Dərc edilib: 08-07-2019

https://www.nuh.az/20077-.html

“Binaların fasadlarında paltar asmayın”

08.07.2019 19:20:27

Reportaj

Bakı şəhər Baş Polis İdarəsi paytaxt sakinlərinə müraciət edib.


"Qafqazinfo"ya daxil olan məlumatda qeyd edilir ki, paytaxtda həyata keçirilən layihələr uğurla icra olunur. Paytaxt müasirlik və estetik gözəlliyinə görə dünyanın ən məşhur şəhərləri sırasında olduğunu nəzərə alaraq hər bir şəhər sakini ətraf mühitin ümumi görkəminə töhfə verməlidir.

Nədir bu töhfələr, kimdən daha çox asılıdır? Bu, hər birimizdən asılıdır. Antisanitar vəziyyət, piyada səkilərinin təyinatı üzrə istifadəsinə etinasız münasibət, yaşayış binalarının fasadlarında asılan qurutma zivələri cəmiyyəti qayğılandırır. Şəhərin görünüşünə xələl gətirən hallarla bağlı ayırı-ayırı paytaxt sakinləri tərəfindən polisə daxil olan müraciətlərdə ekologiyanın və ətraf mühitin mühafizəsi, piyada səkilərinin zəbt olunması məsələsi önə çəkilir.

Vətəndaş müraciətlərini nəzərə alaraq, paytaxt sakinlərindən xahiş olunur ki, piyada səkilərini təyinatı üzrə istifadə etməklə, dayanma-durma qaydalarının tələblərinə əməl etsinlər, avtomobilləri piyada səkilərində saxlamasınlar, şəhərin təmizliyinə həssas yanaşsınlar, binaların fasadlarında paltar qurutma ənənəsinə son qoysunlar.

Sadalanan halların nümunəvi təminində və həyata keçirilməsində hər bir paytaxt sakinini, qonaqları fəal iştiraka çağırırıq.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib