Dərc edilib: 04-12-2019

https://www.nuh.az/21585-.html

Parlament buraxıldı, üç deputatın “kitabı bağlandı”?!

04.12.2019 18:42:01

Maraqlı

Milli Məclis rəsmən buraxıldı. İndi gözlər prezidentdədir və növbədənkənar parlament seçkilərinin təyin olunacağı tarix elan olunmalıdır. Hazırkı MM-in tərkibinin ölkədəki islahatların kursuna uyğun olmadığı rəsmi şəkildə təsdiqləndi. Belə olmasaydı, dünyanın hansı ölkəsində iqtidar partiyası parlamentin buraxılmasını istəyərdi?!


Reportyor.info-nun xəbərinə görə, artıq hakim partiya daxilində yeni namizədlərin siyahısı hazırlanır. Bu informasiyalar hazırkı deputatların azı 50 faizinin “kürkünə birə salıb”.

Məlumatlara görə, Azay Quliyevin növbəti dəfə deputatlıq şanslar yarıbayarıdır. QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri olan A.Quliyev indiyə qədər vətəndaş cəmiyyətinin inkişafı istiqamətində özünə yaxın təşkialtlara pul ayırmaqla məşğul olub.

Onun yaxın olduğu siyasi komandanın qürubu və yola salınması A.Quliyevin mandat imkanlarının həlqəsini daraldıb.

Azay Quliyevlə əlbir olan bir qrup şəxslər hər bir qrant müsabiqəsində küllü miqdarda vəsaiti göyə sovurur və ya mədəni surətdə mənimsəyirlər.

Şuranın qrant vəsaiti ayırdığı təşkilatların adlarına və onların maliyyə aldıqları layihələrə diqqət yetirəndə görünür ki, həmin layihələrin heç biri real icra olunmaq üçün deyil. Onlar çox asanlıqla sənədləşdirilib, pulunun silinməsi mümkün olan işlərdir. Gəlin mediadakı faktları yada salaq:

600-dən çox QHT-ni özündə birləşdirən Milli QHT Forumuna Azay Quliyevin bibisi oğlu Rauf Zeyninin rəhbərlik etməsi;

5 regional QHT Resurs Mərkəzlərinin (Şirvan, Qəbələ, Şəmkir, Quba və Mingəçevir) rəhbərlərinin Azay Quliyev tərəfindən idarə olunması və onlar vasitəsilə həmin regionda olan QHT-lərə ayrılan pulların toplanması;

Xarici donorlardan ayrılan maliyyə vəsaitlərinin Şura vasitəsilə adları qeyd olunan Resurs Mərkəzlərinə yönəldilməsi (Kimoneks, Counterpart və SEDA);

Şuranın əməkdaşlarının 70 faizinin Azay Quliyevin qohumlarından ibarət olması; Şuranın icraçı direktorunun Azay Quliyevin bacısının həyat yoldaşı, baş mühasibin isə baldızının həyat yoldaşı olması;

Şuranın nəzdində fəaliyyət göstərən QHT Nəşriyyatının direktorunun Azay Quliyevin qayınatası Ramil Süleymanovun olması;

Şuradan qrant alan QHT-lərin bütün çap işlərinin məcburi şəkildə QHT Nəşriyyatında etdirilməsi;

Şuranın bütün texniki avadanlıqlarını satan və xidmətlər göstərən müxtəlif adlı şirkətlərin Azay Quliyevin dayısı oğlu İlham Bayramova məxsus olması;

Şuranın QHT-lərə ayrılan 2,5 milyonluq qrant məbləğindən başqa, yerdə qalan 3-4 milyon vəsaitin Şuranın tədbirləri adı altında silinməsi;

Reportyor.info-nun xəbərinə görə, qarşıdakı parlament seçkilərində deputat seçilməsi şübhə altında olan ikinci hazırkı MM üzvünün Nəriman Əliyev olduğu deyilir.

Masallıdan olan biznesmen deputat uzun müddətdir ki, tamamilə hücrəsinə çəkilib. Bir ara maliyyəsi hesabına özünü bəzi KİV-lərdə reklam edən, seçicilərlə formal görüşlərini piarını aparan, şəkillərini saytlarda yaydıran N.Əliyevin də Milli Məclis “kitabı bağlanıb”.

Xeyli vaxtdır ki, gözə dəyməyən deputatın həm səhhəti fəaliyyətinə imkan vermir, həm də adının bir çox qaranlıq işlərdə çəkilməsi mandat müqəddəratını həll edib. Hətta parlament iclaslarına çox vaxt gəlmirdi.

O, bu günə kimi faktların üzərindən sükutla keçərək özünü bilməməzliyə vururdu. Söhbət hərbi xidmətdə olmaması, diplomunun saxta olması, rayonun icra başçısı Rafil Hüseynovla və həmkarı Elmira Axundova ilə əlaqələrinin yaxşı olmaması, “Ştutqart” mağazalar şəbəkəsi və digər biznesi haqda yazılanlardan gedir.

Xəbərlərə görə, bu N.Əliyevin sonuncu parlament çağırışıdır.“Ştutqart”dan başqa deputat İran məhsullarının Azərbaycanda satışını da həyata keçirir.

Bu biznesə Nəriman Əliyevin qardaşı Azad Əliyev nəzarət edir. Nəriman Əliyevi daha çox İranla yaxşı ticarət əlaqələri olan oliqarx kimi tanıyırlar.

Masallı rayonunda “Könhə bazar” kimi tanınan bazarda da pay sahibi olan Nəriman Əliyevin deputatlığa açılan yolu da biznesdən və MTN-dən keçib. Bu haqda KİV yazıb. Beləliklə, növbəti “qələmi qırılmış” deputat N.Əliyev olduğu iddia edilir.

Reportyor.info-nun xəbərinə görə, üçüncü belə aqibəti gözlənilən deputat İmamverdi İsmayılovdur. Zəngilan seçiciləri üçün bəlkə də müjdə olacaq bu xəbərdə deyilir ki, İ.İsmayılova özünə əziyyət verib namizədliyini irəli sürməməyi məsləhət görülüb.

Onsuz da mandat sahibi ola bilməyəcək və siyasi rəhbərlik parlamentdə gənc, xarici təhsilli, müasir texnologiyalara bələd, beynəlxalq siyasəti bilən, ölkəni və dövləti milli maraqlarla bağlı müdafiə edən, aktiv deputat görmək istəyir.

İ.İsmayılov isə deputat olduğu müddətdə “ağzına su alıb oturub” və bizneslə məşğul olub.İ.İsmayılovun adı daha çox deputat fəaliyyətilə deyil, qalmaqallarla gündəmdə olub.

Onun Sumqayıtda restoranları, şadlıq evləri, internet-klubları və dükanlarının olduğu deyilir. Həmçinin Sumqayıtda tikinti mallarının biznesində, Sumqayıt maşın bazarında payının olduğu bildirilir.

Mediada yazılanlara inansaq, deputat bununla kifayətlənməyib, ölkənin müxtəlif bölgələrində özünə iş qurub. Belə ki, onun Şamaxıda fermer təsərrüfatının, İmişlidə çınqıl karxanasının olduğu da yayılan məlumatlar sırasındadır.

İ.İsmayılovla bağlı söylənənlərdən biri də onun ailəsinə məxsus xüsusi avtomobil seriyasının olmasıdır. Məlumata görə. 999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsusdur. Beləcə, daha bir biznesmen deputatla parlamentin yolları kəsişməyəcək…

Mənbə Reportyor.info

NUH informasiya agentliyi səhifəsindən çap edilib