Dərc edilib: 09-05-2019

https://www.nuh.az/19616-.html

Mingəçevir Turizm Kollecində tədbir keçirilib

09.05.2019 17:29:52

Maraqlı

II dünya savaşının başa çatmasının 74-cü ildönümünə həsr olunmuş elmi-nəzəri konfrans


Mingəçevirin ən böyük təhsil müəssisələrindən biri olan Turizm Kollecində faşizm üzərində qələbənin 74-cü ildönümü silsilə tədbirlərlə qeyd olunub. Öncə bayram tədbiri iştirakçıları II dünya savaşındakı tarixi qələbəyə həsr olunmuş rəsm sərgisinə baxış keçirib, tələbələrin əl işlərindən ibarət tablolarla tanış olublar. Ardınca ayrı-ayrı ixtisas qrupları tərəfindən hazırlanmış divar qəzetlərinin xüsusi buraxılışları sərgilənib. Daha sonra tədbir iştirakçıları “Azərbaycan II dünya müharibəsi illərində” adlı elmi-nəzəri konfransda bir araya gələrək fəal müzakirələrə başlayıb.

Kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov konfransı giriş sözü ilə açaraq bildirib ki, İkinci Dünya müharibəsi bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövrü olmuşdur: “Faşizm üzərində qazanılan tarixi Qələbə asan başa gəlməmiş, hərbi əməliyyatların başlandığı ilk gündən bütün Sovet xalqları ilə birlikdə cəbhəyə yola düşmüş həmvətənlərimizin rəşadəti və hünəri bahasına qazanılmışdır. Müharibədə iştirak edən yüz minlərlə oğul və qızlarımızın təxminən yarısı döyüşlərdə həlak olmuşdur. Onlardan 130-u Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, yüz mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif olunub. II Dünya müharibəsi bir daha təsdiq etdi ki, Azərbaycan xalqı ən ağır sınaqlardan üzüağ çıxmağa, misilsiz şücaət və rəşadət göstərməyə tam qadirdir”.
Natiq onu da diqqətə çatdırıb ki, II Dünya savaşında Qələbənin qazanılmasında azərbaycanlı çağırışçılardan və könüllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar böyük qəhrəmanlıq nümunələri göstəriblər: “Özəlliklə Azərbaycanlılardan ibarət Taqanroq dviziyası müharibə boyu rəşadət göstərərək Berlinə ilk daxil olanlar, hətta Reyxstaq üzərinə ilk qələbə bayrağını sancanlar arasında yer alıb. Hətta bir çox azərbaycanlılar Avropa xalqlarının azadlıq savaşına qoşularaq qəhrəmanlıqlar göstərib. Bununla da dünya və bəşər övladı üçün böyük təhlükə və təhdid mənbəyi olan faşizmın kökü qazılıb. Məhz buna görə bu qələbə xalqımız üçün böyük önəm daşıyır”. 

Əyyub Əyyubov onu da qeyd edib ki, sağ qalan müharibə veteranları, eləcə də dünyasını dəyişmiş müharibə iştirakçılarının doğmaları müstəqil Azərbaycan  dövləti tərəfindən daim diqqət və qayğıyla əhatə olunub. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyəti dönəmindən başlayan bu ənənə, hazırda prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İkinci dünya savaşından bəhs edən video-çarxa baxış keçirildikdən sonra konfransda digər məruzələr dinlənilib. Kollecin müəllimləri Ağa Alıyev, Samir Tağızadə və Ayşən Qasımlı müvafiq olaraq “Qələbənin qazanılmasında Bakı neftinin rolu”, “Azərbycan II dünya müharibəsi illərində” və “İki dəfə Sovet İttifaqı Qəhrəmanı  olmuş həmyerlimiz” mövzularında məruzələrlə çıxış ediblər. Çıxışlarda müharibənin siyasi, sosial, iqtisadi ağırlığı, itkilər, xalqımızın fədakarlığı və ön cəbhədəki qəhrəmanlığı haqqında ətraflı söhbət açılıb.

Konfrans tələbə özfəaliyyət   qrupu tərəfindən təqdim olunan ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.

Konfransa yekun vuran professor Əyyub Əyyubov belə bir möhtəşəm qələbənin tezliklə xalqımız tərəfindən Qarabağda yaşanacığına əminliyini ifadə edib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib