Dərc edilib: 03-01-2019

https://www.nuh.az/18503-.html

Razim Məmmədovun əmisi oğlu ilk ifadəsini verdi

03.01.2019 13:10:19

Hadisə

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini Xalid Məmmədovun məhkəməsi keçirilib. 


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə baxış iclası baş tutub. 

Təqsirləndirilən X.Məmmədov özünü təqsirli bilmədiyini deyib və sərbəst ifadə verib. 1992-ci il təvəllüdlü X. Məmmədov 2017-ci ildən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sədr müavini işlədiyini bildirib. Onun rəisi isə Əvəz İsmayılov olub. Məmmədov əlavə edib ki, məhəllədə daxili küçələrin, əsas yolların kənarının və məişət tullantılarının təmizləməsi ilə məşğul olublar. 

O, daha sonra ittiham olunduğu iki epizodla bağlı danışıb: “Mənim “Hyundai” markalı maşınımın ustası İlham Məlikov var idi. 2018-ci il fevral ayında mənə zəng etdi ki, dostu Elsevər tikinti işinə görə mənim yanıma gələcək. Ona dedim ki, tikinti mənim sahəm deyil, o isə məsləhət almaq istədiklərini dedi. Sonra gəldilər, danışdıq, bizim ərazidə torpaqda tikinti işləri görmək istəyirdi. Gedib əraziyə baxdım, dedim burda tikinti üçün Bakı Şəhər İcra Hakimiyyətindən icazə almalısan. Oradan da sərəncam verilməlidir, layihə təsdiqlənməlidir. 

Daha sonra heç nədən xəbərim olmadı, may ayında 97 saylı JEK-in sədri Arif Gülgəzov zəng edib dedi ki, həmin ərazidə bünövrə qazılır. Mən orda işi dayandırdım. Səhəri gün İlhamla Elsevər yanıma gəldilər. Elsevər dedi, Bakı Şəhər İcra Hakimiyyətindən sərəncam alacağam. Səhəri gün Əmlak Komitəsi və meriyadan sənədlər gətirdi. Dedim bunlar saxtadır, şübhələndim. Buna görə də tanışım Qaçayın yanına göndərdim ki, layihə çəksin və meriyada təsdiqlətsin. 

İyun ayında Fövqəladə Hallar Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin tikintiyə nəzarət üzrə vəzifəli şəxsləri əraziyə gəlmişdilər. Mən də ora getdim, meriyanın işçisindən soruşdum ki, bunların sənədləri qaydasındadırmı? Dedi bütün sənədləri düzdür, sonra da tikintiyə davam etdilər. İki ay sonra da Bakı Şəhər İcra Hakimiyyətindən Zülfəli İsmayılov gəlib tikintini dayandırdı. Mən də Arif Gülgəzovdan Elsevərin bizə verdiyi sənədlərin surətini alıb Zülfəli müəllimə verdim. Sonra da bu hadisələr baş verdi”. 
X. Məmmədov prokurorun “Sürücünüz vasitəsilə zərərçəkmiş Elsevər Rufullayevdən tikintiyə icazə üçün 50 min manat almısınız?” sualına belə cavab verib ki, E. Rufullayev ümumiyyətlə ona pul təklif etməyib və sadəcə ondan məsləhət alıb. 

Proses yanvarın 4-də davam etdiriləcək. 

İttihama görə, o, Xətai rayonunda bir sıra qanunsuz tikililərlə bağlı rüşvət almağa görə həbs edilib.

Xatırladaq ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədovun əmisi oğludur. Razim Məmmədov dekabrın 13-də prezident İlham Əliyevin sərəncamı əsasında vəzifəsindən azad olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib