Dərc edilib: 14-11-2019

https://www.nuh.az/21222-.html

Polkovnikin oğlu həbs edildi: Qadınlara hücum edirmiş

14.11.2019 14:31:47

Kriminal

Bakıda qadınlara qənim kəsilən gənc həbs olunub. Həmin gənc müxtəlif adlarla yaxınlaşır, yaralayır, qarət edirmiş. 

 

Criminal.az  xəbər verir ki, onun qurbanlarından biri Sumqayıt sakini Sevinc Qənimovadır.


Həmin xanım təzə tanış olduğu Orxan adlı şəxs tərəfindən avqustun 25-də, 08:00 radələrində, akademik Həsən Əliyev küçəsində kirayələdiyi evdə bıçaqlanıb. Yeni sevgilsi münaqişə zəminində çoxsaylı bıçaq zərbələri ilə onu kürək, sinə, baş və üz nahiyəsindən yaralayıb. Ağır vəziyyətdə olan qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İlkin dindirmə zamanı zərərçəkən ona təzə tanış olduğu Orxan adında şəxsin hücum etdiyini bildirib. Lakin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən operativ-axtarış tədbirləri nəticəsində fakt üzrə Bakı sakini saxlanılıb. Özünü Orxan kimi təqdim edən şəxsin əslində, 1999-cu il təvəllüdlü Qurbanlı Aslan Azər oğlu olduğu ortaya çıxıb.

Araşdırma zamanı məlum olub ki, həmin şəxs bir həftə öncə Məlahət Əli adlı qadına da hücum edərək, pul və qiymətli əşyalarını oğurlayıb. Avqustun 19-u saat 03:00-da Cavadxan küçəsi, bina 1-də isə Abşeron rayon sakini, 1972-ci il təvəllüdlü Məlahət Əliyə hücum olunub. Zərbənin gücündən qadın huşunu itirib, ayılanda isə 70 manat pul, 1000 manatlıq qızıl əşyaları və mobil telefonunun yoxa çıxdığını görüb. Qadın həmin şəxsin adının Həsən olduğunu bildirib. Kişi özünü ona elə təqdim edibmiş. Məlum olub ki, 20 yaşlı şəxs müxtəlif adlar altında tənha qadınlarla tanış olaraq onların etibarını qazanmağa çalışıb. Daha sonra isə xəsarət yetirərək, həmin qadınları qarət edib. İstintaq zamanı həmin şəxsin də A.Qurbanlı olduğu üzə çıxıb.

Məlumata görə, A.Qurbanlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət-Axtarış İdarəsinin şöbə rəisi polkovnik Azər Məmmədovun oğludur. Babası isə Mətubat Şurasının icraçı katibi və Polisə Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyevdir. Aslan Qurbanlı Ş.Əliyevin qızının oğludur.

A.Qurbanlı hazırda Kürdəxanı həbsxanasındadır.

Ş.Əliyev nəvəsinin əməli ilə bağlı sayta məlumat vermək istəməyib. DİN-nin mətbuat xidmətinin rəisi müavini Orxan Mansurzadə isə ailə məsələsi olduğundan ictimailəşdirilməsini məqsədəuyğun saymayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib