Dərc edilib: 11-01-2020

https://www.nuh.az/22034-.html

Zelenski İrandan günahını tam etiraf etməsini tələb etdi

11.01.2020 17:32:31

Reportaj

Ukrayna Prezidenti Vladimir Zelenski rəsmi Tehrandan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737-800” tipli təyyarənin qəzaya düşməsində günahını tam etiraf etməsini tələb edib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə o, rəsmi Telegram kanalında yazıb.

Bundan əlavə, Ukrayna İranın rəsmi şəkildə üzr istəməsini, günahkarları cəzalandırmasını və təzminat ödəməsini gözlədiyini söyləyib.

“Bu gün səhər xeyirliyə açılmadı, amma həqiqəti də özü ilə gətirdi. Beynəlxalq komissiya öz işini bitirməmiş İran günahını etiraf edərək Ukrayna təyyarəsini vurduğunu bildirdi. Lakin biz İranın günahın tam etiraf etməsini tələb edirik” – deyə o, bildirib.

Qeyd edək ki, İran hökuməti Tehranda qəzaya düşən Ukraynanın “Boeing 737-800” təyyarəsinin səhvən vurulduğunu bəyan edib. İran Silahlı Qüvvələrinin Baş Qərərgahının yaydığı açıqlamaya görə, hadisə insan səhvi ucbatından baş verib.

“ABŞ böhranı zamanı insan səhvi fəlakətlə nəticələndi. Qəzada ölənlərin ailələrindən üzr istəyirik”, - deyə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib.

Xatırladaq ki, yanvarın 8-də Ukraynanın “Boeing 737” təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya düşməsi nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada, 11-i Ukrayna, digərləri isə İsveç, Əfqanıstan, Almaniya və İngiltərə vətəndaşları olub

NUH informasiya agentliyi səhifəsindən çap edilib