Dərc edilib: 25-11-2019

https://www.nuh.az/21426-.html

Beynəlxalq terrorun “qara qutusu” Türkiyədə danışdı

25.11.2019 23:26:20

Maqazin

Osmaniyə Baş Prokurorluğu tərəfindən terror təşkilatı İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlarda yaxalanan "Abu Ubey Əl Misri” kod adlı Camal Mahmud Abid Mabruk ciddi etiraflar edib.

 

Qaynarinfo xəbər verir ki, Mabruk 35 il əvvəl Əfqanıstanda başlayan fəaliyyətinin Filippin, Liviya və Suriyada davam etdiyini deyib. O, Əfqanıstanda Əl-Qaidə qurucularından olan Abdullah Əzəmlə yaxın olduğunu, Əl Nusra lideri Colani ilə 3-4 dəfə görüşdüyünü, Ömər Sisani ilə ortaq bir ordu quraraq bir hava limanını ələ keçirdiklərini bildirib.

 

 

Suriyadan ayrıldıqdan sonra Mabruk İstanbuldakı Hadımköydə yaşamağa və burada su paylamağa başlayıb... Mabruk orada tutularaq həbsxanaya göndərilib.

Özünün dediyinə görə, 1961-ci ildə İsgəndəriyyədə anadan olub. Orta məktəbdən sonra qida Topdansatış satıcısı kimi çalışıb. 1985-ci ildə İsgəndəriyyədəki dini söhbətlərdən təsirlənərək Əfqanıstana gedib.

 

 

 

Mebruk bu müddət haqda bunları deyib:

 

 

 

"Məqsədim kafirlərə (ruslara) qarşı cihad etmək idi. Əfqanıstanda fələstinli Abdullah Yusuf Əzəm tərəfindən qurulmuş birliyə qoşuldum. Üç il ərzində Əzəm və cihadçı yoldaşlarımla ruslara qarşı vuruşdum. 1988-ci ildə Misirə qayıtdım. Geri qayıdan kimi Filippinə getdim. Moro İslam Azadlıq Cəbhəsinə qoşuldum. Döyüşçülərə il yarım təlim keçdim. Filippindən qayıtdıqdan sonra Səudiyyə Ərəbistanında 18 il həbs cəzası aldım. 2011-ci ildə həbsdən çıxdım.

 

 

Sonra Liviyaya gedib 3 ay Benqazi cihadçılarına silahlı təlim keçdim. Mən cihadçı və sələfiyəm, bunu gizlətmirəm. Ətrafımdakı bütün insanlar məni Əbu Ubayd Əl-Misri kimi tanıyırlar. Bu, kod addımdır. Buna "künyə" deyirik. Cihad gedən hansı yerə getsəm, məni bu adla tanıyırlar”.

 

 

Mebruk Liviyada görüşdüyü bir adam vasitəsi ilə Suriyaya getməyə qərar verdiyini deyib:

 

 

"2012-ci ildə Azezdə Əhməd Alobeidin yanına getdim. Ətrafında döyüşçü az idi. Dedi ki, mən sizin üçün bir yer təşkil edim, birlikdə döyüşçülər hazırlayaq. Razılaşdım. 70.000 $ pulum var idi. Alobeid mənə Semerin deyilən yerdə 10 sot ərazi verdi. Döyüşçülər üçün düşərgənin yanında vanna otağı və tualet də tikdik. Düşərgə qurduqdan sonra əvvəlcə 50 nəfərdən ibarət qrup hazırladıq. Təlim 35 gün davam etdi. Gələnlər artanda daha böyük bir düşərgə lazım oldu. Şimarik bölgəsində daha böyük bir düşərgə qurduq. Ətrafını betonla hörərək atəş hazırlığı sahəsi hazırladıq.

 

 

 

Böyük bir düşərgə qurduğumuzu eşidəndən sonra xarici döyüşçülər gəlməyə başladı. Onların əksəriyyəti Fransa, Mərakeş, Tunis və Misirdən gəlmişdi. Düşərgəyə gəlmək üçün sərhəd bölgəsinə gələn döyüşçülər məni axtarır, mən də onları gətirtdirirdim. Bu iş üçün ayrılmış bir qrup döyüşçü var idi. Fürsət tapanda zaman-zaman Liviya və Misirə gedirdm. Bu ölkələrə gedəndə ətrafımdakı insanları Suriyaya yönəldirdim. Telefonumu verirdim. Məni necə tapacaqlarını başa salırdım.

 

 

 

Döyüşənlərin bəziləri silah və xeyli miqdarda pul gətirirdilər. Düşərgənin rəhbəri kimi bu pulu bizə verirdilər. 2013-cü ildə Liviyadan olan bir döyüşçü düşərgəmizdə silahlı təlim aldıqdan sonra bizə 20 min avro verib getdi. Əl-Nusra cəbhəsinə gedəndə isə onlara 80 min avro apardı. Bundan əlavə, Səudiyyə Ərəbistanı, Liviya və Misir kimi ölkələrdən gələn qaçqınlardan da bizə pul göndərilirdi. Sonra həmin düşərgədən ayrıldım. 30-a yaxın nəqliyyat vasitəsi, 150 döyüşçü və 2 zenit qurğusu ilə başqa bir yerə getdim. Böyük bir villa və obyekt taparaq məskunlaşdım. Ordumun adını "Ceyşül Muhammed” olaraq dəyişdirdim.

 

 

 

2015-ci ildə Nusra Cəbhəsinə qoşulduq. Nusra lideri Məhəmməd Colani ilə şəxsən 3-4 dəfə görüşdüm. Bir-birimizə dəstək olmaq və döyüşçüləri yetişdirmək üçün razılaşdıq. Ömər Şişani ilə danışdım. "Ceyşül Muhacirun” və "Ənsar” adlı bir ordu qurduq. Şişani təxminən 300 döyüşçü gətirdi. Suriya ordusunun Hələb yaxınlığındakı hissəsinə hücum etdik. Oranı ələ keçirdik. İki zenit qurğu, 500 piyada tüfəngi, 100.000 dollardan çox pul ələ keçirdim. Minnak hava limanına hücum etdik, ancaq ala bilmədik.

 

 

Sonra Ömər Şisani ilə yenidən hava limanına hücum etdik və aldıq. Şisani İŞİD-çi olduğunu açıq dedi və bizə qənimət verməkdən imtina etdi. Qənimət əldə edilmədiyi üçün bölgəni döyüşçülərimlə birgə tərk etdim. İŞİD-lə ASO arasında vasitəçilik etdim, məhbus mübadiləsində vasitəçi oldum. El Nusra mənim təlimimi çox bəyəndiyindən, yeni gələnlər üçün hərbi və silahlı təlim keçməyimi istədi. Suriyadan qayıtdıqdan sonra İstanbula köçdüm. Suriyadakı mühitimdən uzaq durmağa çalışdım, onlarla əlaqə qurmaq istəmədim.

 

 

Səudiyyə Ərəbistanı, Liviya və Misir kimi ölkələrdən olan qaçqın döyüşçülər vasitəsilə xeyli miqdarda yardım (zəkat) pulları göndərilirdi. Bəzən də tanımadığımız, ancaq döyüşçü olanlara kömək etmək istəyən şəxslər olurdu. Onlar da pul gətirirdilər. Bəzi təşkilat və qrupların rəhbərləri bölgələrindəki torpaqları icarəyə verib ondan da ayrıca gəlir əldə edirdilər”.

 

 

Terrorçu sonda deyib:

 

 

"İŞİD zalım və pis bir təşkilatdır. Əl-Nusra cəbhəsi terror təşkilatı deyil, nizamlı bir təşkilatdır. Əl-Qaidənin terror təşkilatı olduğunu deyə bilmərəm, amma yaxşı və pis tərəfləri var. Mən günahsızam, azad olunmağımı istəyirəm...”

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib