Dərc edilib: 09-02-2019

https://www.nuh.az/18844-.html

Məhkəmə sistemi tamam fəlakət vəziyyətdədir

09.02.2019 13:31:09

Mədəniyyət

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fərman imzalayıb. Mərkəzin yaradılmasında əsas məqsəd ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirməkdir.

“Qafqazinfo” mərkəzin iş prinsipləri və görüləcək işlərlə bağlı millət vəkili Fazil Mustafadan şərh alıb. Deputat bildirib ki, burada əsas məsələ qurumun obyektiv fəaliyyət göstərməsidir:

“Bu kimi qurumlara rəhbərlik edən şəxslərin çoxu işin əsas mahiyyətini dərindən anlaya bilmir, adətən məmurlar bura kiminsə adamını yerləşdirəcəkləri iş yeri kimi baxırlar. Nəticədə də prezidentin etimadını doğrulda bilməyib ləğv olunurlar. Məsələn, bundan əvvəl də Strateji Araşdırmalar Mərkəzi var idi. Onlar tədqiqatlar aparmalı, bu foksda işlər görməli idi. Görünür, öhdəliklərini düzgün yerinə yetirmədikləri üçün ləğv edildi və yeni bir qurum yarandı.

İndi bu quruma kimin rəhbər təyin olunması və hansı komandanın bu işlə məşğul olacağı əsas məsələdir. Yoxsa bura da kiminsə 2-3 il başqatma yeri olacaqsa, yenə də faydalı işlər görülməyəcək. Hazırda obyektiv informasiyanın çatdırılmasına ehtiyac var və əhalinin sosial vəziyyəti ilə bağlı müxtəlif aspektlərdən tədqiqat və araşdırmaların aparılması, ictimai rəy sorğularının keçirilməsi baxımından peşəkarlıq səviyyəsinin necə olacağı mənim üçün də maraqlıdır. Odur ki, təyinatlardan sonra bu barədə fikir söyləyə bilərəm”. 

Bir çox hallarda müəyyən qurumlardan verilən məlumatların reallığı əks etdirmədiyini deyən deputat doğru qərarların verilməsi üçün yeni informasiya mənbələrinin lazım gəldiyini vurğulayıb:

“Hər bir məmur tabe olduğu şəxsə məlumatları doğru-düzgün çatdırmalıdır. Hansısa nazir özünü xoş göstərmək üçün yalan informasiya verirsə, o, dövlətə qarşı ən böyük yarıtmaz iş görür. Xalq, sahibkarlar və bölgələrdəki vəziyyətlə bağlı doğru məlumat verilməlidir. Hazırda yüzlərlə sahibkarın problemi ortada tökülüb qalıb. Pulun ayrılması, başqa addımların atılması ilə məsələ yekunlaşmır ki. İş yerləri bağlanır, borclarından problemlər yaşayanlar var. Məmurların təzyiqi səngimək bilmir. Məhkəmə sistemi tamam fəlakət vəziyyətdədir. Ölkədə ən çox narazı qalınan məqamlar məhkəmələrdə qəbul olunmuş qərarlardır. Bunun başında duran müəyyən adamlarda doymaq deyilən bir anlayış yoxdur. 

Hər kəs vicdanı qarşısında cavabdehlik daşıyır. Təbii ki, ölkə prezidentinin əlində başqa informasiya ala biləcəyi vasitələr var. Özü məlumatlanır, qərar qəbul edir, məsuliyyətin altına girir”. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib