Dərc edilib: 27-03-2019

https://www.nuh.az/19242-.html

“Tetrasklin” satandan xilaskar olmur…

27.03.2019 11:15:36

Günün sitatı

Novruz Bayramı ilə bağlı Prezident İlham Əliyev tərəfindən əfv edilən keçmiş səhiyyə naziri Əli İnsanov demək olar günün “gündəm”idir.

Nə var ki, həbsdən çıxdığı gün bir qədər acıqlı danışıb, daha doğrusu, nəsə deyib. Bu açıqlama da dönüb olub “böyük” siyasi şou… Guya ki, Əli İnsanov bununla siyasi mesaj verib ki, “gəlir”…

İnsanovun bu formatda, iddialı danışıq tonu köhnə mətbuata tanışdı. Tədbirlərdə jurnalistləri adam hesab etməyən, təhqir edən, az qala üzünə tüpürən İnsanov indi dönüb olub mətbuatın mələyi. Az qalıb ki, bəziləri onu “Azərbaycanın xilaskarı” elan edə…

Açığı bu günə kimi mətbuatın nədən konfet düzəltdiyinin şahidiyik və indi də eyni ssenari Əli İnsanov üçün hazırlanır. İnsanovdan o qədər doğru -yalnış yazacaqlar ki, olacaq əsl siyası xadim. Bu da tanış ssenaridir. Bəzilərinin, eləcə də müxalifətin “heç kimdən” “heç kim” qayırmasının hamımız şahidiyik. Bir iki müsahibə, yalan-doğru siyasi hay-küy vəssalam, oldu siyası xadim.

Oxudum ki, guya İnsanov iyun ayına kimi siyasi partiya və ya hərəkat yaradacaq. Guya görüşlərə başlayıb, filankəslərlə görüşüb, nəyisə müzakirə edib.

Əcəba, Əli İnsanovu dəstəkləyənlər doğrudanmı inanırlar ki, gələcək ONUNladır? Əli İnsanov bizə nə verib? Bundan sonra da nə verəcək? İnsanovun zamanında səhiyyə sistemindəki dilənçiliyi nə tez unutduq. Deyir Azərbaycan uçurumun dibindədir. Hardadır o uçurum? Əgər uçurum varsa, milləti o uçurumdan İnsanovmu çıxaracaq…? Cəfəng siyası gediş, məntiqsiz siyası addımlar və insanovsayağı boş cəfəgiyyat. Vəssalam, başqa heç nə də olmayacaq.

Daha bir incə məqam… Əcəba, Əli İnsanov prezidentmi olmaq istəyir, yoxsa 14 ilin ağrısını çıxartmağa çalışır? Nazir kreslosundan həbsxanaya gedib 14 il həbs həyatı yaşayan adamda ancaq onu həbs edənlərdən açıq çıxmaq arzusu ola bilər. Bu arzu ilə xalqı sevmək, xilas etmək arzusu arasında böyük fərq var.

Ola bilsin ki, bu günkü bəzi redaktorlar və ya yeni nəsil jurnalistlər İnsanovu tanımasın, onu məzlum, xilaskar, cəfakeş hesab etsin. Unutmayın, o, sadəcə həmin Əli İnsanovdur. Səhiyyə sisteminin anasını ağladan, korrupsioner, bir kasıba, məzluma, xəstəyə yardım etməyən, onu saymayan bir İnsanov… Onun zamanında xəstəxanalarda xəstələrə adi “tetrasklin”(qarnağrı) dərmanını pulla satırdılar. İndi deyir mən xilaskaram….

Mənim bir təklifim var. Mətbuat onunla bağlı xəbərlərə veto qoysun. Heç bir xəbərini tirajlamayaq.

Bununla da hansı daşın altında hansı ilanların yatdığı bəlli olsun. Həm də özü desin, özü də eşitsin.

Ehtimal ki, İnsanov məlum siyası gedişləri etməklə müxalif düşüncəli insanları ətrafına toplamağa cəhdlər edir.

Bu cəhdlərin fonunda müəyyən xarici qüvvənin dəstəyini də almağa çalışır. Bəllidir ki, müəyyən qüvvələr Azərbaycandakı sabitliyi pozmaq, öz siyasi fiqurunu yaratmaq üçün illərdir çabalayır.

Tükənən və inamsız müxalifətdən fərqli bir qüvvənin ortaya çıxması həmin qüvvələrin işinə də yaramış ola bilər. Bu konteksdə müəyyən məqamlarda İnsanov faktorundan bəlkə də yararlanmaq kimlərinsə işinə yarayar…

Amma hərçənd ki, o qüvvələr də kimə dəstək verməyin doğru olduğunu yaxşı bilir.

Odur ki, “İnsanov və xalq” birliyini kənara qoyun. Bu heç zaman baş verməyəcək. “İnsanov hərəkatı” Azərbaycanda ancaq vətəndaş qırğınına gətirib çıxara bilər. Bu isə heç bir azərbaycanlıya xeyir gətirməz.

Əslində İnsanov özü də əla anlayır ki, xalq onu dəstəkləməyəcək. Heç kim ona inanmayacaq və onu lider kimi qəbul etməyəcək. Sadəcə o indiki hakimiyyətdən 14 ilin ağrısını, acığını çıxarmağa çalışır. Məncə o həkim olaraq yaxşı bilir qarın ağrısını necə sağaltmaq olar. Yəqin ki,  Əli İnsanovun “siyası şou”su qısa vaxtlarda bitəcək. Çünki, indi ” şou”nun deyil, ciddi siyasi, iqtisadı islahatların dövrüdür. “Ağ inqilab” gələcək vəd edir, Əli İnsanov isə vətəndaş müharibəsi… Xalq isə birincini seçir… İnsanlar yaşamaq istəyir, Əli İnsanov.

 

Ədil Hüseynli

Bizimxeber.Az

NUH informasiya agentliyi səhifəsindən çap edilib