Dərc edilib: 29-07-2019

https://www.nuh.az/20275-.html

Azərbaycandakı Udinlərin Xaç suyu - Fotolar+Video

29.07.2019 20:19:01

Region

Azərbaycanda yaşayan Udinlər Xaç suyu mərasimi keçiriblər.


“Qafqazinfo” xəbər verir ki, Qəbələnin Nic qəsəbəsində yaşayan Udinlər xaç suyuna giriblər. Alban-Udin Xristian icmasının sədr müavini Rafik Danakarinin sözlərinə görə, 2013-cü ildən bu günə kimi hər il Nic, eləcə də digər yerlərdə olan Udinlər kilsəyə üz tutaraq İordan çayından gətirilmiş xaç suyuna girirlər.

Rafik Danakari deyir ki, Sovet və Çar Rusiyasının hakimiyyəti dövrlərində Alban-Udi kilsəsi 170 il bağlı olub. Məhz bu səbəbdən Xaç suyu mərasimi keçirilməyib. 1723-cü ildə yerli sakinlərin vəsaiti hesabına inşa edilən Çotari Alban-Udi kilsəsi Sovet hakimiyyəti illərində fındıq anbarı kimi fəaliyyət göstərib.

2003-cü ildə əsaslı bərpa və yenidənqurmasına başlanılan kilsə 2006-cı ildə dindarların istifadəsinə verilib. Həmin gündən də Udinlər öz ana dillərində kilsədə ibadətlərini edirlər. 

Rafik Danakari bildirir ki, Xaç suyuna salınma mərasimi ona görə keçirilir ki, bu suya salınan adamlar İsa Məsihin ölüb-dirildiyini qəbul edirlər.

Bu gün Udin etnosuna mənsub olan insanların sayı dünyada 10 minə yaxındır ki, onların da 6 mini Azərbaycan ərazisində yaşayır. O cümlədən 4400-ü kompakt şəkildə Qəbələ rayonunun Nic kəndində məskunlaşıb. 

 

 







NUH informasiya agentliyi səhifəsindən çap edilib