Dərc edilib: 29-08-2019

https://www.nuh.az/20574-.html

“Yasda 10 dəqiqə oturub başsağlığı verdin, dur, get!”

29.08.2019 14:24:20

Mədəniyyət

“Rəsmi şəxslərdən başqa, cənab prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsi qadağan olunacaq. Qəzetlərin son səhifəsi artıq başsağlığı mərasiminə dönüb. Xüsusilə də hökumət qəzetlərinin. Başsağlığı verilən yerə xəbər, yaxud da hansısa digər yazılar verə bilərlər. Bizim digər qəzetlərlə işimiz yoxdur. Söhbət dövlətin vəsaiti ilə çap olunan rəsmi qəzetlərdən gedir. Mən hesab edirəm ki, nəhayət, buna son qoymaq lazımdır”.


Bunu “Yeni Müsavat”a Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, ictimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov deyib. O, bildirib ki, indiyə qədər tətbiq olunan qaydaların yığışdırılması zərurəti yaranıb: “Yazılır ki, filankəs ölüb. Allah rəhmət eləsin! Ölüb, ölüb də. Rəsmi adamdırsa, bu, başqa məsələ. Dövlət başçısı buna başsağlığı verir. Necə ki, hardasa zəlzələ, yaxud başqa ağır hadisə baş verəndə, çoxsaylı insan tələfatı olanda dövlətlərin başçıları bir-birinə başsağlığı verirlər, bu, başqa şeydir. Ya da Azərbaycanın hansısa dövlət xadimi və ya mədəniyyət-incəsənət xadimi rəhmətə gedəndə dövlət başçısı bununla bağlı başsağlığı verir, nekroloq imzalayır. Bunlar fərqli məsələdir. Amma birinin qayınanası, qayınatası ölüb, Allah rəhmət eləsin, başsağlığı yarışı başlayır, qəzetin bir hissəsi belə şeylərə sərf olunur. Başsağlıqları növbəyə düzülür. Zəng elə, başsağlığı ver, daha bunu başqasına niyə elan edirsən ki? İndi biz istəyirik bunu qanuni formaya salaq”.

Komitə sədri digər dəyişikliklərin də anonsunu verib: “Deyək ki, hardasa yas məclisidir, amma insanlar işləyirlər, iş vaxtıdır. Maksimum müddət 10 dəqiqə olmalıdır. Gəldin, başsağlığı verdin, dur, get! Sən gəlib iki saat oturursan yas məclisində... Bəziləri dövlət məmuru, icra başçısı, polis rəisləridir, onların o qədər işi var ki. Əlacsızlıqdan gəlirlər, orada otururlar. Tez gedəndə deyirlər niyə məclisi tez tərk elədi? Belə şeylərlə insanların vaxtını almaq olmaz. İstəyirik ki, bütün bunların hamısını qanuna daxil edək və bu məsələlər birdəfəlik öz həllini tapsın”.

Milli Məclisin komitə sədri keçən il parlamentə göndərilən “Dini etiqad azadlığı haqqında” Qanunun nədən yaz sessiyasının müzakirəyə çıxarılmamasına da aydınlıq gətirdi: “Biz qanun layihəsinə baxdıq. Orada bütün məsələlər tam əksini tapmamışdı. Müəyyən məsələlər var ki, onlar layihədə əks olunmalı, həmin məsələlər öz həllini tapmalıdır. İndi layihənin üzərində iş gedir. Yəqin ki, payız sessiyasında qanun layihəsini işləyib, qəbul edəcəyik”.

S.Novruzov bildirib ki, “ehsan qadağası” məsələsi də gündəmdədir: “Bu da bizim nəzərimizdədir. Bəzi yerlərdə məsələlər həllini tapıb. Məsələn, Naxçıvan Muxtar Respublikasında bu məsələ bütövlükdə həll olunub və artıq ənənə şəklini alıb. Bir dəfə ehsan verilir, o da 3 mərasimində, özü də bir saat müddətində. Həmçinin orada bir cür yemək ola bilər. Meyvə, digər nemətlər masaya qoyula bilməz. Ehsan masasında çay, limon, xurma, halva ola bilər. Bunlar da ehsan sayılır. Azərbaycanın bəzi ərazilərində də məsələlər yoluna qoyulub. Amma bəzi yerlərdə bu ənənəni pozurlar. Yəqin ki, biz bu kimi hallarla mübarizə məqsədilə addımlar atacağıq. Xüsusilə Bakı şəhərində. Elə yerlər var ki, qazanc məqsədilə istifadə edirlər və insanlar arasında fərq yaranır. Hansı ki, insanlar arasında fərq olmamalıdır, hamı bərabərdir”.

Komitə rəhbəri qəbiristanlıqlardakı başdaşları ilə bağlı Nazirlər Kabinetinin qərarının olduğunu da vurğulayıb: “Nümunəvi qəbiristanlıqların salınması ilə əlaqədar qərar verilib. Biz bunu qanun kimi qəbul etmək istəyirdik, sonra məsləhət oldu ki, Nazirlər Kabineti qərar versin. Çünki o yerləri Nazirlər Kabineti ayırır. Beləliklə, Nazirlər Kabineti qərar verdi. Şəhidlərin, Fəxri Xiyabanda dəfn olunanların məzarlarını çıxmaq şərtilə, digər qəbiristanlıqlarda məzar daşları eyni ölçüdə olmalı, nömrələnməli, kitaba işlənməlidir. İmkansız vətəndaşların dəfnini, qəbrinin üstünün götürülməsini bələdiyyələr həyata keçirəcək”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib