Dərc edilib: 01-02-2019

https://www.nuh.az/18760-.html

Prezident Gənclər Gününə həsr olunan toplantıda - Fotolar

01.02.2019 15:07:32

Siyasət

Fevralın 1-də Bakıda Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib.

"Qafqazinfo"  xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva toplantıda iştirak ediblər.

Dövlət başçısı tədbirdə nitq söyləyib.

Gənclər Günü münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bu günün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini xatırlatdı, Ümummilli Liderin gənclərə həmişə böyük sevgi və qayğı ilə yanaşdığını bildirdi. Dövlət başçısı Azərbaycanda müasir gənclər siyasətinin 1994-cü ildən başladığını, həmin il Ulu Öndərin o zaman mövcud olan çətinliklərə baxmayaraq, Gənclər və İdman Nazirliyini yaratdığını və bunun da gənclər üçün imkanlar açdığını vurğuladı. Prezident ölkəmizdə gənclərlə bağlı dövlət proqramlarının qəbul olunduğunu, müxtəlif mötəbər beynəlxalq tədbirlərin keçirildiyini bildirdi, bölgələrdə Gənclər mərkəzlərinin, Olimpiya İdman komplekslərinin açıldığını qeyd etdi.

Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlət başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxundu, onların cəmiyyətin fəal üzvləri olduğunu dedi. İlham Əliyev bildirdi ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. “Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”, - deyən dövlət başçısı şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu vurğuladı və qeyd etdi ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır.

Prezident Azərbaycanın son illərdə qazandığı uğurlardan və sosial-iqtisadi inkişafdan danışdı, ölkəmizin beynəlxalq nüfuzunun artdığını vurğuladı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hüquqi, siyasi və digər cəhətlərdən mövqelərimizin möhkəmləndiyini qeyd etdi.

Çıxışının sonunda prezident  Azərbaycan gənclərinə inandığını və güvəndiyini bəyan edərək onlara uğurlar arzuladı.

 




 

NUH informasiya agentliyi səhifəsindən çap edilib