Dərc edilib: 04-12-2019

https://www.nuh.az/21586-.html

Nyutonun başına alma, bəs Nəriman Əliyevin başına nə düşüb?

04.12.2019 19:12:12

Hadisə

 

Bu gün Azərbaycanda  onlarla, bəlkə də  yüzlərlə insan saxta  ali təhsil diplomu ilə müxtəlif  dövlət qurumlarında çalışır.Dəfələrlə  bu şəxslərin  siyahısını  müvafiq  qurumlardan əldə etməyə çalışsaq da mümkün olmayıb. Bu siyahını sanki dövlət sirri kimi qoruyurlar.Ancaq bizdə olan məlumata görə,  dövlət qurumları  saxta diplom sahibi olan bəzi şəxslərə  “öz   xahişi  ilə  ərizə yazıb sakitcə  işdən uzaqlaşmağı”  məsləhət bilirlər.

 

Bəs ortada olan cinayət əməli..?Dövlət büdcəsindən illərlə ödənən  əmək haqqı..?  

Ən dəhşətlisi  odur ki,  saxta diplom sahibləri arasında 50 yaşında  universitetə daxil olanlar, 60 yaşında alim olanlar da  az deyil. Yəni bu şəxslərin  saxta universitet  qurtarmasını sübut etməyə  heç bir ehtiyac yoxdur.Axı, 18-20, yaxud 25 yaşında, yəni beyninin güclü vaxtında ali məktəbə daxil ola bilməyən gənc necə olur ki, 45, yaxud 50 yaşında universitetə daxil olur..? 55 yaşında diplom alır...Bəlkə bunlara gecənin birində vergi verilir..? Bəlkə bunlara göydən vəhy gəlir..?

 

Bu elementar məntiqə sığmır, axı.  Görəsən  bu şəxslərin  sənədləri mühüm dövlət adamlarının masasının üstünə gedəndə  sual verən olmur ki, necə oldu, sən 50 yaşında universitetə daxil oldun..?Ən dəhşətlisi odur ki, belələri hətta  “xalqın səsini qazanıb Milli Məclisə deputat seçilirlər”.Heç kimə sirr deyil ki, Azərbaycanda yuxarının icazəsi olmadan, nə YAP-çını, nə də hansısa müxalifət partiyasının sədrini Milli Məclisin kandarına buraxmazlar. Kimin xoşuna gəlsə də, gəlməsə də, bu Azərbaycan reallığıdır və mən siyasətdən az-çox başı çıxan adam kimi bunu başa düşməyə və hətta qəbul etməyə çalışıram.Ancaq  niyə, saxta yolla diplom alanlar  deputat seçilsin..?Əlavə problem yaratmağa  nə ehtiyac var..?  Deputat qoymaqdırsa, elə ali təhsilli birini qoyun və əlavə problem yaranmasın. Axı, hər seçkidə  deputat olacaq şəxslərin siyahısı  PA-da  diqqətlə öyrənilir. Mən bunu da təbii qəbul edirəm. Ancaq   niyə ölkə başçısı  sual etmir ki, bu şəxsə 50 yaşında peyğəmbərlik verilib..? Ki, 50 yaşında tələbə olub...

 

50 yaşında  vəhy verilənlərdən biri də  Milli  Məclisin Masallıdan  olan üzvü  Nəriman Əliyevdir. O, 20 yaşında  Bakı Ticarət Texnikumuna, 55 yaşında isə Rostov Dövlət Universitetinin  hüquq  fakültəsinə daxil olub.Görəsən,  50 yaşdan sonra   hansı möcüzə baş verib ki, Nəriman müəllim  əcnəbi dildə  universitet təhsili alıb.

 

Bəllllidir ki, dahi  İsak Nyutonun başına alma düşüb və alim Ümumdünya cazibə qanunu kəşf edib. Bəs  görəsən, Nəriman müəllimin başına göydən nə düşüb ?  

Məlumdur ki, sovet dövründə Ticarət texnikumunu bitirənlər ən yaxşı halda  dükanda satıcı işləyər, kooptorqda meyvə-tərəvəz  satar, ya da yol qırağındakı pavilyonda çalışardı.Bax, əsl Azərbaycan möcüzəsi budur: kooptorqdan Milli Məclisə hoppanmaq...Əslində hörmətli Nəriman müəllimi qınamalı deyil, bütün ölkə bu gündədir.Yaxşı olar ki, bu rüsvayçılıq barədə ölkəni idarə edənlər düşünsün.

 

NUH.az-ın baş redaktoru  Kamran Məhərrəmli

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib