Dərc edilib: 27-10-2019

https://www.nuh.az/21056-.html

Bizim suçumuz nədir, cənab Prezident !?

27.10.2019 14:37:37

İqtisadiyyat

Mətbuat sahəsində çalışanlar bilir ki, qəzet, sayt, jurnal rəhbəri olmaq nə qədər məsuliyyət tələb edir. Ən əsası Azərbaycan kimi ölkədə müstəqil olmaq nə qədər asandırsa, bir o qədər də çətindir. Bu çətinlik onda deyil ki, sən məmur özbaşınalığından yaza bilmirsən, buna görə səni həbs edərlər və yaxud saytını bloklayarlar. Ona görə yox ki, hansısa problemə müstəqil mövqeyini bildirəndən sonra bundan qəzəblənən bəzi şəxslər sənin barəndə ağzına gələni sifarişlə yazdırıb rüsvay etməyə cəhd etsin. Ona görə yox ki, bu ölkədə mətbuat konkret şəxslərin əlində cəmləşib, hamsı özləridir. Ona görə yox ki, reklam olmadığı üçün pulun yoxdur. 


Həm də ona görə ki, Azərbaycan torpaqları 20 faiz işğalda olan ölkədir,  ölkəmizin inkişafını istəməyən qüvvələr həm daxildə həm də xaricdə ciddi cəhdlə fəaliyyət göstərir və hər an büdrəməni gözləyirlər. Ona görə ki, bu ölkədə bizim övladlarımız yaşayır, bu torpaqda bizim babalarımız yatır. Bütün bu xüsusiyyətlər şəxsən məni həmişə dövlətimə sadiq, millətimə qarşı səmimi, dürüst olmaq məsuliyyəti ilə üz-üzə qoyur.

Bəzən abra bükülüb susursan, bəzən illər əvvəl başqa düşərgədə olub ağzına gələni yazan, təhqir edən, amma indi mövqeyini dəyişərək mediamaqnata çevirilən insanların sənə yuxardan aşağı baxmasına əsəbləşirsən, bəzən də bu adamlara gülürsən. Düşünürsən ki, məhz sən əvvəl necə olmusansa indi də eləsən, eyni adamsan, eyni mövqeydə dayanırsan və sifarişlə işləmirsən. Və bir də görürsən ki, məhz bu mövqedə olmağın sənə dövlətinə, millətinə daha çox dəstək verməyə imkan verir, sənə daha çox etibar edirlər, sənə daha çox inanırlar. Və sən qorxmadan davam edirsən.

Amma bəzi məqamlar da var ki, susmaqla daxilində böyük cinayətkara çevirilirsən. Daxilin səni rahat buraxmır, didib didişdirir ki, susma danış…

Huquqda hadisəni bilib gizlətmək cinayət olduğu kimi, bəzi məqamlarda da yaxanı kənara çəkib susmaq, mövqesiz qalmaq, dəstək verməmək ondan da böyük cinayətdir. Əgər bu torpaqda yaşayırsansa, əgər bu elin, vətənin övladısansa və gələcək inkişaf naminə sən də nəsə edə biləcəyinə inanırsansa gərək susmayasan. Qolunu çirməyib kömək etməlisən.

 

Bizimxeber.az Xəbər Portalının baş redaktoru Ədil Hüseynli


Mən nə iqtisadçıyam, nə da siyasətçi. Ölkədə baş verən siyasi-iqtisadi islahatları şərh etsəm, nəsə desəm səhv edə bilərəm. Baytar həkim də deyiləm, jurnalistəm, kasıb bir saytın rəhbəri, özü də lap diplomlusundan. Təsəvvür edirsinizmi, BDU-nun jurnalistika fakultəsini bitirmiş, 23 il mətbuat stajı olan, 10 ildir sayt saxlayan bir jurnalistin saytı kasıbdır. Bu necə ola bilər? Axı orta məktəbi bitirməyən, inşa yaza bilməyənin saytında reklam var, ona dəstək verirlər, səni isə heç bir tədbirə dəvət etmirlər. Güzgü qarşısına keçib özünə baxırsan ki, baş-bədən yerində, yazmaq problemin yox, bir neçə dildə sərbəst danışırsan, tərbiyəlisən. Amma kimlərsə səni mətbuatda görmək istəmir. Bax elə Kərəmi burda ağlamaq tutur – Axı niyə? Niyəsi mənə 15 ildir bəllidir.

Jurnliast, lap elə vətəndaş olaraq gördüyüm budur ki, Azərbaycan prezidenti İlham Əliyev ortaya olduqca ciddi siyasi iradə qoyub. Bu gün Azərbaycanın Prezidenti odur və düşünür ki, ölkəyə məhz onun bu yeni proqramı uğurlu gələcəy vəd edir. Bu gün vəzifədən çıxarılanlar bu hakimiyyətin kadrlarıdır. Onların heç biri müxalifətdən də deyil, heç nə zamansa müxalifətdən qopub gəlmişlərdə deyil. Bu dəfəki proqramda yaşlı-cavan məmur söhbəti də yoxdur. Sabah hansı məmur vəzifədən çıxrılacaq bunu da bilmirik. Əgər çıxarılacaqsa, deməli, prezident onunla da bu yolu addımlamaq istəmir.

Son günlər əsasən sosial şəbəkələrdə bir neçə məmur hədəf götürülüb onların biznesmen olduqları, dövlət büdcəsindən milyonlar taladıqları, yaşlarının artıq işləmək üçün imkamsız olması barədə yazırlar. Ciddi cəhdlə bu adamların vəzifədən uzaqlaşdırılması istənilir.

Əcəba 10 il hər hansı bir postda çalışan 40 yaşlı məmur bizneslə məşğul deyilmi? Belə çıxır ki, yaşlı biznesmen məmur getsin, cavan biznesmen məmur qalsın? Bu insanlar anlamır ki, burda söhbət yaşlı, cavan məmurdan getmir. Lap uzun illər Heydər Əliyevə, İlham Əliyevə sadiq olsa belə yeni proqrama uyğun deyilsə gedəcək. Burda söhbət komandanın yenilənməsindən gedir. Yeni düşüncədən, siyası hədəflərdən, idarəetmə panelindən gedir.

20 il eyni futbol komandasının məhşur qapıçısı günün birində uzaqlaşdırılır.  Niyə? Çünki yenilənmiş komandada artıq onun yeri görünmür, yaşlanıb, taktika dəyişib, top ağırlaşıb, arena böyükləşib, hakimlər elektronlaşıb.  Bu adamların xidmətləri var və hörmətlə, izzətlə yola salınır. Necə ki, İlham Əliyev yola saldığı məmurları qəbul edir, onları mükafatlandırır və sairə.

İslahat o demək deyil ki, səhər yuxudan durub qapının qarşısında bir kiloqram qızılın olduğunu görəsən. İslahat üçün hər kəs dəstək verməlidir, vəzifədən çıxarılan da, qalan da, vətəndaşlar da hər kəs bu işdə dəstək olmalıdır. Kim nəyi bacarırsa əsirgəməməlidir. İslahat həm də hər bir ailədən, yoldan, küçədən, məktəbdən, səhiyyədən, marketdən, avtobusdan başlamalıdır.

Qaldı ki, bir jurnalist olaraq mətbuat sahəsində islahatlara ehtiyacın olub olmadığına, bu barədə danışa bilərəm. Çünki buna jurnalist olaraq haqqım çatır.

Keçənə güzəşt deyən adamları sevirəm, baş vermiş hadisələrə qayıtmağın əleyhinəyəm. Elə olmsaydı, belə olsaydı, filankəs getsəydi, Həsən qalsaydı kimi keçmiş zaman şəkilçili məsələlər mənimçün müzakirə predmeti deyil. Biz indi bu gün və daha çox sabah nə baş verəcək barədə düşünməliyik. Necə edək ki, gənc nəsil üçün Qarabağ problemi qalmasın, daha varlı dövlətdə yaşasınlar, daha savadlı olsunlar, vətəni, milləti, torpağı daha çox sevsinlər. Dünəni müzakirə predmeti edənlərə, qaşınmayan yerdən qan çıxarmağa çalışanlara fikir verməyin, yola davam edin. Əgər bu yolun sonunda uğur varsa, övladlarımızın firəvan yaşayışı üçün işıq görünürsə o zaman daha sürətli addımlamalıyıq.

Prezident artıq ölkədə yeni islahatların başlandığını elan edib və ilk ciddi addımlar ortadadır. Bunun ən vacib hissəsi mətbuat, təbliğatdırsa o zaman bu sahədə islahat qaçılmazdır. Çünki Prezidentin də dediyi kimi, hansısa məmurların diqtəsi ilə fəaliyyət göstərən, məmur əlinə oynayan, inkişafa ziyan vuran bu mətbuat sürətlə hərəkət edən yeni siyasi – iqtisadi komanda ilə ayaqlaşa bilməyəcək. Bizim nə deməyimzdən asılı olmayaraq islahatın uğurla başa çatması üçün axsayan sahədə yenilənmələr indidən edilməlidir.

Haqqı olsa belə ev verilməyən, KİVDF-dən bir manat yardım almadığı üçün qərəzli mövqe ortaya qoyanlar bununla heç də prezidentə dəstək olmurlar, əksinə problem yaradırlar. Yenə təkrar edirəm ki, bu yeni komanda formalaşmasıdır. Bu komandada kimlər təmsil olunacaq bunu da Prezident bilir. Kimlər oynaya biləcək bunu da görəcəyik. Məhz mətbuat sahəsinin komanda rəhbəri kim olacaq bax, bu da bizim biləcəyimiz məsələ deyil. Bu günə kimi kim nə edibsə ortadadır. Kimlər hansı adlar altında hansı manipulyasiyalara yol veribsə onları da görmüşük. Evlər də paylanıb, sağlıqla yaşasınlar, KİVDF-dən aldıqları pullardan həmkarlarımız əmək haqqı da alıb, onların da halal xoşu. Yeni komandada mətbuatın topu kimin əlində olacaq, bax budur məsələ.

Bu gün Azərbaycan mətbuatının azadlıq, sərbəst yazmaq problemi (bu barədə yaxın günlərdə geniş yazım olacaq) yoxdur. Əvəzində mətbuatın reklam bazarı boyda ciddi problemi var. Bu bazarda monopoliya var. Reklam bazarı konkret tapşırıqla idarə olunur və sairə. Məhz bundan yararlanan məmurlar da ehtiyac içində olan mətbuat rəhbərini rahatlıqla ələ ala, istədiyini yazdıra bilib.

Reklam bazarı niyə formalaşmadı bu da bəllidir. Kimlər mane oldu bunu biz də bilirik, özləri də. Yəqin ki, milyonları yeyənlər daha çox narahatdırlar. Ölkə mətbuatını hansı günə qoyublar bunu da əla bilirlər. Onların bu əməllərindən prezident də xəbərdardır. Cəzalarını da məhz prezident İlham Əliyev verir və verəcək.

Günahkarı biz axtarmayaq. Azərbaycan hüquqi dövlətdir, bu ölkənin günahkar axtaran kifayət qədər ciddi qrumları var. Bu onların işidir, jurnalistlərin işi isə xəbərləmədir. Qoy onlar cəzalandırsın, biz juralistlər də içtimailəşdirək.

Elə ona görə də, indi bizim payımıza düşən Prezidentin bu islahatlarına dəstək verməkdir. Elə isə ağıllı, təmkinli, ideylarla dolu mübarizəyə mən hazır…

Heç nə hez zaman gec deyil. Yetər ki, müstəqil mətbuat yaransın, reklam bazarı formalaşsın, mətbuatdan öz maraqları üçün yararlanan məmurlar sıradan çıxarılsın. Bəlkə bundan sonra rəqabət yaranar, yalançı ip-lərə tapşırıqla reklam verən şirkət rəhbərləri də öz bizneslərinin inkişafı üçün kiminlə işləməyin vacibliyini dərk edərlər.

P.S

Ölkədə ixtisaslı jurnalist olaraq 10 ildir fəaliyyət göstərən kasıb sayt rəhbərlərindən biri kimi bu günədək hansısa məmurun əlini sıxıb, bir stəkan çayını belə içmədim. Nə ev almışam, nə də KİVDF-dən bir manat yardım. Ona görə yox ki, onlar məmurdu, deputatdı, icra başçısıdır, mən jurnalistika ideyalarının dahisi…

Ona görə ki, mən həmişə sağlam rəqabətin, mətbuatda reklam bazarının formalaşmasının, jurnalistlərin sərbəst fəaliyyətinin, onların hansısa məmurun əlində gülünc vəziyyətə düşməməsinin, bu peşənin uçuz edilməməsinin tərəfdarıyam. Şirkət rəhbərindən reklam almaq üçün milyon çildə girəndən jurnalist olmaz. Bir birimizə böhtan atmayaq, həmkar olaq, kimlərinsə milyonlar qazanması üçün şər yağdırmayaq. 

Məmur əlinə baxandan yazar olmaz. Onun hörməti də olmaz, qələminin kəsəri də.  DƏYİŞMƏLİYİK,  YENİLƏNMƏLİYİK…

Reklam monopoliyası  aradan qaldırılmalıdır, mətbuata yardım məsələsində qaydalara bir daha nəzər salınmalıdır. Jurnalistlərin cəmiyyətdə nüfuzunun qaldırılması üçün yeni layihələr hazırlanmalıdır, onlara qanun çərçivəsində sərbəstlik verilməlidir, araşdırmaçı jurnalistlərə çox ciddi formada şərait yaradılmalıdır, domain qeydiyyatları məsələsi nəzarətə götürülməlidir, yeni təkliflərə baxılmalıdır, dünyaya çıxmalıyıq və sairə.


Bizimxeber.az Media Mərkəzi MMC-nin
baş redaktoru Ədil Hüseynli 


NUH informasiya agentliyi səhifəsindən çap edilib