Dərc edilib: 29-11-2019

https://www.nuh.az/21493-.html

Sabiq maliyyə nazirinə vəzifə verildi

29.11.2019 10:40:26

İqtisadiyyat

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının 28 noyabr 2019-cu il sərancamı ilə Fikrət Hüseyn oğlu Yusifov sədrin sosial-iqtisadi məsələlər üzrə müavini təyin edilib.
redaktor.az   xəbər verir ki, bu barədə partiyanın mətbuat xidmətindən məlumat verilib.
Məsələ ilə bağlı saytımıza danışan sabiq maliyyə naziri Fikrət Yusifov məlumatı təsdiqləyib.
F. Yusifov bildirib ki, siyasi müstəvidə fəaliyyət seçimi etməkdə məqsədi dövlətə və dövlətçiliyə daha yaxından kömək etmək istəyi ilə bağlıdır:
"Bu gündən Ana Vətən partiyası sədrinin sosial-iqtisadi məsələlər üzrə müavini keyfiyyətində fəaliyyətə başlayıram. Bu təklif Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdan gəldi. Mən Fəzail bəyi 30 ildən artıqdır ki, tanıyıram və onunla həmişə yaxın münasibətlərimiz olub. Fəzail Ağamalı dövlətini, xalqını ürəkdən sevən, dövlətinə və xalqına layiqli xidmət göstərən bir insandır. Onun əqidə bütövlüyü, mövqeyinin sabitliyi dövlətə və dövlətçiliyə tam səmimiyyətlə xidmət göstərməsinin əsasında dayanan başlıca şərtlərdir. Ölkəmizdə gedən iqtisadi və siyasi prosseslərə münasibətdə bizim baxışlarımız üst-üstə düşür. Artıq bir xeyli vaxt idi ki, Fəzail bəylə mənim Ana Vətən Partiyasında iqtisadi bloka rəhbərlik etmək və sədrin iqtisadi məsələlər üzrə müavini qismində fəaliyyət göstərmək imkanlarımı müzakirə edirdik. Nəhayət, bu ilin noyabr ayının 20-də mən rəsmi olaraq partiyanın sıralarına qəbul olunmaqla bağlı ərizə ilə müraciət etdim”.
F. Yusifov qeyd edib ki, ölkənin maliyyə nazirliyinə rəhbərlik etdiyi dövrdə də, ondan sonrakı illər ərzində də Heydər Əliyev ideyalarına sədaqətlə xidmət edib:
"Son beş ildə ölkə mətbuatında Azərbaycanda aparılan iqtisadi islahatlarla bağlı müxtəlif səviyyədən olan təhlil, açıqlama, araşdırma xarakterli yazılarla çıxışlar etmişəm. Bu çıxışlarımda səsləndirdiyim onlarla təkliflər öz tətbiqini müxtəlif səviyyədən olan qərarlarda, qanunlarda və digər normativ hüquqi aktlarda tapa bilib. Ana Vətən Partiyasına üzv olub bu siyasi müstəvidə partiya sədrinin iqtisadi məsələlər üzrə müavini kimi dövlətimizə və dövlətçiliyimizə daha çox fayda verə biləcəyimə inanıram”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib