Dərc edilib: 26-08-2019

https://www.nuh.az/20544-.html

447 brilyant daşla bəzədilən Heydər Əliyev ordeni

26.08.2019 12:06:48

Siyasət

Xəbər verdiyimiz kimi bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

“Yeni Sabah” mövzunun aktuallığını nəzərə alaraq “Heydər Əliyev”ordenin təsis olunması, hazılanmasında hansı materiallardan istifadə edilməsi, kimlərə verilməsi barədə məlumatları oxuculara təqdim edir:

“Heydər Əliyev” ordeni 22 aprel 2005-ci ildə təsis edilib. Təsis edilməsi haqqında qanun 28 aprel 2005-ci ildə qüvvəyə minib. Ordenin kimlərə verilməsinə gəlincə, sənəddə qeyd olunur:

1. Azərbaycan Respublikasının vətəndaşlarına aşağıdakı hallarda verilir:

  1.1. Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə;

  1.2. Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə.

2. Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə verirlir.

3. Əcnəbilərə aşağıdakı hallarda verilir:

  3.1. Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə;

  3.2. Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;

3.3. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə.[1]

3 fevral 2014-cü ilə qədər ordenin hazırlanmasında 525 əyarlı 533,29 qram gümüşdən, 999 əyarlı 3,89 qram gümüşdən, 750 əyarlı 57,42 qram qızıldan, 999 əyarlı 6,42 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,34 karatlıq 224 brilyant daşdan, cəmi 1 karatlıq 67 brilyant daşdan, ümumən isə 299 brilyant daşdan istifadə olunub. Həmin tarixdən ordenin təsvirində bəzi dəyişiklər edilib. Bundan sonra ordenin hazırlanmasında 925 əyarlı 533,3 qram gümüşdən, 999 əyarlı 3,9 qram gümüşdən, 585 əyarlı 25 qram qızıldan, 750 əyarlı 57,4 qram qızıldan, 999 əyarlı 6,5 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,3 karatlıq 224 brilyant daşdan, cəmi 1,37 karatlıq 95 brilyant daşdan, cəmi 0,23 karatlıq 116 brilyant daşdan, cəmi 0,032 karatlıq 4 brilyant daşdan, ümumən 447 brilyant daşdan istifadə olunur.

“Heydər Əliyev” ordeninin ilk laureatı prezident İlham Əliyev olub. Ordeni ölkə başçısına Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev təqdim edib.

Prezident İlham Əliyevlə Allahşükür Paşazadədən başqa Azərbaycanda bu ordenlə təltif olunan daha 6 nəfər var: 

1. Azərbaycanın məşhur rəssamı Tahir Salahov ( 2008-ci il)

2. Azərbaycanı bəstəkarı Arif Məlikov (2013-cü il)

3. Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva (2015-ci il)

4. Xalq artisti Zeynəb Xanlarova (2016-cı il)

5. Heykəltəraş Ömər Eldarov (2017-ci il)

6. SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə (2019-cu il)

Ümumiyyətlə isə “Heydər Əliyev” ordeni ilə 24 nəfər təltif olunub. Təltif olunanlar sırasında müxtəlif ölkələrin dövlət başçıları, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da var.

NUH informasiya agentliyi səhifəsindən çap edilib