Dərc edilib: 15-04-2019

https://www.nuh.az/19404-.html

Gürcülərin “Qanlı bazar günü” 30 il sonra FOTO

15.04.2019 12:13:39

Dünya

1989-cu il aprelin 9-u müasir Gürcüstan tarixinin ən faciəli günlərindən biridir. 30 il əvvəl bu gün Tbilisinin mərkəzindəki etiraz aksiyası sovet qoşunu tərəfindən dağıdılıb.
Mitinqlər Abxaziyanın Gürcüstan SSR-in tərkibindən çıxmaq tələbindən sonra başlamışdı. Az sonra isə nümayişçilər Gürcüstanın müstəqilliyi barədə şüarlar səsləndirmişdilər.
Aksiya iştirakçılarına qarşı hücum aprelin 9-da səhər saat 4-də başlayıb. Onları meydanlardan qovmaq üçün dəyənəklərdən, hərbi kürəklərdən və zəhərli maddələrdən istifadə edilib.
Əməliyyat zamanı 3-ü yeniyetmə və çoxu qadın olmaqla, 20 nəfər həlak olub. 200-dən çox şəxs xəstəxanaya yerləşdirilib, sonrakı günlərdə minlərlə insana tibbi yardım göstərmək lazım gəlib.
Həmin hadisələrin daha bir qurbanı Giya Karseladze olub - onu komendant saatı tətbiq ediləndən sonra öldürüblər.
Şəhərdə komendant saatı elan edilsə də, sovet əsgərlərinin zorakılığı Gürcüstana müstəqillik tələb edənlərin əzmini artırıb və onları birləşdirib.
"9 aprel səhəri Sovet İttifaqı Gürcüstan üçün artıq mövcud deyildi. Düzdür, dövlət qurumları fəaliyyətini davam etdirirdi - Mərkəzi Komitə, hökumət, güc struktuları. Amma SSRİ artıq yox idi, heç kim yuxarının qərar və göstəricilərinə əməl etmirdi" - o dönəmdə Gürcüstan SSR-in səhiyyə naziri olmuş, hazırda Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsində çalışan İrakli Menaqarişvili belə deyir.
9 aprel 1991-ci ildə - Tbilisidəki o faciəli hadisədən iki il sonra Gürcüstan öz müstəqilliyinin bərpası haqqında akt qəbul edib. 9 aprel respublikada həm də həlak olanları anma və milli birlik günü kimi qeyd edilir.
Gürcüstanda "qanlı bazar günü" adlandırılan hadisənin iştirakçıları o gecəni belə xatırlayırlar.
Lali Kançaveli, həmin gün həlak olmuş 15 yaşlı Eka Bejanişvilinin anası:
Eka mitinqlərə gedirdi. Mən ona mane olmurdum, çünki hamı gedirdi, qorxulu bir şey yox idi. Həmin gün atası onu fizika müəlliminin yanına aparmışdı.
Qızım oradan çıxıb Rustaveli prospektinə gedib. Baxdıq ki, gəlib çıxmır, axşam 8-də onu axtarmağa getdik.
Mən Ekanı tapanda mitinqdə patriarx çıxış edirdi. Qızım dedi ki, bu çıxışa qulaq asaq, gedərik. Amma sonra biz çıxmağa imkan tapmadıq.
Patriarx mitinq iştirakçılarını Kaşveti kilsəsinə getməyə səslədi, amma aksiyanın təşkilatçıları bununla razılaşmadılar.
Gürcüstan patriarxı II İliya qoşunun müdaxiləsindən bir qədər əvvəl mitinqçilərə müraciət edərək qarşıdakı təhlükə barədə xəbərdarlıq edib. Bir neçə dəqiqə sonra hücum ola biləcəyini deyərək onlara Kaşveti kilsəsinə tərəf getməyi təklif edib. Ancaq aksiya iştirakçıları prospekti tərk etməyiblər - BBC-nin qeydi.
Qızımın əlindən tutduğumu yuxu kimi xatırlayıram. Həyat yoldaşım Ekanı meydanın başqa bir tərəfində axtarmağa getmişdi. Basabas düşəndə insan axını onu Kaşveti kilsəsinı tərəf sıxışdırmışdı.
Patriarxın çıxışı bitən kimi qoşun meydana girdi, sonra baş verənlər yadımda deyil. Huşumu itirmişdim - yəqin ki, başıma dəyən zərbəyə görə. Qızım məni qoyub qaçmayıb, məndən sonra onu da vurublar.
O vaxt saçımı açıq rəngə boyamışdım. Mənə sonradan danışdılar ki, polislərdən biri o birinə belə deyib: "Sarısaç qadının qara-qıvrım saçlı qızını öldürdülər".
Yaxınlarım 4 gün məni axtarıblar. Tanınmaz hala düşmüşdüm - üz-gözüm şişmiş, bir neçə dişim düşmüşdü, 80 yaşlı qarıya oxşayırdım. Özümə gələndə şüurum tam açılmamışdı, heç beşə qədər də saya bilmirdim. Qolum qırılmışdı, ayağımı tərpədə bilmirdim...
Əvvəlcə məni "Aramyants"da (Tbilisidə xəstəxana - BBC) müalicə edirdilər, sonra nevroloji xəstəxanaya köçürdülər. Qızımı həmin gün dəfn ediblərmiş...
Həlak olanların dəfnində minlərlə insan iştirak edib
Kürəyimin arxasında zərbə izləri qalıb. Zəhərli maddələrdən istifadə olunduğunu biz sonradan öyrəndik. Ərimin iş yoldaşlarının yardımı sayəsində məni Almaniyaya apardılar.
Qanımı təmizlədilər, amma ayağımı özüm sərbəst gəzə biləcəyim səviyyədə müalicə edə bilmədilər. Dedilər ki, biz həkimik, allah deyilik. Bu gün mən heç 10 metr də tək gedə bilmirəm, ayağım uyuşur və yıxılıram. Evdə stula tutunub gəzirəm.
Anatoli Sobçakın rəhbərlik etdiyi Xalq Deputatları Komissiyası hücum zamanı güclü gözyaşartma, gözlərdə kəskin ağrı, boğazda yanğı və dəridə tuluqlanma yaratmaq xüsusiyyətlərinə malik xlorasetofenon və Si-Es (xlorbenzalmalonodinitril) maddələrinin tətbiqini "mübahisəsiz qəbul edilən" fakt adlandırıb.
Araşdırma zamanı boğuculuq xüsusiyyəti olan xlorpikrinmaddəsi də aşkar edilib, ancaq komissiya onun mənşəyini izah edə bilməyib. Yekun rəydə qeyd edilib ki, mitinq iştirakçılarındakı intoksikasiya mənzərəsi "kütləviliklə, orta ağırlıqlı zəhərlənmələrin çoxluğuyla və "neyrotrop" təsirli əlamətlərdə üzə çıxan klinik xüsusiyyət daşıyan güclü zəhərlənmələrlə"xarakterizə edilib.
Qızımın dəfnində iştirak etməmişəm. Heç xəbərim də olmayıb. Ekanın 40-ı günü də mən xəstəxanadaydım. Özümə gəlməyə başlayanda onu soruşdum, gah kənddə, gah da qohumlarımızgildə olduğunu dedilər. Heç kim qızımın öldüyünü deməyə cəsarət etmirdi. Yalnız anam onun şəklini götürüb yanıma gələndə nə baş verdiyini təxmin etməyə başladım. 9 aprel yaddaşımda ancaq 6 ay sonra bərpa olumağa başladı...
Ekanın əsas kəllə sümüyü qırılıbmış. Qolları da... Bunu sonradan öyrəndim, qohumların pıçıltıyla bir-birilərinə dediklərini hissə-hissə birləşdirərək. Qızımın üzünə zəhərli maddə çiləyiblərmiş - saçlarının rəngi dəyişibmiş, sifəti şişibmiş... Tanımaq olmurmuş, yaşlı qadına bənzəyitmiş.
Onun gündəliyi vardı, ora yazmışdı ki, insan özündən sonra bir iz qoymadan necə ölə bilər. Bilmirəm, Ekanın qoyub getdiyi izdə nə görünür, amma qızımdan sonra biz çox bədbəxtliklər yaşadıq.
Sizə tez-tez düşündüyüm bir şeyi deyim, sadəcə öz qızıma aiddir - əgər Gürcüstanın xoşbəxtliyi üçün qurban lazımıydısa, qoy, bu qurban Eka olsun. Amma allah məni o dünyaya elə aparmasın ki, vətəninin xoşbəxt olması xəbərini qızıma apara bilməyim.
Mimoza Parciani, Tbilisi təcili yardım mərkəzinin baş həkimi
40 təcili yardım briqadası fasiləsiz olaraq mitin meydanına yollanırdı. Bir-birimizi əvəz edirdik, boşluq yaranmasına imkan vermirdik. O günlərdə ancaq təcili çağırışlara gedirdik, çünki bütün diqqətimizi meydana cəmləmişdik, sanki hamımız nəsə pis bir şey olacağını hiss etmişdik. Təəssüf ki, o pis şey baş verdi.
Bu, zorakılıq və ədalətsizlik nümayişiydi, azadlıq arzusunun boğulmasıydı. Əsgərlər kürəklərlə, zəhərli maddələrlə silahlanmışdılar. İnsanlar yıxılır, onlar yıxılanları ayaqlayaraq başqalarının üstünə gedirdilər...
Hücum başlayan kimi biz meydana aşağıdan, Kaşveti kilsəsi tərəfdən yaxınlaşdıq. Mən ordan mümkün qədər çox insan çıxarıb xilas etməyə çalışırdım.
O gün orada zərər çəkməyən insan yox idi. Əvvəla, kütləvi isteriya və qorxu; ikincisi, intoksikasiya, qazdan zəhərlənmə, gözyaşarma - insanlar görə bilmirdilər, öskürürdülər, kimisinin başı, kimisinin kürəyi yaralanmışdı. Orada hamı yaralanmışdı, o cümlədən, təcili yardım həkimləri də. Şəxsən mənim gözlərimin ağrısı hələ də keçməyib.
Tbilisi küçələrindəki nümayişlər dağıdılandan sonra şəhərdə komendant saatı tətbiq olunub
Əsgərlər bizə də zor tətbiq edirdilər. Mən daha çox insan götürə bilmək üçün təcili yardım maşınını bütün qapılarını açanda əsgərlərdən biri kürəklə üstümə şığıdı. Düzdür, vurmadı, amma bu hərəkətiylə mənə mane olmağa çalışdı. Biz, əlbətt ki, o insanları xəstəxanaya çatdırdıq.
Sonra mən geri qayıtdım, bəlkə ağacların, kolların arasında qalan yaralılar var deyə.
Yadımda qalan ən dəhşətli şey Rustaveli prospektinin 9 aprel səhərindəki görüntüsüydü - orda-burda toplaşıb söhbət edən məmnun və xoşbəxt əsgərlər, bir də dəhşətli sükut. Ancaq küləyin səsi eşidilirdi.
Hər tərəfdə zibil yığınları, ayaqqabılar və mitinqçilərin istifadə etdiyi döşəklər... Bir gün əvvəl Rustavelidə şənlik vardı, mahnılar oxunurdu, indi isə qarşımda məhv edilmiş prospekt görürdüm. Üstündən illər keçib, amma mən o dəhşətli mənzərəni unuda bilmirəm.
İrma İnaridze, ictimai fəal, Qadın təşəbbüslərinə dəstək qrupu
Aprelin 7-də mitinqdən yorğun gəlib yatmışdım, sabahı gün tankların səsinə oyandım. Onlar artıq şəhərə girmişdilər. Evdən necə çıxıb prospektə qaçdığımı heç xatırlamıram.
Komissiyanın hesabatına görə, aprelin 8-də 3 vertolyot eskadrilyası aşağı məsafədən şəhərin üzərindən uçub, Tbilisinin küçələrindən və mitinqçilərin yanından silahlı əsgərlərin müşayət etdiyi döyüş texnikası keçib və bu, provokativ hərəkət xarakteri daşıyıb - BBC-nin qeydi.
Biz, adətən, Akakiya Tsereteli və İlya Çavçavadzeyə qoyulmuş heykəlin qarşısında görüşürdük. Həmin gün bütün dostlarım ordaydı, hamısı şəhərə tankların və cəza dəstələrinin girməsindən narahat idi.
Həmin gün biz qərara gəldik ki, orda duraq və birlikdən başqa gücümüzün olmadığını nümayiş etdirək. Biz daha çox müstəqillik tələb etməliydik ki, daha çox azadlığımız olsun.
 
O vaxt o azalıqda bizim üçün hər şey vardı: həm ideoloji, həm mental, həm də seksual azadlığımız. Biz gənclər, sovet uçurumundan xilas olmaq istəyirdik. Bunların hamısı bir yerdə idi və ona görə də milli-azadlıq hərəkatı adlanırdı.
Bilirdik ki, mitinqi dağıda bilərlər. Amma bu şəkildə olacağını gözləmirdim.
Mən Hökumət Evinin pilləkənlərində oturmuşdum. O vaxt orda heykəllər və kollar vardı. Oğlanlar arxada durmuşdular ki, pilləkənlərdə oturanları kolluğa çəkib güllələməsinlər...
Yadımdadır ki, kimsə mahnı oxuyub oynamağa başladı, əsgərlərin qalxanlara vurduqları dəyənəklərin səslərini xatırlayıram, tankları da.
Arxamda duran oğlanın qışqırıb dediyi sözlər də yadımdadır: "Siz neyləyirsiz? Axı, burda qadınlar və balaca qızlar var!"
Mən pilləkəndən qalxanda addım atmağa yer yoxuydu. Kütləni basabas hərəkətə gətirdi, mən yıxıldım. Sonra mənim üstümə yıxılanlar oldu. Boğulurdum.
 
Hökumət evi. Nümayişçilər bu binanın qarşısına toplanmışdılar.
Rəfiqəm məni dəhşətli dərəcədə nazik səslə çağırırdı, sonra o, saçımdan tutub dartdı, mən ayıldım. Birlikdə sürünməyə başladıq və bir çuxura düşdük. Yuxarı hissəsi qırılmış budaq sərt bir şəkildə qarnıma dirəndi, amma mənim tərpənmək imkanım yox idi. Həm də elə haldaydım ki, ağrı hiss etmirdim.
Sonra bizi Gürcüstan polisləri gördülər və çuxurdan çıxarıb sözün hərfi mənasında yan küçəyə atdılar. Tanış oğlanlardan biri məni nənəmgildə apardı.
Səhər nənəmlə xəstəxanaya getdik, meydanda ölənlər olduğunu mən ancaq orda öyrəndim. Hiss etdim ki, nəsə dəhşətli bir şey baş verib, çünki ağ-qara rəngli çərçivədə çoxlu insan görür, onların qışqırıq səslərini eşidirdim. Bütün bədənim göm-göy idi, gözlərim qızarmışdı...
Sovet İttifaqı 9 apreldən etibarən dağılmağa başladı. Bununla bağlı beynimdə belə bir metafora var - qarşımızdakı maneə çoxsaylı kərpic qatları olan Çin səddidir və biz kərpicləri bir-bir o divardan söküb çıxarmalıyıq.
Bu divarı mümkün həddə qədər naziltmək bizim borcumuzdur. Proses 9 apreldə başlayıb və bu gün də davam edir. Bu, çox uzun bir prosesdir...
Mənbə: BBC

NUH informasiya agentliyi səhifəsindən çap edilib