Dərc edilib: 11-01-2019

https://www.nuh.az/18567-.html

“Həmin 60 min Emin Şəkinskinin yox, bacımın olub”

11.01.2019 15:38:08

Dünya

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət sərhədini qanunsuz keçmə, sənədləri saxtalaşdırmaqda və oğurluqda təqsirləndirilən Yusub Fərid Rəhim oğlunun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə baxış iclası baş tutub.

F.Yusub özünü təqsirli bilmədiyini deyib və sərbəst ifadə verməkdən imtina edib. Onun istintaqa ifadəsi elan olunub. F.Yusub müstəntiqə deyib ki, bacısı Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinski ilə 1998-ci ildə evlənib, 2008-ci ildə ayrılıb, onların ailə məsələlərinə qarışmayıb: “İttihamda qeyd edilən şəxslərlə əlaqəm olmayıb. Bacım Gülnarə isə ölkəni tərk etməsi barədə mənə heç bir məlumat verməyib. Həmin evdən apardığı 60 min manat bacımın özünün olub. O pulun Emin Şəkinskiylə heç bir əlaqəsi yoxdur. 2014-cü ildə Gülnarə Gürcüstanda olanda mənimlə əlaqə saxladı, sonra Belarusdan yanıma gəldi. Bir müddət sonra Rusiyada həbs ediləndə bildim ki, bacımın işi üzrə ittiham edilirəm. 1 il sonra Azərbaycana ekstradisiya edildim. Rusiyada evlənmişəm, 3 uşağım var".

Proses yanvarın 18-də davam etdiriləcək.

Təqsirləndirilən F. Yusub Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynıdır. 

Bundan öncə bu işlə bağlı bir neçə şəxs ittiham olunaraq onlara hökm oxunub. 

E.Şəkinskinin keçmiş həyat yoldaşı Gülnarə Şəkinskaya onun evindən 60 min manat pul oğurlamaqda ittiham olunaraq axtarışa verilib. G.Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.

Onlara bu işdə kömək edən - Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərovun məhkəməsi yekunlaşıb. 
Bakı Ağır Cinayət Məhkəməsinin hökmü ilə N.Camalov 8 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslərdən Pənah Dadaşov və Raqub İsbəndiyarova 3 il, qalanlarına isə şərti cəza verilib.

Həmin zaman cinayət işində adları hallanan G.Şəkinskaya, onun qardaşı F.Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev barəsində axtarış elan olunub. 

F.Yusubun cinayət işində zərərçəkmiş kimi general Şəkinski tanınıb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib