Dərc edilib: 09-08-2019

https://www.nuh.az/20375-.html

MTN-nin Quba şöbəsinin sədri niyə həbs edilib ?

09.08.2019 16:44:41

Cəmiyyət

Daxili İşlər Nazirliyinin (DİN) bir neçə gün əvvəl yaydığı rəsmi məlumatdan bəlli olur ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində törətdiyi ağır cinayət hadisələrinə görə 2016-ci ildən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin səkkiz maddəsi ilə axtarışda olan rayon sakini, 31 yaşlı Sərxan Əkbərov Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində tutularaq Quba RPŞ-nə gətirilib.

 

 S.Əkbərov bir qrup şəxslə birlikdə qabaqcadan əlbir olaraq 2016-ci ildə rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evlərinə qanunsuz daxil olaraq, evlərdən pul, qızıl-zinət əşyaları və elektron avadanlıq oğurlamaqla zərərçəkmişlərə küllü miqdarda maddi ziyan vurublar. Bundan əlavə törətdikləri sonuncu cinayət hadisəsi zamanı ev sahibəsinin evdə olduğunu görən dəstə üzvləri, qadının əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq, ona müxtəlif bədən xəsarətləri yetirməklə evdən küllü miqdarda pul və mobil telefonunu quldurluq yolu ilə ələ keçiriblər.Qeyd edək ki, cinayətkar dəstənin 4 üzvü, Quba rayon sakinləri Raqib Kərimov, Faiq Xanməmmədov, Aftandil Əhmədov və Afina İxiilova cinayət hadisələrinin törədilməsindən bir müddətdən sonra tutularaq məsuliyyətə cəlb olunublar.

NUH.az-a daxil olan məlumata görə, cinayətkarlardan biri, əslində cinayətkar dəstənin başçısı Aftandil Əhmədov  uzun müddət  Milli Təhlükəsizlik Nazirliyinin ( MTN) Quba rayon şöbəsinin rəis müavini, hətta bir müddət rəisi olub. Cinayətkar şəbəkəyə onun xidməti sürücüsü də daxildir. Aftandil  Əhmədovun  keçmiş MTN şefi Eldar Mahmudovla yaxın münasibətdə olduğu bildirilir. Hadisədən 3 il keçməsinə baxmayaraq MTN məsələsi ictimaiyyətdən gizlədilib. Ümumiyyətlə, bu cinayətkar dəstə ilə bağlı çox nüanslar və ciddi  suallar var. ( NUH.az ) 

NUH informasiya agentliyi səhifəsindən çap edilib