Dərc edilib: 04-01-2019

https://www.nuh.az/18508-.html

Polşanın “Exo” qəzeti BSU-dan yazdı

04.01.2019 13:50:41

Hadisə

                 

           Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Beynəlxalq Humanitar Forumunun açılışında  çıxışı zamanı  milli dəyərlərimizi, maddi-mənəvi sərvətlərimizi dünyada tanıtmağın vacibliyini xüsusi vurğulamışdır. O, Azərbaycanın nailiyyət və uğurlarını dünyada təbliğ etməyin hər bir vətəndaşın borcu olduğunu qeyd etmişdir.

          Ölkə Prezidentinin göstərişlərini rəhbər tutan Bakı Slavyan Universiteti hazırda Şərqi Avropanın əksər ölkələrində və keçmiş MDB məkanında  Azərbaycan dilinin, mədəniyyətinin, elminin, təhsilinin, iqtisadi yüksəlişinin  təbliği sahəsində əvəzsiz xidmətlər göstərməkdədir. Dilimizin xarici ölkələrin ali məktəblərində BSU tərəfindən yaradılmış dil kurslarında və tədris-mədəniyyət mərkəzlərində əcnəbi tələbələrə öyrədilməsi artıq ənənəyə çevrilmişdir. Həmin mərkəzlərdə eyni zamanda Azərbaycanın nümunə olaraq dünyaya təqdim etdiyi iqtisadi və siyasi modellər, respublikamızın sürətli inkişafının və regionda aparıcı dövlət olmasının səbəbləri, perspektivləri araşdırılır, gənc alimlərin tədqiqat obyektinə çevrilir.

            Bu günlərdə BSU-nun əməkdaşları xaricdən daha xoş bir xəbər alıblar. Polşanın məşhur nəşriyyat evinin sahibi, professor Adam Marşalekin təsisçi olduğu “EXO” qəzeti  231-ci  sayında BSU, onun rektoru, professor Nurlana Əliyeva, univesitetdəki tədris prosesi və s. haqqında geniş yazı dərc etmişdir. Yazıda  BSU-nun 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Mirzə Fətəli Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitunun bazasında yaradılması və onun keçdiyi tarixi yol barədə ətraflı məlumat verilib. Müəllif hazırda universitetdə beş fakültənin və on bir mərkəzin, o cümlədən Polşa Tədris Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini bildirir. O, professor N.Əliyevanın universitetə rektor təyin edildiyi qısa müddət ərzində BSU-da ciddi dəyişikliklərin baş verdiyini, univesitetin xarici əlaqələrinin, maddi-texniki bazasının xeyli genişləndiyini bildirir.

             Yazıda həmçinin polşalı professor Yoanna Marşalekin BSU-dakı fəaliyyətinə toxunulub.  Qeyd edək ki, Yoanna Marşalek  Polşa Siyasi Sistem üzrə Departamentinin müdiri, Polyak siyasi elmlər üzrə illik kitabın baş redaktoru, Şərq tədqiqatlarının direktorudur. O, ötən il BSU-da müxtəlif mövzularda silsilə mühazirələr oxumuşdur. Bakı Slavyan Universitetinin Avropanın ən yaxşı ali təhsil ocaqları ilə müqayisə oluna biləcəyini vurğulayan A.Marşalek yazıda  Polşadan gəlmiş professor Danuta Pleçko ilə görüşlərinə də toxunub. Qəzetdə BSU-da təhsil alan gənclərin hazırladıqları ədəbi-bədii proqramlardan şəkillər və reportajlar da yer almışdır.  

            Adam Marşalek reportajında Bakıda azərbaycanlı tələbələrlə polyak dilində danışmaqdan məmnun olduğunu bildirib. Bakını dünyanın ən müasir şəhərlərindən biri kimi dəyərləndirən A.Marşalek xalqımızın tolerantlıq və multikultural dəyərlərlə tanındığını, dünyaya bir model kimi çıxdığını da vurğulamışdır. O, Avropanın özündə dini, irqi, etnik və mədəni problemlərin yaşandığı halda, Azərbaycanın hər yerində multikulturalizmin bərqərar olduğunu bildirir. Bakıda olarkən tələbələrdən bir çoxunun etnik-mədəni kimliyi ilə maraqlandığını  qeyd edən naşir yazır: “Onların arasında bir çox azlıqların nümayəndəsi var, amma görürəm ki, etnik-mədəni fərqlər tələbələr arasında, onların münasibətlərində heç bir problem yaratmır. Bu, həqiqətən dünya üçün çox yaxşı örnək sayılar biləcək bir haldır”.            

                                                       BSU-nun Mətbuat Xidməti


NUH informasiya agentliyi səhifəsindən çap edilib