Dərc edilib: 24-01-2019

https://www.nuh.az/18684-.html

Deputat-jurnalist Elmira Axundovanın “razmer”i və...

24.01.2019 18:42:22

Cəmiyyət

“Yeni  Müsavat”ın  qış tətilini harada və necə  keçirəcəkləri ilə bağlı  deputatlar arasında  keçirdiyi sorğuda bir məqam diqqətimi cəlb etdi.


Deputat Elmira Axundova sorğuya cavab olaraq  bildirir ki, Türkiyə səfərinə hazırlaşır: “ İki həftə Antalyada olacağam. Dostlarımın orda evi var. Antalyada dincəlib, dəniz sahilində gəzib bir neçə məqalə yazıb geri dönəcəyəm. Mənim dörd böyük və çox vacib siyasi, bədii məqalələrim var. Onlar yığılıb qalıb, qış tətilində istəyirəm ki, böyük məqalə və oçerklər yazım. Keçən il Türkiyədə, türk dilində ”Heydər Əliyev. Şəxsiyyət və Zaman"  kitabım üç cilddə nəşr olundu”.

 

E.Axundova sonra  bildirir  ki, Azərbaycanda və Türkiyədə kitablarının təqdimatını keçirəcək: “Heydər Əliyev haqqında yazdığım kitabın təqdimatını aprelin sonları, mayın əvvəllərində mütləq keçirəcəyəm. Heydər Əliyevin ad günü ərəfəsində inşallah, təqdimat edəcəyəm. Heydər Əliyev qardaş Türkiyəni çox sevirdi. Türklər də onu sevirdilər, amma onu yaxşı tanımırdılar. Mən istərdim ki, bu kitab vasitəsilə türklər onu tanısınlar”.

Bir sözlə, deputat-yazıçı-jurnalist xanım Heydər Əliyevi Türkiyədə tanıtmağı düşünür.

Görəsən, xanım deputat Ümummilli lideri qardaş Türkiyədə necə tanıtmaq istəyir?

Axı, Elmira xanım özü deyir ki, türklər  Heydər Əliyevi sevirdi. Sonra da əlavə edir ki, türklər Heydər Əliyevi yaxşı tanımırdı.

Bu ziddiyətli  fikri görəsən, E.Axundova necə izah edə bilər ?

Bu sualları buraxaq deputatın  öhdəsinə və keçək əsas mətləbə.

Doğrudanmı, xanım Axundova nə dediyinin fərqindədirmi?

Adını unutduğum filosoflardan biri deyir ki, hər bir insan bu dünyaya öz təbii koordinatları, loru dildə desək, öz “razmer”I ilə gəlir.

Axı, Axundovanın “razmer”i  ilə Heydər Əliyevin  miqyası müqayisəyə gəlməzdir. Görəsən, Elmira xanım bunu başa düşürmü?

Heç kimə sirr  deyil ki, qonşu gürcülərdən və ermənilərdən fərqli olaraq biz  azərbaycanlılar dünyanın nəhəng ölkəsi olan keçmiş SSRİ-də o qədər də tanınmırdıq. Bunu Rusiyada olan hər bir azərbaycanlı gözəl bilir. Ötən əsrin  80-ci illərində Heydər  Əliyevin   Siyasi Büro üzvü  seçilməsi və sovet hökumətinin rəhbərlərindən biri olması  Azərbaycanın tanınmasında  çox ciddi rol oynadı. Və həmin dövrün şahidləri gözəl bilir ki, o illərdən başlayaraq  Əliyev familyası Azərbaycanın simvoluna çevrildi. Yəni Heydər Əliyev Azərbaycanı dünyanın  böyük bir hissəsində və yüz milyonlara tanıtdı. Hətta həmin dövrdə Türkiyə, Almaniya mətbuatı Siyasi Büronun yeni üzvünün kimliyi ilə bağlı xeyli yazılar dərc edib. Yəqin ki, onda Elmira xanımı heç Biləcəridən o tərəfdə tanıyan olmayıb. Bütün bunlar ortada olduğu halda görəsən xanım Axundova hansı əsasla deyir ki, Heydər Əliyevi Türkiyədə tanıdacaq.

Ona görə də, Elmira xanıma məsləhət bilirik ki, həssas və məsuliyyətli  məsələlərdən danışanda öz “razmer”ini unutmasın.

 

NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli

NUH informasiya agentliyi səhifəsindən çap edilib