Dərc edilib: 14-05-2019

https://www.nuh.az/19653-.html

“Cahangir Hacıyevlə “Bakı gecələri”ndə tanış oldum”

14.05.2019 18:37:53

Dünya

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev, yaxın dostu, sabiq deputat Dünyamin Xəlilov və digər şəxslərin məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin icraatında olan prosesdə C.Hacıyevin vəkilləri vəsatət verərək Maliyyə naziri Samir Şərifovun, onun müavini Azər Bayramovun, Mərkəzi Bankın sədri Elman Rüstəmov və V.Hacıyevin yaxın adamı, bir çox yüz milyonluq layihələrin rəhbəri olan Xəqani Bəşirovun məhkəmədə dindirilməsini istəyiblər. C.Hacıyev də çıxış edərək bu şəxslərin məhkəmədə ifadə verməsinin zəruri olduğunu bildirib. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Qazaxıstanda neft yatağına sahib olan Emin Sadiq məhkəmədə şahid kimi ifadə verib və C.Hacıyevlə necə tanış olduqlarını danışıb: “Londonda “Bakı gecələri” yığıncağında bizi Fuad Abdullayev tanış etdi. Sonra Moskvadakı filialın ildönümü ilə bağlı keçirilən tədbirdə görüşdük. İşbirliyimiz olandan sonra Bakıda da layihəmizlə bağlı görüşlərimiz olurdu.

Qazaxıstanda neft ixracı ilə məşğul olurdum, tanışım Fuad Abdullayev vasitəsilə Beynəlxalq Bank bizə kredit ayırmışdı. 2011-ci ildə bu işlə bağlı yaxşı bir iş təklifi aldıq, bununla bağlı Beynəlxalq Bankla danışıqlara başladıq. Neft ixracı ilə bağlı şirkət yaratdıq, səhmlərin 60 faizi bankın oldu, amma bankın rəhbərliyinə yaxın şəxs olan Həsən Hətəmovun adına rəsmiləşdi. Bank bu layihə üçün 62 milyon dollar pul ayırdı. Neft yataqları olan əraziləri alıb quyular qazmağa başladıq. 2014-cü ildə bankda maliyyə problemləri yarandığı üçün bizə kömək edə bilmədilər. Xəzər dənizinin dalğaları da quyularımızı yudu. Biz də dünya bazarında maliyyə üçün tərəfdaşlar axtarmağa başladıq. 2017-ci ilin fevralında Beynəlxalq Banka olan kreditlərin qaytarılmasına görə həbs edildim, 1 il sonra azadlığa çıxdım”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib