Dərc edilib: 24-08-2019

https://www.nuh.az/20531-.html

Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət

24.08.2019 17:07:45

Cəmiyyət

Cənab sədr !


Rəhbəri olduğum  NUH.az saytına daxil olan məlumat əsasında Xaçmaz rayon məhkəməsinin sabiq, hazırda Gədəbəy rayon məhkəməsinin hakimi olan Füzuli Mirzəquliyevin tərcümeyi-halına nəzər salmalı oldum.

Ali məhkəmənin rəsmi saytında  Füzuli Mirzəquliyev haqqında qeyd olunub:

Mirzəquliyev Fizuli Balağa oğlu 


Gədəbəy Rayon Məhkəməsinin hakimi


Doğulduğu il

1962


Təhsil

1993 DİN-nin Polis Akademiyası


2001 – 2007 Baş Sumqayıt st. XPB-nin təhqiqatçısı

2007 – 2008  Xaçmaz st. XPŞ-nin baş inspektor-kriminalisti

2009 – 2013  Sumqayıt şəhər hüquq məsləhətxanasının vəkili

2013 – 2018  Xaçmaz Rayon Məhkəməsinin hakimi

2018 - h/h  Gədəbəy Rayon Məhkəməsinin hakimi


Cənab sədr !

Ali məhkəmənin rəsmi məlumatından bəlli olmur ki, F.Mirzəquliyev 1993-cü ildə Polis Akademiyasına (PA) daxil olub, yoxsa bitirib?

Fərz edək ki, 1993-cü ildə PA-a daxil olub.

Onda 1979-cu ildə orta məktəbi bitirən Mirzəquliyev 14 il harada olub? Əsgəri xidmətdə olubmu? Və s.


Əgər  Mirzəquliyev 1993-cü ildə PA bitiribsə, 2001-ci ilə qədər, yəni  8 il harada olub ?

Cənab sədr ! Bir sözlə, hakim Füzuli Mirzəquliyevin tərcümeyi-halı əsl tapmacadır.

Bütün bunları qoyaq bir kənara!

İndi  Füzuli Mirzəquliyevin  Azərbaycan dövləti adından qəbul etdiyi   17 oktyabr  2017-ci il tarixli məhkəmə qətnaməsinə nəzər salaq.

 

Məndə olan məhkəmə qətnaməsinə və cavabdehin şəxsiyyət vəsiqəsinə nəzər salıram.

Qətnamədə dəfələrlə cavabdeh olaraq BAHADUROV  İMRAN  MƏCİD oğlu göstərilir. Özü də 5 dəfə.


Əlimdə olan rəsmi sənəd – şəxsiyyət vəsiqəsində isə BAHADUROV  İMRAN  SULTANMAHMUD oğlu göstərilir.  


Bu nə mexaniki, nə də orfoqrafiya səhvdir ki, bağışlamaq mümkün olsun. Deməli, hakim nəyinsə təsiri altında olub. Bunu müəyyənləşdirmək  sizin səlahiyyətinizdədir. Axı, bu dərəcədə məsuliyyətsizlik olmaz.

 

Hətta hakimin imzası ilə cavabdehin ünvanına göndərilən bildiriş də ağlagəlməz dərəcədə absurddur. Təsəvvür edin ki, cavabdeh Xaşmazda rəsmi qeydiyyatdadır, hakim isə bildirişi Gədəbəyə göndərir.

Daha dəqiq  desək,  cavabdeh  ömrü boyu Atatürk  küçəsində  yaşayıb, hakim isə  bildirişi  N.Nərimanov küçəsinə göndərib. Niyə ? Hakimin məqsədi nədir?


Məhkəmə qətnaməsində qeyd olunur: “ İş üzrə cavabdeh Bahadurov İmran Məcid (??) oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdeh Bahadurov İmran Məcid (??-yenə Məcid, Sultanmahmud oğlu ) oğlunun iştirakı olmadan baxılmasını mümkün saymışdır.”

Cənab sədr !

Hakim Füzuli Mirzəquliyev  bilərəkdən bildirişi cavabdehin ünvanına deyil, tam başqa ünvana göndərirsə, cavabdeh haradan məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı ola bilərdi ?

Bax, hakim Mirzəquliyevin  belə hərəkətləri kifayət qədərdir.

Biz hələ hakimin kabinetində saatlarla  xanımlarla  nə barədə müzakirə apardığını demirik. Bunu məhkəmə binasında quraşdılımış kameralardan asanlıqla görə bilərsiniz.

Cənab Məhkəmə-Hüquq Şurasının sədri!

Biz hakim Füzuli Mirzəquliyevin əməlləri ilə bağlı kifayət qədər faktlar  təqdim edə bilərik.

Xahiş edirik  bu məsələlər  Məhkəmə-Hüquq Şurasında müzakirə olunsun və ciddi tədbir görülsün.

 

Hörmətlə, 

NUH.az-ın baş  redaktoru  Kamran Məhərrəmli 


NUH informasiya agentliyi səhifəsindən çap edilib