Dərc edilib: 13-03-2019

https://www.nuh.az/19137-.html

Birinci vitse-prezident Fransada daha bir nazirlə görüşdü

13.03.2019 12:45:01

Dünya

Martın 12-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşü olub.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı nazir Mehriban Əliyevanın Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində mühüm rolu olduğunu bildirib.

Birlikdə işləməyə hazır olduqlarını qeyd edən nazir Brüno Lömer qeyd edib ki, Fransa yeni texnologiyalar sahəsində ölkəmizə töhfələr verə bilər. “Total”ın Azərbaycanda fəal rol oynadığını bildirən fransalı nazir nəqliyyat, kənd təsərrüfatı sahələrində də təcrübələrini bölüşə biləcəklərini deyib.

Azərbaycanın Birinci vitse-prezidenti ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa böyük önəm verildiyini bildirib və bunun üçün yaxşı zəmin olduğunu vurğulayıb. M.Əliyeva Fransa və Azərbaycan arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, ancaq mövcud iqtisadi əməkdaşlığın real potensiala cavab vermədiyini vurğulayıb.

Əliyeva Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının rolunun əhəmiyyətinə toxunaraq, cari ildə bu komissiyanın növbəti iclasının keçirilməsinin vacibliyini qeyd edib. O, Brüno Lömerin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığa böyük töhfə verəcəyinə ümidvar olduğunu söyləyib.

Fransalı nazir təklifi yüksək qiymətləndirərək, mayda Avropada seçkilərdən sonra ölkəmizə səfərə gəlməyə imkanı olacağını deyib. O vurğulayıb ki, Fransa ilə əlaqələr həm də ölkəmizin Avropa İttifaqı ilə yaxınlaşmasına böyük töhfə verə və Azərbaycanın Avropa İttifaqına inteqrasiyası üçün pəncərə rolunu oynaya bilər.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib