Dərc edilib: 25-01-2019

https://www.nuh.az/18686-.html

Bakıda sürücülərdən qanunsuz pul yığan şirkətin adı bilindi – FOTO

25.01.2019 12:44:25

İqtisadiyyat

Onlar sürücülərə hədə-qorxu gələrək pul yığmaqla məşğul olurlar

 

Son günlər Bakı şəhərindəki parkinqlərdən qanunsuz olaraq pul yığan şəxslərin sayı kütləvi şəkildə artıb. Son vaxtlar həmin şəxslər hətta sürücülərdən zorla, hədə-qorxu yolu ilə pul tələb edirlər. Ödəniş etmədikdə isə avtomobilə zərər yetirirlər. Hətta sürücüləri qorxudaraq ünvana cərimə bildirişi göndəriləcəyini deyib 20-30 manat cərimə olunduqlarını bildirilər. Xüsusən xanım sürücülərə hədə-qorxu gələrək onlardan qanunsuz olara 2-5 manat civarında pul alırlar ki, guya pul veriləndən sonra cərimə olunmayacaq. 


Artıq bu cür şikayətlərin sayı çoxalıb. Avtosfer.az-ın Facebook, İnstaqram səhifələrinə, “votsap” nömrələrinə, elektron ünvanlarına çoxsaylı şikayətlər gəlməkdədir.

 

 

Təqdim etdiyimiz fotonu bu gün tanınmış şəxslərdən biri göndərib və bildirib ki, bu şəxs özünü “İsgəndər Asa Holding” şirkətlər qrupuna məxsus “İskəndər Asa Parkinq” MMC-nin əməkdaşı kimi təqdim edib və bildirb ki, o, Asəf Qurbanov adlı şəxsin nəzarəti altında bura təhkim olunub və pulu ödəməsə onun üçün pis olacaq. Konkret olaraq vətəndaşa hədə-qorxu gələrək bəzi yüksək vəzifəli şəxslərin adını çəkməklə, bu şirkətin guya yüksək vəzifəli şəxslərə məxsus olduğunu, ödəniş etməyən şəxsləri isə ağır cəza gözlədiyini bildirib və pul tələb edib. Hətta onu da söyləyib ki, bir neçə gün əvvəl bu parkinqdə maşın saxladığına görə ödəniş etmədən ərazini tərk edib, onun da ödənişini etməlidir.


Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin rəhbəri Vüsal Kərimli dünən keçirdiyi mətbuat konfransında bildirib ki, parkinqlərdə yığılan pulların BNA-ya heç bir aidiyyatı yoxdur.

 

 

Göründüyü kimi, bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslər parkinq yerlərindən qanunsuz olaraq pul yığırlar. Hazırda parkinqlər BNA-ın tabeliyinə tam keçmədiyi və təhvil-təslim aparıldığı üçün Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində qalır. Lakin bu şirkətin Bakı Şəhər İcra Hakimiyyəti ilə hər hansı bir əlaqəsinin olub-olmadığıda məlum deyil.
Ümid edirik ki, BNA yaranmış bu vəziyyətlə əlaqədar onların da adının xoşagəlməz məsələrdə hallanmasına qarşı addım ataraq hüquq-mühafizə orqanları qarşısında məsələ qaldıracaq və sürücülərin narhatlığına son qoyulacaq. 
Hüquq-mühafizə orqanlarına müraciət edərək xahiş edirik fotoda əksini tapan bu şirkətin fəaliyyətini yoxlasınlar və vətəndaşları günün 24 saatı soyaraq təxminən hər gün 5-8 min manat pul yığan şəslərin kimliyini müəyyən edib tədbir görsünlər.(avtosfer.az)

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib