Dərc edilib: 05-05-2019

https://www.nuh.az/19579-.html

Rusiyada Böyük Vətən müharibəsində Azərbaycanın rolu mövzusunda tədbir keçirilib - FOTO

05.05.2019 17:18:15

Hadisə

Rusiyanın Kansk şəhərində "Böyük Vətən müharibəsində Azərbaycanın rolu" mövzusunda tədbir keçirilib.


"Report" xəbər verir ki, Kansk şəhərinin Diyarşünaslıq Muzeyinin elmi işçisi, Rusiyada yaşayan azərbaycanlı Əfsanə Cavidin təşkilatçılığı ilə keçirilən tədbirdə məqsəd yerli sakinləri azərbaycanlıların, Bakı neftinin Böyük Vətən Müharibəsindəki rolu barədə məlumatlandırmaq olub.

Ziyalıların, media təmsilçilərinin, yazıçıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general mayor Həzi Aslanov haqqında sənədli film nümayiş etdirilib. Təşkilatçı və aparıcı Əfsanə Cavid çıxış edərək müharibə zamanı şücaətləri ilə fərqlənmiş Sovet İttifaqı qəhrəmanları - İsrafil Məmmədov, Qafur Məmmədov, Baloglan Abbasov, Ziya Bünyadov və digər azərbaycanlı qəhrəmanlardan, onların keçdiyi döyüş yolundan söhbət açıb. Bununla yanaşı, azərbaycanlı döyüşçülərin partizan hərəkatındakı rolundan bəhs edib. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin, Əhmədiyyə Cəbrayılovun habelə digər azərbaycanlıların faşizmə qarşı mübarizənin ön cəbhəsində olduğunu qeyd edən Ə.Cavid sonda diqqəti SSRİ rəhbərliyinin Azərbaycana, paytaxt Bakıya qarşı haqsızlıqlarına yönəldib.

Azərbaycan xalqının ön cəbhə ilə yanaşı, arxa cəbhədə də fədakarlıq göstərdiyini, həmvətənlərimizin orduya maddi kömək etdiyini, 1941-1945-ci illərdə əhalinin orduya yardım məqsədilə 15 kq qızıl, 925 kq gümüş topladığını, cəbhəyə xeyli sayda ərzaq göndərdiyini vurğulayan natiq Bakıya "Qəhrəman şəhər" statusunun verilməməsini tarixi ədalətsizlik adlandırıb.

Nasist Almaniyasının lideri Adolf Hitlerin Bakı planından bəhs edən çıxışçı qeyd edib ki, Böyük Vətən Müharibəsi illərində sovet tankları məhz Bakı nefti ilə döyüşlərə atılırdı.

Tədbirdə çıxış edən yerli jurnalistlər, yazıçılar Azərbaycan xalqının faşizm üzərində qələbəyə mühüm töhfə verdiyini qeyd ediblər.

Qeyd edək ki, bu, Kansk şəhərində bu qəbildən keçirilən ilk tədbir olub. Kanskda indiyə qədər bu mövzuda tədbir keçirilməyib. Yaxın günlərdə Böyük Vətən Müharibəsi mövzusunda digər tədbirlərin də keçirilməsi planlaşdırılır. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib