Dərc edilib: 06-01-2020

https://www.nuh.az/21964-.html

Süleyman Rüstəm Müşfiqdən nə yazıb? (MƏTN)

06.01.2020 15:59:20

Cəmiyyət
Bu gün görkəmli şair Mikayıl Müşfiqin anım günüdür. Onun qəddarcasına güllələnməsindən 82 il keçir. Qaynarinfo kulis.az-a istinadən bu münasibətlə Süleyman Rüstəmin onunla bağlı yazdığı yazını təqdim edir.

Mənbə: "Dilbər Axundzadə - "Müşfiqli günlər”

Gənclik illəri əsla xatırımdan silinmir. Zaman keçdikcə yaşadığım dəmləri həsrətlə, məhəbbətlə yad etməsəm olmur. Mənim üçün ömrümün ən əziz illəri Lenin komsomolu sıralarına keçdiyim coşğun, bahar təravətli ilk gənclik illəridir.
1925-ci ildə komsomolun mübariz orqanı "Gənc işçi” qəzeti redaksiyasında ədəbiyyat şöbə müdiri vəzifəsində çalışırdım. O zaman redaksiyaya axın-axın həvəskar gənc şairlər gəlirdilər. Onlar öz ilk qələm təcrübələrinin çap olunmasını arzu edirdilər. Bu şeirlərin çoxu Oktyabr inqilabının tən-tənəsindən, qadın azadlığından, ana vətəndən, komsomol həyatından, dinə qarşı mübarizədən, məhəbbətdən və sairdən bəhs edirdi. "Gənc işçi” inqilabi gəncliyin döyüş ocağına çevrilmişdi. Azərbaycan KP Mərkəzi Komitəsinin katibi Hüseyn Rəhmanovun gənclərə göstərdiyi qayğını heç vaxt unutmaq olmaz! Ədəbiyyatın saflığı uğrunda gedən ideoloji döyüşlərdə o, gənclərə ürək-dirək verirdi. Hər şeyi bilmək, hər şeyə yiyələnmək istəyən yeni nəsil özünü oda-közə vururdu. Mən Mikayıl Müşfiqlə bu illərdə tanış oldum. Onun xasiyyəti və şeirləri məni özünə dost etdi. O, bizim sıralarımıza kitabxana dərnəklərinin birindən gəldi. Müşfiqin "Qızıl qələmçilər”ə qoşulması hamımızı sevindirdi. Çünki Müşfiq ümid verən istedadlı gənc şairlərimizdən biri idi. Qarabuğdayı, çatmaqaşlı, qıvrımsaçlı, düymə dodaqlı, qonurgözlü, gülərüzlü Müşfiqin səmimi şeirləri öz qələm dostlarını sevindirməyə bilməzdi.
M.Müşfiq öz üzərində ardıcıl və ciddi çalışırdı. Azərbaycan klassik poeziyasının ənənələrini dərindən öyrənir, Füzuli, Nəsimi, Vaqif, Seyid Əzim, Sabir kimi qüdrətli şairlərimizin sənətkarlıq sirlərini mənimsəyir və sürətli addımlarla irəliləyirdi. O, məclislərdə, ədəbi yığıncaqlarda Füzulinin, Vaqifin şeirlərini məhəbbətlə, hərarətlə oxumaqdan zövq alırdı. M.Müşfiqin tutduğu əsas yol inqilabi poeziya yolu idi. O, gənc şairləri doğru yolundan azdıranlara qarşı cəsarətlə çıxır və əsil gözəl şeirin nə olduğunu aşağıdakı misralarla aydınlaşdırırdı.
Qansın bunu kimin varsa düşüncəsi,
Şeirlərin ən gözəli, ən incəsi -
"Bütün dünya işçiləri, birləşiniz!”
Kimi canlı bir misradır eşidiniz!
Xatirəyə bənzər bu kiçik qeydlərimdə M.Müşfiqin yaradıcılığı haqqında geniş, ətraflı izahat, təhlil vermək imkanım yoxdur. Mən yalnız uzun illər dostluq etdiyim Müşfiq haqqında yadımda qalanları danışıram. Azərbaycan Sovet hakimiyyəti qurulduqdan sonra öz səadətini tapmış gənclərdən biri də Müşfiq idi.
M.Müşfiq rus sovet poeziyası ilə çox maraqlanırdı. İlk vaxtlarda o da rus dilini yaxşı bilmirdi. O zaman özünün xahişinə görə mən ona D.Bedninin, Mayakovskinin, Bezimenskinin, Asayevin və başqalarının şeirlərini oxuyub tərcümə edərdim. Müşfiq rus sovet şairlərinin qüdrətli novator poeziyasına heyran qalmışdı. Zaman keçdikcə Müşfiqin şeirləri təkmilləşir, bitkinləşir, şairi oxuculara daha çox sevdirirdi. Müşfiq şeirdə həmişə məzmuna görə forma axtarmağa çalışırdı. Şeir dilinin sadəliyinə, səlisliyinə, aydın olmasına diqqət yetirərdi. Əruz vəznini yaxşı bildiyindən, sevdiyindən əruzla yazdığı şeirlər çox tutarlı, təsirli çıxardı. O, xalq ədəbiyyatı ilə dərindən maraqlanardı. Gözəl qoşmalar, bayatılar dilinin əzbəri idi. Cibində gəzdirdiyi yaddaş dəftərçəsinə şeir inciləri, şah beytlər gözəl bir xətt ilə yazılmışdı.
Biz - Məmməd Arif, Mehdi Hüseyn, Məmməd Rahim, Rəsul Rza, Əbdulbaqi Fövzü, Mikayıl Rəfili, Şəmsəddin Abbasov Müşfiqin ilk gənclik dostları idik. Süfrəmiz ancaq hərdənbir ayrı olardı. O, bizim Spasski küçəsindəki ata-baba evimizdə çox qalmışdır. Anam ona öz doğma balası kimi baxardı. Müşfiqin səmimiliyi, sadəliyi, mehribanlığı onu anama da sevdirmişdi. Ağbirçək anam həmişə Müşfiqi yaxşı xatırlayırdı.
Müşfiq təbiətin vurğunu idi. O, şair gözləriylə Bakının sərt təbiətini, Xəzəri, əncir-üzüm bağlarını, boz, çılpaq dağları seyrə dalar, sonra coşğun bir ilhamla, məhəbbətlə qələmə alardı. O zaman bizim bağımız Novxanıda idi. Hər il əncir, üzüm yetişəndə Müşfiq bizim bağa qonaq gələrdi.
Biz onunla quş ovuna çıxmışıq, Xəzərin dalğalarının qoynunda gənclik ehtirası ilə üzmüşük, quzu kəsib özümüz kabab çəkmişik, sac qırağında oturub novxanılıların çox sevdiyi dəvə ətindən qutab yemişik. Axşamlar isə yorğan-döşəyimizi ağ qumlar üstündə salıb ay işığında şirin-şirin söhbət etmişik.
Mən onunla birlikdə Şamaxıda, Gəncədə, Tiflisdə, Batumda, Minskdə, Moskvada, Leninqradda və başqa şəhərlərdə səfərlərdə olmuşam. Səfərimiz həmişə maraqlı, səmimi, xoş keçmişdir. Bizim köhnə partiya işçilərimizdən Ruhulla Axundov, Həbib Cəbiyev, dağlı Əlihüseyn, Məmməd Səid Ordubadi, Böyükağa Talıblı, Hacıbala Nəzərli onun xətrini çox istərdi. M.Müşfiq indi aramızda yoxdur. O, ömrünün çiçəklənməyə başlayan bir çağında bizim aramızdan getdi. Lakin adı ürəyimizdə yaşayır. M.Müşfiqin əsərləri bütün varlığı ilə sevdiyi qəhrəman xalq üçün qalmışdır.
Kommunist Partiyasının misilsiz qayğısı sayəsində onun qiymətli əsərləri təzədən çap edilib geniş oxucu kütlələri arasında yayılmaqdadır.
Gözəl insan, gözəl şair Müşfiq haqqında ürək sözümü şeirlə bitirmək istəyirəm.
Xoşbəxtdir o şair ki, onun öz sözü vardır,
Dillərdə, könüllərdə gəzən nəğməsi vardır.
Müşfiq bu yolun yolçusutək yazdı, yaratdı,
Al bayrağın al rəngini öz şeirinə qatdı.
Qardaş kimi hər gün bölüşüb dərdi, sevinci
İstərdik olaq işdə, sədaqətdə birinci,
Yollarda günəş aşiqitək zülməti dandıq.
Müşfiq bizə, biz Müşfiqə hər yerdə hayandıq.
Öz dostuna, ustadına çox hörməti vardı.
Gizli sözü yoxdu, belə xasiyyəti vardı.
Dostum yenə dilləndi bu şeirimdə, sözümdə
Müşfiq! Məni bir dinlə ötüb keçsə də illər,
Xatırlayacaqdır səni hörmətlə nəsillər.
Xoşbəxtsən, əzizim, vətəninçin dirisən bax,
Öz millətinin alnıaçıq şairisən bax!
Müşfiq, səni gəl bir də basım bağrıma, bir də.
Şair kimi, insan kimi, yox ölməmisən sən,
Müşfiq səni, dostum, təbrik edirəm mən!

NUH informasiya agentliyi səhifəsindən çap edilib