Dərc edilib: 01-03-2019

https://www.nuh.az/19027-.html

Sumqayıtın icra başçısı sahibkarları növbəti dəfə aldatdı - Müraciət

01.03.2019 14:33:13

Günün sitatı

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun “burada mənəm, Bağdadda kor xəlifə”liyi davam edir. Cənab Fərəcov “xəlifəliyinə” o qədər arxayındır ki, hətta Prezident Administrasiyasını belə saymır. Bu arxayınçılığın səbəbindən söhbət düşəndə, bir çoxları iddia edirlər ki, Fərəcovu hakimiyyətdə dəstəkləyənlər ona hətta prezident İlham Əliyevin qəzəbinə gəlməkdən qoruyacaqlarına vəd veriblər. Proses hələ ki belə də davam edir. Zakir Fərəcov, sözün həqiqi mənasında Sumqayıtda “at oynadır”. Bunu sübut edəcək fakt isə 66 sahibkarı, necə deyərlər, barmağına dolamasıdır.

Reyting.az-da bu il yanvarın 30-da sahibkarların Fərəcovdan birbaşa Prezident İlham Əliyevə şikayət etdikləri ilə bağlı xəbər verilib. Bu şikayətdə Zakir Fərəcovun Sumqayıt şəhərinə icra başçısı təyin olunandan sonra “Şərq bazarı” adlanan ərazidə 66 sahibkarın dükanlarının sökülməsi ilə başlanan narazılığın hələ də davam etməsindən bəhs olunurdu. 

Bir daha xatırladaq ki, sahibkarların dükanları 2017-ci ilin may ayında söküləndə Zakir Fərəcov həmin ilin sentyabr-oktyabr aylarında onlara yeni obyektlərinin tikilib hazır olacağı haqda zəmanət məktubu verib. 

Sumqayıtın icra başçısı sahibkarları növbəti dəfə aldatdı

Bir müddət sonra məlum olub ki, icra başçısı onları aldadıb və Zakir Fərəcov bu günə qədər sahibkarlara verilən vədinə əməl etmir. Daha doğrusu, onlara qısa bir zamanda ticarət mərkəzinin tikilib istifadəyə veriləcəyinə dair söz versə də, tikinti işlərinə heç başlanmayıb.

Qeyd edək ki, 2017-ci ilin may ayında Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov 9-cu mikrorayonda yerləşən “Şərq bazarı”nda 66 sahibkara məxsus dükanları və Rəşid Babayevə məxsus obyektlər 66 sahibkarın obyekti daxil olmaqla, mülkiyyət hüququnun toxunulmazlığına məhəl qoymadan, söküntü ilə bağlı heç bir məhkəmə sənədi olmadan qanunsuz sökdürüb.

O vaxtdan bəri sahibkarlar dəfələrlə Prezident Administrasiyasına, Sumqayıt şəhər İcra Hakimiyyətinə şikayətə gediblər, Prezident İlham Əliyevə, ədliyyə nazirinə, digər dövlət orqanlarının rəhbərlərinə minlərlə şikayət məktubu yazıblar, teleqram göndəriblər.

Sumqayıtın icra başçısı sahibkarları növbəti dəfə aldatdı

Sahibkarların verdiyi məlumata görə, Zakir Fərəcov təkcə onları yox, həm də Prezident Administrasiyasında onları qəbul edən vəzifəli şəxsləri də aldatmaqla məşğuldur. Bu səbəbdən indi sahibkarlar birbaşa Prezident İlham Əliyevə müraciət ediblər. Onlar dövlət başçısına Zakir Fərəcovun onları aldatdıqlarını, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verdiyi vədə əməl etmədiyini yazıblar.

Bu xəbər yayılandan bir neçə gün sonra 66 sahibkar icra hakimiyyətinə dəvət olunub, Zakir Fərəcov onların şikayətlərini bir daha dinləyəndən sonra problemin tezliklə həll ediləcəyinə bir daha söz verib. Ancaq sən demə, bu da icra başçısının aranı sakitləşdirmək üçün sahibkarlara dediyi növbəti yalan imiş. Budur, üstündən bir aya yaxın keçir və məlum olur ki, cənab Fərəcov vədini onlar icra hakimiyyətinin binasını tərk etməmiş “unudub”. Unudubmu? Təbii ki, yox, sadəcə sahibkarların ondan dəfələrlə şikayət etməsinin, belə demək mümkünsə, qisasını alır. 

Reyting.az-la əlaqə saxlayan sahibkarların dediyinə görə, növbəti dəfə Prezident İlham Əliyevə müraciət etməklə onun etimad göstərdiyi Fərəcovun yalançı olduğunu sübut edəcəklər. Bunun üçün kifayət qədər sübutları olan sahibklarlar hətta Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyi də istisna etmirlər. Onların fikrincə, Prezident İlham Əliyevin son zamanlar əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı atdığı addımlar nə qədər alqışlanmalıdırsa, Zakir Fərəcov kimi bir kadrın Sumqayıtda icra başçısı olması bir o qədər xoşagəlməz faktdır. 

Sonda onu da qeyd edək ki, 66 sahibkarın tələbləri qətiyyən səbəbsiz və hətta sübutsuz deyil. Məsələn, 2017-ci il mayın 17-də imzalanan 554 saylı sərəncama əsasən onlara yeni obyektin tikilib veriləcəyinə dair zəmanət məktubu təqdim olunub.

Sumqayıtın icra başçısı sahibkarları növbəti dəfə aldatdı

İcra hakimiyyəti başçısının müavini Sahib Quliyevin imzaladığı zəmanət məktubunda isə bunlar qeyd edilib: “Sumqayıt şəhərinin baş planına, memarlıq və şəhərsalma prinsiplərinə riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafının təmin edilməsi məqsədilə şəhərdə aparılan bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq 9-cu mikrorayon ərazisində yerləşən müasir memarlıq tələblərinə cavab verəcək yeni Ticarət Mərkəzinin tikintisi layihələndirilir.

İnşa olunacaq yeni Ticarət Mərkəzində hazırda mülkiyyətinizdə olan 9 kvadrat metr ticarət sahəsinin əvəzinə sizin mülkiyyətinizə 18 kvadrat metr təmirsiz ticarət mərkəzi veriləcəkdir”.

Belə getsə, 2019-cu ilin may ayı da olacaq, ancaq 66 sahibkar elə yollarda qalacaqlar... şikayətlərini dinləyib problemlərini həll edəcək kimsəni tapacaqlarmı? Zakir Fərəcov bu dəfə onları qəbul etsə, nə vəd verəcək?

Reyting.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib