Dərc edilib: 15-10-2019

https://www.nuh.az/20934-.html

Bir ana Prezidentdən və deputatdan imdad diləyir

15.10.2019 14:13:03

Cəmiyyət

 

Sabunçu icra hakimiyyəti vətəndaşın qanuni mənzilini başına uçurdu 


Bir neçə ay əvvəl  mətbuatda gedən məlumatdan bəlli olurdu ki, bu il  Bakı şəhərində  17  binanın sökülməsi planlaşdırılır. Həmin binalardan biri də Sabunçu rayonu , Sabunçu qəs, A.Rəsulzadə küçəsindəki  2 saylı binadır. 

 

Qısa məlumat üçün qeyd edək ki, bu bina keçən əsrin ortalarında tikilib. Və həmin binada xeyli sayda vətəndaş öz ailə üzvləri ilə yaşayırdı və binada rəsmi pasport qeydiyyatları var və mənzillər özəlləşdirilib. Hörmətli Prezidentimiz cənab İlham Əliyevin vətəndaşların yaşayış şəraitini yaxşılaşdırılması ilə bağlı xoşməramlı təşəbbüsü  bəzi məmurlar üçün əməlli-başlı gəlir mənbəyinə çevrilib. Ən pisi odur ki, bu söküntü prosesində yüzlərlə, bəzən minlərlə vətəndaş dövlətdən narazı salınır. Bu prosesdə əsas mexanizm belə düşünülüb: vətəndaşlara məxsus faktiki yaşayış sahəsi qəsdən az göstərilir, vətəndaşlara ödənilən kompensasiya azaldılır və nəticədə vətəndaşlar dövlətdən narazı salınır. Cənablar, axı dövlətin vaxtilə tikdiyi bınanın faktiki sahəsini necə azaltmaq, yaxud artırmaq olar? Axı, binanın, yaxud mənzillərin divarlarını necə sürüşdürmək olar ? Haqqında bəhs edəcəyimiz müraciət də  belə haqsız-ədalətsiz məmur yanaşması ilə bağlıdır. 

 

Yuxarıda qeyd etdiyimiz  Sabunçu qəs, A.Rəsulzadə küçəsinədki  2 saylı binanın 52 saylı mənzilində yaşayan Allahverdiyeva  Xalidə  Saday qızı dövlət başçısı cənab İlham Əliyevə və həmin ərazidən millət vəkili seçilmiş hörmətli  Fazil Mustafaya müraciət edərək  kömək - imdad diləyir. Müraciətdə deyilir:

 

"Hörmətli İlham Əliyev cənabları ! 

Sizin və 1-ci vitse prezident Mehriban xanım Əliyevanın xalqımızın rifahı  üçün etdikləriniz, atdığınız humanist addımlar cəmiyyət tərəfindən  yüksək qarşılanır. Təəssüf ki, bəzi məmurlar Sizin bu xoş məramınızdan sui-istifadə edir və mənim kimi yüzlərlə, minlərlə ailəni dövlətdən narazı salır.

 

Belə ki mən Allahverdiyeva Xalidə Saday qızı 5 nəfərlik ailəmlə və bacım 2 xəstə uşağı ilə Sabunçu qəsəbəsi, A.Rəsulzadə küçəsi, bina 2, mənzil 52 ünvanda uzun illərdir yaşayırıq, pasport qeydiyyatımız var. Binanın sökülməsi ilə bağlı dəfələrlə Sabunçu icra hakimiyyətində icra başçısı Adil Vəliyevin qəbulunda olmuşam və məsələnin ədalətli həllini ondan xahiş etmişəm. Və məsələ ədalətli həll olunmasa binadan çıxmayacağımı bildirmişəm. Sonra Bakı şəhər icra hakimiyyətindən gələn komissiya mənim haqlı olduğumu ortaya çıxarıb. Buna baxmayaraq mənim haqlı tələbim dövlət qurumları tərəfindən təmin edilməyib və üstəlik mənzilim başımıza uçurulub, ev əşyalarımız orda qalıb. 

 

Cənab Prezident ! 

Axı, mən keçən əsrin ortalarılnda dövlət tərəfindən inşa olunmuş mənzilimin sahəsini necə artıra bilərəm? Mən binanın divarlarını sürüşdürə bilərəm ? Bu məntiqsizlikdir. Mənim 5 nəfərlik və bacımın 3 nəfərlik ailəsini bayıra atıb kimlərsə özünə  7 mərtəbəli bina tikdirəcək deyə biz bayırda qalmalıyıq ? 

 

Cənab Prezident! Belə ədalətsizlik olar ?Bayıra atılan 2 uşaq ağır xəstədir. Mən isə bir ana olaraq  ordumuz üçün əsgər böyüdüb tərbiyə edirəm. Sabunçunun icra hakimiyyəti anaya belə hörmət qoyur ? 


Möhtərəm Prezidentim !!!Mən artıq heç nə, heç bir güzəşt, kompensasiya tələb etmirəm. Mən faktiki olaraq uzun illər yaşadığım mənzilin sahəsinin düzgün, ədalətli  hesablanmasını tələb edirəm. Bununla bağlı sonuncu dəfə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qəbuluna yazıldım. Mənə bildirdilər ki, məsələ Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb və problem ədalətli həll olunacaq. Ancaq hər dəfə Bakı ŞİH-ə zəng edirəm cavab verirlər ki, məsələyə baxılacaq. Nə vaxt həll olunacaq ? Konkret cavab yoxdur. 

Əziz Prezidentimiz ! Mən bir ana kimi Sizdən xahiş edirəm, rica edirəm 8 nəfərlik ailəmin hüquqlarını qopruyun. 

 

Sonda seçicisi olduğum hörmətli millət vəkili Fazil Mustafaya da üz tuturam. Sayın millət vəkilim !Mən anayam, ailə başçısıyam. Mən Sizdən heç nə istəmirəm. Haqqımı tələb edirəm. Bu məsələdə 8 nəfərlik ailəyə kömək olun". 

NUH informasiya agentliyi səhifəsindən çap edilib