Dərc edilib: 22-08-2019

https://www.nuh.az/20504-.html

Kəlbəcər köçkünü nazir Vilayət Eyvazovdan kömək istəyir

22.08.2019 14:41:21

Cəmiyyət

Kəlbəcər  rayonundan olan məcburi köçkün Umud Əhmədov başına gələn faciə və üzləşdiyi qanunsuzluqlarla bağlı  NUH.az  saytına müraciət edib: 

 

 " 16 vevral  2019-cu ildə Yasamal rayonu ərazisində "İnşaatçılar"  metrosunun yaxınlığında 1994-cü il təvəllüdlü  qızım Güllü Əhmədovanı avtomobil vuraraq  5 metr məsafəyə tullayıb. Nəticədə qızım kəllə-beyin travması alıb, ağ ciyəri  əzilib, 2 qabırğası sınıb. Avtomobilin sahibinin adı Rizvandır. Qəzadan sonra qızımı Respublika xəstəxanasına aparıblar.

 

Həmin vaxt  özünü Nəsimi rayon prokuroru kimi təqdim edən Ələkbər adlı şəxs ( qəzanı törədən Rizvanın yaxınıdır ) xəstəxanaya gəldi və mənə söz verdi ki, narahat olmayın, hər cürə kömək edəcəm, Baş prokurorluqda adamlarım var. Mən də ona inandım. Sonradan qızımı Nəsimi rayon ərazisində yerləşən Semaşko xəstəxanasına köçürdülər. Ələkbər hər dəfə mənə narahat olma deyirdi. Qızım 2 dəfə beynindən əməliyyat olunub, hazırda komadadır, aparata qoşulub. Yenidən 2 dəfə əməliyyata ehtiyacı var. Qızımın həkimləri Əmirəli, Anar həkim, reanimasiya həkimləri Şöhrət və Gülnarə həkim barəsində ancaq xoş sözlər deyə bilərəm. Təmənnasız olaraq zəhmət çəkiblər. Ancaq özünü prokuror kimi təqdim edən Ələkbər məni hər dəfə aldadıb. Belə ki bu günədək  onun yaxını, qəzanı törədən Rizvanı görməmişəm. Düzdür ilk günlər bəzi ucuz dərmanların alınmasına kömək etsə də sonradan Ələkbər mənim telefonlarıma cavab vermədi". Şikayətçi qeyd edir ki, dəfələrlə Baş prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət etsə də heç bir nəticə olmayıb:

 

" Hadisə ilə bağlı Yasamal RPİ-də cinayət işi açılsa da bu günədək qəzanə törədən Rizvan adlı sürücü tapılmayıb. İşi əvvəlcə Yasamal RPİ-nin müstəntiqi Əli Əliyev araşdırıb. Dəfələrlə müstəntiqdən cinayəti törədən Rizvanın niyə saxlanılmaması  barədə soruşmuşam, cavab verib ki, onu polisə gətirə bilmirik. Bir müddət əvvəl Yasamal RPİ-də istintaq şöbəsi rəisinin yanında oldum. Rəis mənə dedi ki, Əli Əliyevi qovmuşam, işi təzə müstəntiq Səbuhi müəllimə tapşırmışam, Rizvanı tapıb gətirəcək". Şikayətçi  Umud Əhmədov Birinci Vitse Preizdent Mehriban xanım Əliyevanın qəbuluna yazıldığını qeyd edərək, qızının müalicəsi üçün  Kəlbəcər rayonundan seçilmiş millət vəkili Cavid Qurbanovdan kömək istəyir: 

" Mən Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan  qızımı ömürlük şikəst edən Rizvan adlı sürücünün və özünü Nəsimi rayon prokuroru kimi təqdim edən  və sonra qaçıb gizlənən Ələkbər adlı şəxsin qanun qarşısında cavab verməsi üçün göstəriş verməsini xahiş edirəm". 

NUH informasiya agentliyi səhifəsindən çap edilib