Dərc edilib: 05-10-2019

https://www.nuh.az/20880-.html

Vidadi İsayevə bəlkə “Ulu öndər” deyək…

05.10.2019 18:21:38

Region

Bu günlərdə saytların birində Bərdənin icra başçısı Vidadi İsayev barəsində təməraqlı yazını oxudum. Əslində məmurların özləri barədə 50-100 manat verərək yazdırdıqları, yalnız özlərinin inandığı belə məqalələri oxumaq çox çətindir.


 Amma bəzən bu yazılarda onların kim olduğu, vətənə, millətə necə sadiq olmaları və ən əsası məmur postundan necə yararlanmaları çılpaqlığı ilə üzə çıxır. İllər öncə belə bir tendensiya var idi. Heç bir məmur özü barəsində yaxşı yazılmasını istəmirdi və yazıldığı təqdirdə onu mütləq ya çıxartdırırdı, ya da…

Görünür Vidadi İsayev ya vəzifə istəyir, ya da belə yazılardan ləzzət alır. Məqalə müəllifi yazır ki, Bərdənin icra başçısı Vidadi İsayev yoldaş vətənə, millətə və ən əsası bərdəlilərə qarşı o qədər diqqətlidir ki, az qala rayon sakinləri ona “ata”, “baba”, hətta ulu öndər desin… Yazır ki, Vidadi İsayevin icra başçısı olduğu dönəmdə rayonda abadlıq və quruculuq işləri elə bir zirvəyə çatıb ki, day buna söz ola bilməz…

Həmçinin böyük hərflərdə ölkənin, elin, obanın AĞSAQQALI kimi Vidadi İsayevin səyi nəticəsində rayonda ümumi məhsul buraxılışının həcmi 5 dəfə, sənaye məhsulu istehsalı 4,5 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı 3,3 dəfə, tikinti-quruculuq işlərinin həcmi 13,3 dəfə artıb. Rayonda yeni sənaye obyektləri yaradılıb, genişmiqyaslı yenidənqurma, tikinti-quruculuq işləri həyata keçirilib, bir sıra mühüm sosial-iqtisadi və infrastruktur layihələri icra olunub…

 

 

Bax dostum Kərəmi burda ağlamaq tutur… Tam əmin olun ki, bu yazı sayta verilməzdən öncə ya Vidadi İsayevin özü ya da mətbuata xərac paylayan adamları tərəfindən oxunub. Hərçənd ki, onlar bu yazının “əla” olduğunu düşünüblər… Vidadi İsayevin yanında yaxşı olmaq, xərac almaq üçün yoldaş icra başçısının dünyadan xəbəri olmayan “jurnalist” vasitəsi ilə mətbuata ötürdüyü puldan 100 manat da ona çatsın deyə yazılıb.

 

 

Amma adamlar başa düşməyiblər ki, bu ölkəni quran da, Bərdənin abadlaşdırılması üçün külli miqdarda vəsaiti ayıran da Vidadi İsayev deyil və ola da bilməz… Yazıda bir cümlə belə Ulu Öndər Heydər Əliyevin, illərdir Azərbaycanın bütövlüyü, müstəqilliyi və firəvan yaşayış üçün gecə-gündüz çalışan, dünya liderləri arasında qətiyyətlə “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən İlham Əliyevin adını belə çəkməyiblər.

Əcəba Vidadi İsayev doğrudanmı Azərbaycan üçün rəhmətlik Heydər Əliyevdən, przident İlham Əliyevdən çox iş görüb? Bəlkə edib bu millətin xəbəri yoxdur. Bərdənin icra başçısı, adi müəllim Vidadi İsayev həqiqətənmi düşünür ki, bu insanlar,  hətta bərdəlilər salınmış parklara, çəkilmiş yollara görə icra başçısına minnətdar olmalıdır. Bəlkə Vidadi İsayev hansısa avropalı biznesmeni Bərdəyə dəvət edib, ona şərait yaradıb, zavod, fabrik tikdirib xəbərimiz yoxdu…

Xatırlayırsınızsa İlham Əliyev müşavirələrin birində icra başçılarına ciddi göstəriş  vermişdi ki, onlar xarici və yerli iş adamlarını rayonlara cəlb eləsinlər, sərmayə yatırılması, zavod fabrik tikintisi üçün lazımı dəstəyi versinlər. Əcəba bəlkə Vidadi İsayev avropadan 2 biznesmen cəlb edib rayonda böyük bir iş görüb? İş yerləri yaradıb?

Əgər Bərdədə bir yol tikilibsə bərdəlilər buna görə, Vidadi İsayevə deyil, ölkə başçısı İlham Əliyevə minnətdar olmalıdırlar.

Vidadi İsayev isə sadəcə icraçıdır. Elə isə icra edə bilirmi?

Sayt az qala yazsın ki, Vidadi İsayev açından ölür… gülməldir vallah.

Kürəkəni üçün 1000 kv-lıq market tikdirən, dövlətin pulu ilə tikilmiş və Heydər Əliyevin adını daşıyan parka girişi pullu edən, kağız-kuğuzdan yüzminlər qazanan, insanlara məxsus torpaqları onlara pulla satan, Yevlaxda böyük biznesi olan,  Yevlaxdakı villasının həyətini genişləndirmək üçün qonşularını evsiz-eşiksiz qoyan, şəhid ailələrinə 2 sot torpaq verməyən, xanım direktoru (?) işdən çıxardan və daha nələrə imza atan icra başçısı Vidadi İsayevə bəlkə “Ulu öndər” deyək…

 

“Bizimxeber.az”-ın araşdırma qrupu 


NUH informasiya agentliyi səhifəsindən çap edilib