Dərc edilib: 10-08-2019

https://www.nuh.az/20395-.html

Beynəlxalq İnformatika Olimpiadası başa çatdı

10.08.2019 18:30:34

LIVE

Heydər Əliyev Mərkəzində 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) bağlanış mərasimi keçirilib.


"Qafqazinfo" xəbər verir ki, Təhsil naziri, "IOI 2019"un sədri Ceyhun Bayramov olimpiadanın başa çatması münasibətilə iştirakçıları təbrik edib, yarışın yüksək səviyyədə təşkil olunması ilə bağlı təşkilatçılara, qlobal sponsor "Acer" şirkətinə və əməyi keçən digər şəxslərə təşəkkürünü bildirib.

İKT bilik və bacarıqlarına yiyələnmənin vacibliyini diqqətə çatdıran Təhsil naziri ölkəmizin təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiqindən söz açıb. Qeyd edib ki, hər bir gənc dünyanı dəyişmək və daha yaxşı etmək imkanına malikdir, innovasiyalar da həmçinin. Azərbaycanın multikultural ölkə olduğunu deyən Təhsil naziri olimpiada iştirakçılarının bir həftə ərzində Azərbaycanın mədəniyyəti, musiqisi və mətbəxi ilə tanış olduqlarına əminliyini bildirib. Ceyhun Bayramov Təhsil Nazirliyinin informasiya texnologiyalarının tədrisinə önəm verdiyini deyib. Vurğulayıb ki, "IOI 2019"un informasiya texnologiyaları sənayesinin inkişafına töhfə olacaq.

Nazir çıxışının sonunda olimpiada qaliblərini təbrik edib və bütün iştirakçılara uğurlar arzulayıb.

"IOI" prezidenti Qreq Li beynəlxalq olimpiadanın bağlanış bəyannaməsini diqqətə çatdırıb.

Tədbirdə olimpiadanın bürünc, gümüş və qızıl medala layiq görülmüş iştirakçıları mükafatlandırılıb.

Mərasimdə növbəti ildə yarışın Sinqapurda keçiriləcəyi elan edilib. Təhsil nazirinin müavini Firudin Qurbanov və "IOI 2019"un fəxri həmsədri, ADA Universitetinin rektoru Hafiz Paşayev tərəfindən Beynəlxalq İnformatika Olimpiadasının bayrağı Sinqapur Milli Universitetinin professoru Tan Sun Tekə təqdim olunub.

Daha sonra ölkəmiz haqqında film nümayiş edilib.

Tədbir bədii hissə ilə davam etdirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib