Dərc edilib: 31-10-2019

https://www.nuh.az/21097-.html

Azərbaycanda ayı əti satmaq qadağandırmı - Maraqlı faktlar

31.10.2019 11:28:46

Kriminal

6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Qəbələ rayonu Soltanmuxa kəndi yaxınlığında ayı ətinin satılması ilə bağlı daxil olan məlumat nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı "VAZ-2106" markalı 36-BL-273 dövlət nömrə nişanlı avtomobilin yük yerində ət aşkar edilib və mütəxəssislər tərəfindən ayı əti olduğu təsdiqlənib.

Avtomobilin sahibi Qəbələ rayonu Tikanlı kənd sakini Səyahət Şəfiyev barəsində akt tərtib olunub. Məsələyə hüquqi qiymət verilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma materialları Qəbələ Rayon Prokurorluğuna göndərilib.
Bundan əvvəl də Şəkidə ayı cəmdəyi və iki aylıq diri ayı balası aşkar edilmişdi.
Qədim dövrlərdə bəzi insanlar güclü olmaq üçün nəinki ayı əti, onun iliyini yeyirmişlər. Bəzi dövrlərdə insanlar ayı ətindən geniş istifadə ediblər. Hətta təbabət kitablarında ayı ətinin və piyinin  dərman olduğu, müxtəlif xəstəliklərin yaxşılaşmasına təsir göstərdiyi bildirilir.
Təbabətdə ayının piyi əl-ayaqdakı qırıq-çıxıq və burxulmalar olan yerlərə sürtüldüyü, bronxit xəstəliyinin müalicəsində ondan istifadə edildiyi qeyd edilir.
Saç tökülməsinə qarşı başa ayı piyi sürtürmüşlər. Revmatizm və bel  ağrılarında da ayı piyindən geniş istifadə olunub.
Hazırda da ağırlıqları 40 kiloqramdan 780 kiloqrama qədər olan bu heyvanın ətindən istifadə edənlər var. Ayı ətinin kilosunun 8-10 manata satıldığını iddia edənlər də az deyil.
Ayının qaraciyərini çox yemək olmaz. Çünki vitamin zəhərlənməsi baş verə bilər. Qoyun, mal əti ayı ətindən yaxşıdır.
İslam dini isə ayı ətini qadağan edir. Ümumiyyətlə, din caynaqlı heyvanların (dovşan və s.) ətini yeməyi haram sayır.
Ayılar, ümumiyyətlə, həm ət, həm də otla bəslənən heyvanlardır. Bu heyvanların bəslənməsində ət, balıq və meyvə əhəmiyyətli yer tutur.
Ayılar meşələrin dərinliyində, gizlin yerlərdəki ağac oyuqlarında, ya da böyük qayaların arasında yaranan çuxurlarda, mağaralarda yaşayırlar.
Qış gəlməzdən əvvəl bol-bol bəslənərək kökələn ayılar qışda uzun müddət yuxuya da gedirlər. Amma bu uzun mürgüləmə gerçək bir qış yuxusu sayılmaz. Yəni hər an oyana və hərəkət edə bilərlər.
Ayılar təbiətdə yabanı olaraq 15-30 ilə qədər, tutulub insanlar tərəfindən saxlanıldıqda isə daha uzun müddət yaşaya bilirlər. Onların müxtəlif növləri var: boz ayı, qonur ayı, qütb ayısı, panda və s.
Ekoloq Telman Zeynalov "Yeni Müsavat”a bildirib ki, ayı əti satmaq qadağan deyil. Onun sözlərinə görə, burada söhbət təbiətə ziyan vurmaq və  istehlakçının aldadılması faktından gedə bilər:
"Ola bilsin ki, həmin şəxs ayı ətini donuz və ya mal-qara əti adı ilə satırmış. Əgər ayı əti olduğunu söyləyib satarsa, buna görə kimsə qadağa qoya bilməz.  Üstəlik, ayı əti yeməlidir. Əslində bütün ətlər yeməlidir. Yadınızdadırsa, Ziya Məmmədovun oğlunun ayı kəsdirib yeməsi xəbərləri yayılmışdı. Azərbaycan meşələrində ayı, pələng, şir var”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti rəhbəri İradə İbrahimova "Yeni Müsavat”a bildirib ki, qonur ayıların ovlanması qadağandır.
Onun sözlərinə görə, bu, cinayət sayılır və iş prokurorluğa göndərilir. Nazirlik sözçüsü qeyd edib ki, həmin ayılar Azərbaycanın "Qırmızı” kitabına düşmüş heyvanlardır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib