Dərc edilib: 29-10-2019

https://www.nuh.az/21074-.html

Türkiyənin Cümhuriyyət, Atatürkün prezident olduğu gün

29.10.2019 14:41:05

Mədəniyyət
Bu gün Türkiyə Cümhuriyyət Bayramını qeyd edir.

Qaynarinfo xəbər verir ki, 29 oktyabr 1923-cü ildə Türkiyə Böyük Millət Məclisində ölkədə Türkiyə Cümhuriyyəti elan edilib. 29 oktyabr Cümhuriyyət Bayramı hər il Türkiyə və Şimali Kipr Türk Respublikasında qeyd olunur. 1925-ci ildə çıxarılan qanunla həmin gün bayram elan edilib.
I Dünya Müharibəsindən sonra məğlubiyyətlə üzləşən Osmanlı İmperatorluğu süquta uğradı. 1920-ci ildə Böyük Millət Məclisinin sədri seçilən Mustafa Kamal Atatürk "Ya istiqlal, ya ölüm" şüarı ilə mübarizəyə başladı, Qurtuluş Savaşı, İnönü Müharibələri, Sakarya Meydan Müharibəsi və Baş Komandan Döyüşlərində qalib gələ bildi. M.K.Atatürk 24 iyul 1923-cü ildə Yunanıstan və I Dünya Müharibəsinin digər iştirakçıları ilə Lozanna Sülh Müqaviləsini imzaladı və Türkiyənin müstəqilliyi digər ölkələr tərəfindən rəsmi olaraq tanındı. 
Böyük Millət Məclisi 11 avqust 1923-cü ildə ilk dəfə iclas keçirdi. 13 oktyabrda Ankara paytaxt seçildi. 29 oktyabrda Türkiyə Cümhuriyyəti, Atatürk isə ilk prezident elan edildi. 
Cümhuriyyətin elan edilməsi Türkiyənin müasir və mədəni ölkələrlə bir səviyyəyə çatması üçün ilk addım oldu. 29 oktyabrdan sonra ölkədə siyasi, iqtisadi, mədəni, təhsil, hüquq, sənaye, ticarət sahələrində ciddi islahatlar aparıldı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib