəyi məhz sizlərin bilik səviyyənizdən və müasir innovativ texnologiyalara yiyələnmək bacarığınızdan asılı olacaqdır. Sizin dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacağınıza inanıram".

NUH informasiya agentliyi səhifəsindən çap edilib