Dərc edilib: 26-11-2019

https://www.nuh.az/21448-.html

Fəxri Xiyabanda boş yerlər azalıb...

26.11.2019 22:56:21

Maraqlı

Fəxri Xiyaban Azərbaycan xalqına xidmətdə xüsusi fədakarlıq göstərmiş insanların bir qisminin dəfn olunduğu memorial kompleksdir. Fəxri Xiyaban Azərbaycan SSR Nazirlər Sovetinin 27 avqust 1948-ci il tarixli sərəncamı ilə yaradılıb.

Hazırda Bakıda I, II Fəxri Xiyaban mövcuddur. I Fəxri Xiyabanda 256, II Fəxri Xiyabanda 123 görkəmli şəxsi dəfn edilib.
Belə fikirlər var ki, Bakının mərkəzində yerləşən qəbiristanlıqlarda olduğu kimi, I və II Fəxri Xiyabanlarda da sıxlıq müşahidə edilir və bu səbəbdən də yaxın gələcəkdə məşhur şəxslərin burada dəfn edilməsi mümkün olmayacaq.
Məsələ ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov  Modern.az-a deyib ki, Fəxri Xiyabanda sıxlıq olsa da, boş yerlər hələ var:
"I və II Fəxri Xiyabanda boş yerlər hələ qalsa da, dəqiq say demək mümkün deyil. Şəhərin mərkəzindəki adi qəbiristanlıqlarda isə daha sıxlıqdır. Doğurudur, məsələn,  kimsə istəyirsə ki, vəfat edəni yaxınlarının yanında dəfn etsin, ona birtəhər yer tapmaq olur. Amma ümumilikdə qəbiristanlıqlarda sıxlıqdır. Hazırda 14 qəbiristanlıq bələdiyyələrə verilib və artıq bu məsələlərlə onlar məşğuldur”.
S.Həsənov Fəxri Xiyabanda dəfn olunma prosedurundan da danışıb. Qeyd edib ki, vəfat edən şəxsin Fəxri Xiyabanda dəfn olunması üçün Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq departamentinə müraciət edilir:
"Departament də bizə məlumat verir. Biz vəfat edənin ixtisasına, peşəsinə uyğun, məsələn akademikdirsə, Xalq artistidirsə və s. o sahəyə uyğun yer ayırırırq. Ölən adam orada dəfn edilir. Yəni biz icraçıyıq, nə göstəriş verilirsə, onu həyata keçiririk”.
Milli Məclisin İctimai birliklər və dini komitəsinin sədri Siyavuş Novruzov Modern.az-a bildirib ki, Azərbaycanda nümunəvi qəbiristanlıqların yaradılması gündəmdədir:
"Fəxri Xiyaban, Bakıda, eləcə də regionlarda olan Şəhidlər xiyabanlarını çıxmaq şərtilə, yerdə qalanların hamısı bərabər olmalıdır. Nazirlər Kabinetinin qərarı əsasında yerlərin ayrılması, qəbirlərin hansı formada olması şərtilə həyata keçirilməlidir. Bu prosedurun rəsmi tərəfidir”.
S.Novruzovun sözlərinə görə, əgər Fəxri Xiyabanda yerlər tam məhdudlaşarsa, bununla bağlı hökumət tərəfindən qərar veriləcək:
"Bakıda I və II Fəxri xiyabanlar salınıb. Yerlər məhdudlaşdıqca, hökumət bununla bağlı addım atacaq. Bu, hökumətin səlahiyyətində olan haldır. Qanunla burada qəbirüstü abidələrin qoyulmasına qadağa yoxdur. Yerdə qalan qəbiristanlıqlar isə nümunəvi olmalıdır”.
Komitə sədri qeyd edib ki, Azərbaycana xaricdən gələn qonaqlar həm Fəxri Xiyabanla, həm də Şəhidlər Xiyabanı ilə bağlı özlərinin rəylərini açıqlayırlar:
"Onlar bildirirlər ki, hər bir ölkə belə xiyabanlar yaratmağa çalışmalıdır. Bu, insanların tarixdə qalması, gələn qonaqların hər birinin oranı ziyarət edərkən təəssüratının yaranması üçün olduqca vacibdir. Bilinsin ki, mədəniyyətlə, mətbuatla, siyasətlə və s. ilə məşğul olanlar kimlər olub, Azərbaycan torpağının azadlığı uğrunda mübarizədə kimlər iştirak edib... Hər iki yer gənc nəslin düzgün tərbiyə olunmasında, düzgün istiqamətlənməsində mühüm rol oynayır. Tarix dərslərinin keçirilməsilə yanaşı, uşaqların xiyabanları ziyarət etməsi, ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlərin bir daha xatırlanması əsas amillərdəndir. Biri var kitabdan oxuyasan, biri də var canlı şəkildə onların qəbirlərini ziyaraət edəsən”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib