Dərc edilib: 21-02-2019

https://www.nuh.az/18958-.html

Doktor Cihan Özdemir Əlyazmalar İnstitutunun qonağı olub

21.02.2019 17:25:27

Mədəniyyət

Yunis İmrə İnstitutunun direktoru, doktor Cihan Özdemir Əlyazmalar İnstitutunun qonağı olub


19 fevral 2019-cu il tarixində Yunis İmrə İnstitutunun Bakı filialının direktoru, dosent-doktor Cihan Özdemir AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qonaq olub. Hörmətli qonağı Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli qəbul edib. Görüşdə qonağa son zamanlar Əlyazmalar İnstitutunda türkdilli əlyazmaların kataloqlaşması, tədqiqi və elektronlaşması sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verilib.

Qonaq da öz növbəsində Türkiyəli mətnşünas və ədəbiyyatşünas alim professor-doktor Muhsin Macitin dünyanın müxtəlif ölkələrinin kitabxana və arxiv fondlarında qorunan əlyazma nüsxələri əsasında hazırladığı Şah İsmayıl Xətai “Divan”ının tənqidi mətnini hədiyyə edib və bilddirib ki, bu kitabın hazırlanmasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan əlyazmalardan da istifadə olunub. Doktor Muhsin Macitin salamlarını çatdıran doktor Cihan Özdemir onun adından Xətai “Divan”ının bəzi Şərq ölkələrində mövcud əlyazma nüsxələrinin sürətlərinin əldə olunmasında göstərdiyi dəstəyə görə Əlyazmalar İnstitutunun rəhbərliyinə öz təşəkkürünü bildirib.

Sonra tərəflər Türkiyə Cümhuriyyətində Azərbaycan müəlliflərinin və Azərbaycanla bağlı əlyazmaların surətlərinin vahid mərkəzdən – Süleymaniyyə Kitabxanasından Bakıya, Əlyazmalar İnstitutuna gətirilməsi prespektivlərini müzakirə etmişlər.

Görüşdə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli və elmi katib filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov da iştirak etmişlər.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib