Dərc edilib: 19-10-2019

https://www.nuh.az/20966-.html

Vaqif İbrahimoğlunun 70 illiyinə: Xatirələrimdən parçalar...

19.10.2019 15:24:29

Müsahibə

Niyazi Mehdi

  

Qıyma donuq gözləri olan sarıbəniz Vaqif İbrahimoğlu bəndəniz 1976-da Moskvadan gəlmişdi ki, bir neçə görüşdən sonra şəxsiyyətinin ovsunu ilə onu tam fəth etdim. Bundan danışım. Mən Moskvadan yüksək biliklə gəlməsəm də (hərçənd Moskva aurası hər yerdə məni izləyirdi) intellektual snobizm canıma yerimişdi. Moskvada elə bir intellektuala rast gəlməmişdim ki, məni heyran etsin. Bax, bu düşüncə ilə Bakıda yaşamağa başlamışdım. Bəs nə oldu ki, Vaqif kumirim oldu?! Bunu araşdırıb tapım. 

 

Moskvada millətçilik etsəm də, yataqxanada yabançı qızların qonağı olub, otağıma gətirsəm də, bu «igidliyimə» baxmayaraq, orada həmişə DTK qorxusu ilə yaşayırdım. Moskvada qorxurdum ki, otağıma da qulaq asırlar, qonağı olduğum yabançıların otağına da qulaq asırlar. Bununla bağlı bir lətifəmiz vardı, «mıx da məni bağışlasın». Anekdot belə idi. Yataqxanada bir oğlana deyirlər ki, sənin otağına qulaq asırlar, bunu deyəndə divarın başında olan mıxı göstərirlər. Oğlan ürəyi dözməyib nə vaxt dissident söhbəti etməyə ağzını açırsa, mıxı göstərirlər ki, sussun. Bir dəfə yenə dözməyib ağzını açanda mıxı göstərəndə partlayır ki, ə, mıx da məni bağışlasın… və başlayır Sovet hökumətinə qarşı ağzına gələni deməyə.

 

Bax, anti-sovet ruhum DTK-dan qorxumla birləşib məndən əcaib bir məxluq yaratmışdı. Bir yandan, ürəkli, qorxmaz, senzuranı hərləməyən sözlər demək istəyi (bu istəyin az-maz nəticələri də olurdu). O biri yandan, həmişə səksəkədə olmaq ki, indi çağırıb deyəcəklər, elə danışma. Bax, bu fonda Vaqtf söhbətlərində, tamaşalarında sovetizmdən tam azad, DTK səksəkəsini bilməyən adam kimi məni heyran qoydu.

 

Vaqfin sovetizmdən azadlığı xısın-xısın söhbətlərdə olsaydı, mənə elə təsir etməzdi, çünki bütün Bakı çayxanaları o çağlar xısınlaşan millətçi və anti-sovet söhbətlərin ocağı idi. Vaqif isə millətçiliyi, anti-sovetzmi Tədris teatrının səhnəsinə çıxardı, elə çıxardı ki, sanki elə belə də olmalıdır və burada olağanüstü heç nə yoxdur.

 

Bir düşünün, rektor Aslan müəllim idi, həmişə çayı üfürə-üfürə içən adam. Tədrisdən xəbərçilik edənlər onu fitilləyirdilər ki, bu Vaqif siyasi baxımdan etibarlı adam deyil, teatrda qorxulu hoqqalardan çıxır. Aslan müəllim diksinirdi, tezcə teatra gəlib hamını yıığaraq notasiya oxuyurdu, Vaqif isə ona qulaq asıb öz bildiyini edirdi. Hamıda, mən daxil, rektorun xofu vardı. Bu xofun üstünə gəlirdi onun mənə yaxşılıqlarının cavabında minnətdarlığım. Vaqif isə onunla da istədiyi sərbəstlikdə özünü aparırdı. Aslan müəllim öyüdlə danışnda dodaqları bir az qabağa çıxırdı. Bütünlükdə yaraşıqlı, arıq, ağıllı kişi idi. Çapdan çıxmış kitab və məqalələri az idi. Ancaq partiya xətti ilə xidmətləri sonucunda Akademiyada akademik katib olmuş, İncəsənət İnstitutuna rektor gətiriləmişdi. Aslan müəllim Tədris teatrına gəlib hamını yığaraq dodaqlarını uzadaraq aramla öyüd verəndə ona diqqətlə qulaq asan Vaqif onun dodaqlarını yamsılayaraq ona guya ağıllı, əslində isə mənasız cavablar verirdi. Qıraqdan bu səhnəni görən məni dəli gülmək tuturdu. Qorxumdan otaqdan çıxırdım ki, Aslan müəllim görməsin.

 

Bu, sözsüz, Aslan müəllimə qarşı insafsızlıq idi, çünki hər halda Tədris tamaşalarını bağlamırdı. Ancaq Vaqifin bu davranşı mahiyyətcə Aslan müəllimə qarşı deyildi, ofisioza qarşı idi. Sonralar Vaqifdən soruşdum ki, qorxmurdun, rektor onu dolamağını görüb səni cəzalandrar? Dedi, yox. Çünki adamlar var ki, onlarda nərgizlik (narsisitlik) o qədər güclüdür ki, danışanda gözləri həmsöhbətə baxsa da, nə onu görür, nə onu eşidir. Bu, Vaqifin dəhşətli müşahidəsi idi və belə nəsnələrə görə məni fəth etmişdi. Söylədiyini bir populyar bəstəçi ilə telefon danışığında göstərdi. Görünür, o bəstəçi çox danışan oduğu üçün Vaqifi yormuşdu. Bir dəfə telefon edib yenə nəyisə uzun-uzadı söyləyəndə Vaqif onu dinləyə-dinləyə «qələtini elə», «pox yemə» və sairə deməyə başladı. Buna qıraqdan baxan mənim canımı qorxu bürüdü. Telefon danışığı bitəndən sonra Vaqif dedi: gördün, bərkdən deyirdim, yenə eşitmirdi.

 

Beləliklə, Vaqifin yaradıcı insan olaraq özgürlüyü o zamanlar çoxlarında vardı, məndə də, Rəhmanda da, Əli Abbasovda da, Gündüz Sariyevdə də vardı. Ancaq biz ictimai meydançaya çıxanda anti-sovet, anti-marksist ibnəmizi içimizdəki senzuraya salırdıq. Sovet ideologiyasının «xoruna» qoşulmamaqla ibnəmizi doyururduq. Vaqifdə güman iç senzurası vardı, ancaq ictimai meydançada o senzura bizdəki qədər işləmirdi. Vaqif indi yada salammadığım detallara görə Sovetizmdən tam özgür görünürdü.

 

O çağlar onun dilində işlək söz «gik» idi, aktyorlarının da dilinə keçmişdi. İngiliscədə «qik» olan bu sözü Vaqifgil «gik» kimi deyirdilər, anlamı isə «ekssentrik adam», «ekssentrik eyləm» idi. Bu söz heç rus dilində də geniş yayılmamışdı, nədən Vaqifin dilində tamaşalarla bağlı hər hansı ekssentrik hoqqanı bildirirdi, bilmirəm. Ancaq o senzuranı tapdalayıb sovet ortamı üçün pozucu, dağıdıcı görünən eyləmlərini "gik”lərlə mümkün edirdi. Bir dəfə televiziyaya çağrılanda qara şüşəli gözlükdə çıxış etmişdi – indi bu elə də əcaib sayılmır. O çağlar korlardan başqa heç kim bunu edə bilməzdi, Vaqif isə edirdi, yəqin jurnalistin, redaktorun bütün «olmazlarına» baxmayraq. Bir TV çıxışında o vaxt artıq Musiqili Komediya Teatrının baş rejissoru olmuş Vaqif biz dostları üçün oyun çıxarmışdı. Jurnalist ondan nəyisə soruşanda cavabı verəndə hər dəfə «interpretasiya», «motiv» sözlərni deməmişdən qabaq sanki onların dilimizdə qarşılığını tapmaq üçün başını geri atıb gözünü alnına axıdırdı ki, sözün ekvivalentini tapsın, tapmayıb guya məcburən latın terminlərini deyirdi. Mənası o idi ki, cavab üçün beyninin dərinliklərinə axtarışa çıxır. Bir az keçəndən sonra söz yığınından ibarət «cavab» verirdi.

 

Vaqifin gikləri ilə bağlı bir Moskva olayını da danışım. Orada nəsə seminarda iştirak edirdi. Müəllimləri ünlü estetik, ancaq yaxşı tərtibli dayaz kitabların müəllifi Yuri Borevin oğlu idi. İlk seminarda o, dartışma üçün sənətlə bağlı bir konu ortaya atır. Vaqif ağır qafqazlı ləhcəsi ilə üzünə kəndçilik, nadanlıq yağan maskanı taxıb dartışmada iştirak edir. İlk öncə yan-yörəsindəkilərin ürəyində «bu, haradan gəlib, nə danışır?!» nidasını qoparır. Getdikcə nadan mimikasına uyuşmaz semiotik, strukturalist və başqa modern terminlərdə yetərincə ağıllı düşüncələr söyləməyə başlayır və beləcə adamlar çaş qalır: "Bu bizi dolayır, yoxsa rusca pis bilsə də ağıllı adamdır?!” Yalnız sonrakı seminarlarda görürlər ki, Vaqifin əla ruscası var.

 

Vaqifin imic hoqqaları üstünə. O bir həftədən, ya on gündən bir gah saçını dibdən qırxırdı, gah uzadırdı, gah saqqal saxlayırdı, gah üzünü dibdən qırxırdı.

 

Mən düşünürdüm ki, milli teatırda heç bir rejisssora Vaqifin heyranlığı yoxdur, hər halda Elçin Məmmədovla dost olsa da, atasını, - Mehdi Məmmədovu maraqlı rejissor saymırdı. Sonra gördüm ki, onun sevimlisi Tofiq Kazımovdur, özünə müəllim sayır və Azərbycan teatrında birinci yerə qoyur. Biz tanış olandan sonra 3-4 il eyni axmaq boyası olan pencəyi, deyəsən, tünd palıdı şalvarı geyinirdi. Bu dəyişməzlikdə dəyişən onun saçı-üzü olurdu. Heç kimin saçı ilə, üzü ilə belə oynamasını görməmişdim.

 

Vaqifin anası tatar idi (öz türkümüzdü), atasında isə zaqataladan olduğu üçün güman türk qanı ilə ləzgi və ya başqa Qafqaz etnosunun qarışığı vardı. Ancaq özünə gələndə hamımıza örnək olacaq dərəcədə türkçü idi. Anasından bütün balalarına Orta Asiya türklərinin antropoloji cizgiləri keçmişdi. Vaqtf millətçi-türkçü idi, ancaq asanca millətçiliklə bağlı hoqqalar, «giqlər» edə bilərdi. Məncə, dindar idi, ancaq asanlıqla şəriətlə bağlı hoqqalar çıxarardı. Dostumuz Gündüz Sariyev Sovetlərin axırında qatı islamçı olandan sonra ona «dindarik» deyirdi. Hər dəfə küçədə onunla rastlaşanda kəlmeyi-şəhadət oxuyub salavat çevirirdi, Gündüz isə mənəviyyətca sağlam adam olduğundan onun bu «giqindən» uğunub gedirdi.

 

90-cı illərin ortasınacan Vaqifin dilinə spirtli içki dəyməmişdi. Yeyib içəndə niyə içmədiyini soruşanda deyərdi ki, Rus dram teatrında aktyorluq edəndə, elə ondan da qabaq «Ağdam» çaxırı içərmiş. İçib çox vaxtı kefli gəzərmiş. Bu alkoqoliklik çağında içməsi qovğalarla bitərmiş, çünki dəmliyi çox arqessiv olarmış, adamlara sataşar, onları alçaldarmış. İndi içməkdən ona görə çəkinir ki, bizə aqressivlik edcəyindən qorxur.

 

Rus dram teatrından sonra, deyəsən, Anarın həyanlığı ilə Vaqif Aktyor evində eksperimental teatr yaradır. Burada Fəxrəddin Manafov kino operatoru imiş, Vaqif onu tamaşalarda aktyorluğa cəlb edir.

 

İbrahimoğlu bu illər filtirsiz prima çəkirdi. Mən də ondan «Prima» çəkməyi götürmüşdüm (deyirlər, Tofiq Quliyev də bu siqareti çəkirmiş). Vaqif tez-tez armudu stəkanda çay içirdi və bu zaman siqareti bir az çəkib stəkanın yanındakı külqabına qoyurdu ki, öz-özünə tüstülənsin. Beləcə, kəndisini (bəlkə də siqareti) aldadırdı ki, az çəksin. Ancaq buna baxmayaraq, axırda ağ ciyərin xərçəngindən rəhmətə getdi. Nə biləsən, siqaret onu xərçəng etdi, yoxsa onsuz da bu zəhrimara tutulacaqdı.

 

Vaqif haqqında kitab və məqalələr yazılıb, özünün də məqalələri çap olunub. Ancaq yenə də duyuram ki, biz dostları onun xatirəsi önündə borcumuzu yerinə yetirib kimliyinin zənginliyini aça biməmişik. Bu səbəbdən xatirələrimdə ona bu qədər yer ayırıram.

 

Tədris teatrında Vaqifin tamaşaları məni teatral etdi. Bir az bu tamaşaların estetikasndan danışım. «Kitab-i Dədə Qorqud»un əsasında qoyduğu «Oğul» tamaşasında ciddi bir məsələni çözməliydi. Necə etmək ki əski oğuzların danışığı səhnədə səslənəndə səslənişin, deyilişin yadlığı tamaşaçı qulağını cızmasın? Bir yol sözləri indiki kimi söyləmək idi, yəni əski tələffüzü çağdaş deyilişlə əvəz etmək idi. Ancaq bu, Oğuz dünyasını avtomobil səsləri ilə dolu çağdaş şəhər kimi göstərməyə tay olardı. Bax, bu vəziyyətdə İbrahitmoğlu gözlənilməz fəndə əl atdı. Sözlərin, intonasiyanın yad səsləntisini ört-basdır etmək əvəzinə daha da qabartdı. Tamaşada oğuzlar hərəkəti yavaşıdılmış kadrdakı kimi danışır-davranırdılar. Sözlər əzələ kimi bədənlərdə qabara-qabara gəzir, jestlər də sözlərin gərgin gəzişməsinə uyğun gərilib yavaşıyırdı.

 

Bu tamaşa bir-neçə ay sonra mənim bir yazıma təkan verdi. Onun ideyası bu idi: ilkində sözlərlə nəsnələr arasında məsafə minimumdur, ona görə də sözlər nəsnələrin özü kimi qavranılır. Arxaikadan çıxmaq həm də sözlərin nəsnələrin orbitindən çıxıb «özbaşınalaşmasından» başlayır. Mən bu məqaləni «Filologiya məsələləri»ndə çap etdim.

  

Vaqif tamaşalarında onun sevdiyi sözlərlə desəm, xoxmaların, giklərin fantanı vardı. Bütün bunların parlaq ifaçısı isə Telman Adıgözəlov idi. Telman öz oyunu ilə 80-ci illərin birinci yarısında Tədris teatrında bizə bayram yaradırdı. Sonralar «müstəqilləşəndə» başqa teatra keçib toylara gedəndə məni heyran edən ustalığı xeyli kəsərini itirdi.

 

İndi mən Vaqifdən teatrşünas səliqəsi ilə yaza bilmərəm, çünki əlimin altında o zamandan qalma qeydlərim qalmayıb. Hərçənd «Qobustan»da «Yazılmamış gündəlikdən parçalar» adında bir məqalə çap edib orada dostumun tamaşalarından gündəlik janrında düşüncələrimi yazmışdım.

 

Vaqifin tamaşaları ilə bağlı indi huşuma gələnlərdən itələnib səhnədə yapdıqlarında məni heyran edən bəzi özəlliklər haqqında bunları söyləyə bilərəm: Şəhriyarın «Heydərbaba» poeması əsasında hazırladığı tamaşanın fasiləsində süjet gedişi kəsilsə də, personajlar süfrə başında oturub yeməklərini yeməkdə qalırlar. Qəribə ortam alınır. Bir yandan, tamaşa kəsilir, o biri yandan, kəsildiyi yer tamaşa kimi yox, tamaşaçılar üçün yox, sanki özü üçün yerində saya-saya qalır. Elə bil fasilədə birdən-binə uzaq keçmişdən oğuz dünyasının fraqmenti peyda olur. Sanki tamaşa durub tamaşaçıların qayıtmasını gözləyir. Burada pərdə-filan olmadığı üçün tamaşa görünməzliyə çəkilmir. Zalda qalan, girib-çıxan seyrçilər onun sönüb yoxa çəkilmədiyini, ancaq davam etməyə hazır olduğunu görürlər. Kimlərsə foyeyə çıxır, kimlərsə yanındakı ilə söhbət edir, süfrə başında oturan oğuzlarınsa əlləri gah süfrəyə, gah ağızlara gedir. Səhnədə oturmuş personajlar ağır işdən yorulmuş adamlar kimi dinməzcə, sör-söhbətsiz ağızlarındakını çeynyirlər. Sanki etnoqrafik muzeydə kəndçilərin məişətinə həsr olunmuş küncə baxırsan.

 

Mən ömrümdə heç vaxt, - nə o vaxtacan, nə o vaxtdan sonra insanların süfrə başında yeməsinə tamaşa edəndə bu qədər ruh rahatlığı duymamışdım. Bu əski oğuzlar «bir qısmat çörək» yeyirdilər, mən isə əski kişilər dünyasına sevə-sevə, nisgillə, həsrətlə tamaşa edirdim. Çünki aramla süfrə başında yeməklə məşğul olan bu oğuzlarda nəsə dərya boyda sakitlik, nəsə özünəqapanmışlığın əzəməti vardı. Vaqif, beləcə, tamaşanın fasiləsini qəribə bir terapevtik meditasiyaya çevirmişdi.

 

İbrahimoğlunun tamaşalarında heç vaxt qışqıran, nalə çəkən, duyğusal danışan aktyorların səsində, danışığında qondarmaçılıq görməzdin. Azərbaycan teatrında və kinosundakı danışıqlarda həmişə nəsə gerçəklik duyğusunu pozan intonasiyaya, deyilişə rast gəlirsən və bu, işləri korlayır. Vaqif isə türlü fəndlərlə, - işıqla, jestlərlə, templə, tembrlə belə təəssüratlara yol vermirdi, mümkün təhlükəni neytrallaşdırırdı.

 

Vaqif tamaşalarında səslə səssizliyin, görüntülərlə səsin yaxınlaşıb uzaqlaşmasından ən etgili, yəni ifadəli, güclü bildiricilər sırasını, hörgülərini görmək olardı. Bunlar məndə teatrın semiotikası ilə ilgili bir məqalənin ideyasını doğrdu. İbrahimoğlunun tamaşalarından istifadə edərək göstərdim ki, teatrda (elə kinoda da) sözlə bədənin, səs-musiqi ilə jestlərin ilişgiləri ya yaxınlaşma, ya uzaqlaşma üstündə qurulur. Yaxınlaşmaya örnək kədərli söz kədərli üz-gözlə verilir. Uzaqlaşmaya örnək: kədərli söz sevincək jestlərlə verilir.

 

Mən ilk dəfə Vaqifin tamaşasında səssizlikdə damcılanan suyun səsinin təsirini bildim. «Oğul» tamaşasının sonunda birdən projektordan axan işq zolaqları həyəcanla səhnədə, zalda «vurnuxanda» aktyorlar əllərindəki daşlarlı döyəcləməyə başladılar. Dədə Qorqud dastanı əsasında 20 Yanvardan bir az sonra qurulmuş bu tamaşada daşların səsi 20 yanvardakı rus güllələrinin səsini qulaqlara gətirdi və birdən-birə bu milli faciəni tamaşanın konteksti etdi.

 

Ancaq bu dediklərim yenə yetərli deyil.

 

Hər gün Vaqif teatra yeni ideyalarla gəlirdi. Artıq bu vaxtlar mən Ortaçağ müsəlman estetik mədəniyyəti ilə bağlı araşdırmalara başlamışdım. İbrahimoğlunun Tədris teatrındakı nəzəri söhbtlərində Y.Zavadskayanın yapon mədəniyyəti, özəlliklə, Dzen buddizm haqqında söylədiklərinin bizə çatdırması mənə böyük etgi göstərmişdi. Elçin Məmmədov isə Tibet buddizmindən təsirlənib Vaqiflə söhbətini quranda bu da mənim düşüncələrimi Doğuya aparırdı. İlk dəfə Şambala ideyasını onlardan eşitmişdim. Demək Vaqifin, dostları Rəhmanın, Əlinin söhbtlərində Sovetin acığına Çin, Tibet, Yapon mədəniyətləri ilə ilgili ideyalar işləkləşmişdi. Sözsüz, bunlar hamısı rus elmində formalaşmış sovetizmə alternativlərin təsiri idi. Y.Lotman və Tartu məktəbi ilə bağlı intellektuallar repressiya olunmuş şairləri (Qumilyovu, Mandelştamı), unutdurulmuş yazarları (Platonovu, Bulqakovu), alimləri (P.Florenskini) qəsdən ön plana çəkərək Sovet intellektual nomenkluaturasına alternativ yaradırdılar. Bu prosesdə Çinə, Yaponiyaya maraq həmin alternativi xeyli ekzotikləşdirirdi. Düzdür, rus elmində Ortaçağ Müsəlman Doğusuna da ciddi maraq vardı, Bartoldun, Bertelsin, Petruşevskinin adlarını çəkmək yetər ki, bu maraq aydın görünsün. Ancaq Tartu məktəbi çevrəsində birləşmiş semiotika üzrə intellektuallar arasında müsəlman Doğusuna maraq yox idi, sanki onun semiotikaya ciddi materiallar verəcəyinə inanmırdılar və neyçünsə saymırdılar ki, müsəlman mədəniyytindən sovet paradiqmalarına alternativ yaratmaq olar. Bax, bu durumda Vaqifgil məndə Çinə və Yaponiyaya maraq oyatdı. Onların Tartu məktəbindən xəbərləri yox idi, xəbəri məndən alıb gördülər ki, semiotiklərin Çin və yapon kültürü ilə bağlı tapdıqları daha ilgincdir. Mən isə millətçiliyimlə bu düşüncəyə gəldim ki, necə semiotiklər Sovet rejimində Çin və Yapon, bir az da hind estetik mədəniyyətlərini dəbə mindiriblər, eləcə də mən semiotik yanaşma ilə göstərəcəm ki, Ortaçağ müsəlman kültürü də o biriləri qədər ilgincdir. Məncə, bu yöndə yazdığım yazılarla Vaqifgilin maraq orbitinə müsəlman estetik mədəniyyətini sala bildim. Hərçənd bunda Əli Abbasovun da rolu az deyildi. O, müsəlman fəlsəfəsindən dərin düşüncə dünyası kimi Vaqifə mənsiz də danışırdı...

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib