Dərc edilib: 10-12-2019

https://www.nuh.az/21669-.html

Naxçıvan 3-cü Dünya Müharibəsinin başlanmasına necə səbəb ola bilərdi?

10.12.2019 12:28:41

Maraqlı

İsveçin "Nordic Monitor” qəzeti Türkiyənin Ermənistana zərbələr endirməsini nəzərdə tutan hərbi əməliyyatlar planı barədə yazı dərc edib.

modern.az   xəbər verir ki, qəzet Türkiyə Baş Qərargahının daxili yazışmaları zamanı 2016-cı il mayın 23-də Ermənistana qarşı döyüş əməliyyatları nəzərdə tutan "Altay” planını əldə edib. Hələ 2006-cı ildə təsdiqlənmiş planın İsveçdəki FETÖ tərəfdarları tərəfindən "Nordic Monitor” qəzetinə ötürüldüyü ehtimal olunur.
Hərbi əməliyyatlar planı Ermənistanın Türkiyənin 6 şərq vilayətinə ərazi iddiaları ilə bağlı hazırlanıb. Ermənistan Türkiyənin Van, Bitlis, Muş, Qars kimi şəhərlərinə qarşı dəfələrlə ərazi iddiası irəli sürüb.
Xatırladaq ki, ilk dəfə 1992-ci ildə Türkiyə ilə Ermənistan arasında müharibə riskindən danışılmışdı. Belə ki, 1992-ci ilin martında Naxçıvanın Sədərək rayonu ərazisində Azərbaycan və Ermənistan ordusu arasında döyüş Naxçıvanın qarantı sayılan Türkiyəni hərəkətə keçirmişdi. 
Ermənistanla sərhədə qoşun toplayan Ankara erməni qoşunlarının Naxçıvana hücumunun davam edəcəyi halda, döyüşlərə qoşula bilərdi. Türkiyə quru qoşunları komandanı Mühiddin Fisunoğlu "bütün hazırlıqlar görülüb və ordu irəli getmək üçün Ankaradan əmr gözləyir” açıqlaması vermişdi.
Vəziyyətin gərginləşməsinə görə, 1992-ci il mayın 20-də mətbuat konfransı keçirən o zamankı MDB Silahlı Qüvvələrinin komandanı Yevgeni Şapoşnikov sərt açıqlamalar vermişdi.
"Əgər münaqişə bölgəsinə 3-cü tərəf qoşulsa, biz 3-cü Dünya Müharibəsi ilə üzləşə bilərik” deyən Şapoşnikov Türkiyəyə Qarabağ münaqişəsindən kənarda qalması üçün işarə vermişdi.
Ankara ilə Yerevan arasında gərginlik 1993-cü ilin yazında iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin tam kəsilməsi və diplomatik münasibətlərin dayandırılması ilə nəticələndi.
Türkiyəyə qarşı ərazi və "soyqırımı” iddiaları irəli sürməkdə davam edən rəsmi Yerevan Ankaranı milli təhlükəsizliyinə təhdid sayır. Bununla belə, iqtisadi münasibətlərin bərpası və sərthədlərin açılmasını da təklif edir.
Ermənistan hakimiyyəti KonstitusiyasındanTürkiyəyə qarşı ərazi iddialarını davam etdirir. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib