Dərc edilib: 04-09-2019

https://www.nuh.az/20632-.html

Tağıyevin heykəli üçün 26 layihə təqdim edilib

04.09.2019 18:33:13

Reportaj

Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsi başa çatıb.

Münsiflər heyətinin qərarı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Landşaft memarlığı, bağça-park və şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar heykəltəraşların qatıldığı müsabiqəyə ümumilikdə 26 layihə təqdim edilib. Ötən müddət ərzində təqdim olunan ərizə və eskizlər (maketlər) Heydər Əliyev Mərkəzində, eləcə də müsabiqənin elektron poçt ünvanında qəbul olunub.

AzərTac  xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Heydər Əliyev Mərkəzinin nümayəndəsi Zafiq Xəlilov deyib. Onun sözlərinə görə, müsabiqədə tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəllif də iştirak edir. Müsabiqədə iştirak edənlər arasında Azərbaycanın məşhur heykəltəraşları – Xalq rəssamları Xanlar Əhmədov, Natiq Əliyev, Ömər Eldarov, Səlhab Məmmədov, Əməkdar rəssam Azad Əliyev, həmçinin Cəlil Qaryağdı da var. Azərbaycandan kənarda yaşayan tanınmış heykəltəraş Rahib Həsənov da müsabiqəyə layihə təqdim edib.

Hacı Zeynalabdin Tağıyevin heykəlinin “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılması nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqəyə ərizə və eskizlər bu ilin aprelin 25-dən iyunun 30-dək qəbul olunurdu. Müsabiqəyə olan maraq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov və bir sıra heykəltəraşların müraciətləri nəzərə alınaraq müsabiqə avqustun 31-dək uzadılmışdı.

 




 

NUH informasiya agentliyi səhifəsindən çap edilib