Dərc edilib: 31-10-2019

https://www.nuh.az/21098-.html

“Azİİ e-kitab evi”ndə Mirələmovun kitablarının təqdimatı keçirilib

31.10.2019 13:25:04

Müsahibə

Oktyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Azİİ e-kitab evi”ndə yazıçı-ssenarist, millət vəkili, ADNSU-nun «Neftin, qazın nəqli və saxlanması» kafedrasının müdiri,  professor Hüseynbala Mirələmovun kitab evinin bazasına təqdim etdiyi kitabların təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, təqdimat mərasimində ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Əliyarov, akademik, millət vəkili Nizami Cəfərov, «İki sahil» qəzetinin əməkdaşı Sevinc Mürvətqızı, universitetin Azərbaycan dili kafedrasının müdiri, professor Rüstəm Rəsulov, Kimya Texnologiya fakültəsinin (KTF) dekanı, professor Sevinc Məmmədxanova, həmçinin Qaz-neft mədən fakültəsinin (QNMF) professor-müəllim heyəti və tələbələr iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan “Azİİ e-kitab evi”nin direktoru Səlahət Mahmudova, kitab evi haqqında qısa məlumat verib.  Sonra akademik, millət vəkili Nizami Cəfərov professor H.Mirələmovun yaradıcılığından və yazıçılıq fəaliyyətindən danışıb.

Daha sonra Rüstəm  Rəsulov, həmin kafedranın müəlliməsi Könül Abdullayeva, Sevinc Məmmədxanova, Sevinc Mürvətqızı çıxış edərək H.Mirələmovun bədii yaradııcılığından söz açıb və gəncləri H.Mirələmovun yaradıcılıına nəzər salmağa, müəllifi olduğu əsərlərlə yaxından tanış olmağa çağırıblar.

Qeyd edək ki, millət vəkili, yazıçı ssenarist H.Mirələmov müəllifi olduğu 11 adda 33 nüsxə bədii kitabı “Azİİ e-kitab evi”nə hədiyyə edib. Kitab evinin oxucu zalında H. Mirələmovun təqdim etdiyi həmin kitablardan ibarət sərgi də təşkil olunub və sərgidə yer alan kitablar oxucuların açıq istifadəsinə verilib.

 



 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib