Dərc edilib: 12-06-2019

https://www.nuh.az/19880-.html

Bakıda 6 milyarda yaxın pulu leqallaşdıranlara hökm oxundu

12.06.2019 19:26:10

Kriminal

Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə əldə edilmiş 5,5 milyard manat pulu leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevə hökm oxunub.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə R.Vəliyev 15 il, M.Əliyev 13 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konversiya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

Digər təqsirləndirilən Rüfət Vəliyev də oxşar əməllərlə cinayət yolu ilə əldə edilmiş 3 milyard manat pulu leqallaşdırıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib