Dərc edilib: 13-01-2020

https://www.nuh.az/22075-.html

Ölkə səhiyyəsinin BAŞ maliyyəçisinin milyonluq villası

13.01.2020 15:58:03

İdman

Məlum olduğu kimi, Prezident İlham Əliyevin ortaya qoyduğu qətiyyətli siyasət nəticəsində aparılan tərəqqiyönlü islahatlar, o cümlədən, struktur və kadr islahatları, həmçinin həyata keçirilən antikorrupsiya tədbirləri nəticəsində neytrallaşdırılan məmurların çoxunun nəhəng kapitalı üzə çıxdı. Əslində onların ölçüəgəlməz varidatları barədə vəzifələrindən kənarlaşdırılmazdan əvvəl də KİV-də xeyli məlumatlar getmişdi. Həmin informasiyalar hüquq-mühafizə, cinayət təqibi orqanları tərəfindən vaxtında dəyərləndirilsəydi, bəlkə də taladıqları dövlət əmlakının və vəsaitinin həcmi indi aşkarlanandan xeyli az olardı. Sözsüz, məhz bu nöqteyi-nəzərdən, dövlət başçısı neqativ halların üzə çıxarılmasında medianın dəstəyinə arxalandığını bəyan edir.


Biz də tərəqqipərvər media nümayəndələri, Prezidentin köməkçiləri olaraq ümid edirik ki, bu məqaləmizin qayəsini təşkil edən faktlar xüsusi xidmət orqanları tərəfindən ciddi araşdırılacaq. Söhbətimiz Səhiyyə Nazirliyinin maliyyə-iqtisadiyyat şöbəsinin müdiri Azad Vəliyevdən gedir. O Azad Vəliyevdən ki, sabiq səhiyyə naziri Əli İnsanovun ən etibarlı kadrlarından biri kimi tanınır.
Bir müddət əvvəl Hesablama Palatasının auditi zamanı Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzində ciddi büdcə pozuntusu, eləcə də "Şəkərli diabet üzrə Proqram"ın, "Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı"nın, "Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı"nın, "Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı"nın, "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı"nın icrası zamanı mənimsəmə halları üzə çıxmış, büdcə vəsaitləri hesabına alınan preparatların xəstələr üçün pulsuz paylanması nəzərdə tutulsa da, bu işlərin həyata keçirilmədiyi, bir tibb müəssisəsində bir şəkərli diabet xəstəsinə düşən xərcin şişirdildiyi, vaksinlərin böyük əksəriyyətinin istifadə olunmadığı müəyyən edilmişdi. Səhiyyə Nazirliyinin Elm Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutunda aparılan yoxlamalar zamanı müəyyən olunmuşdu ki, bir nəfərə düşən qida normalarının düzgün tətbiq edilməməsi nəticəsində artıq məhsulların silgisinə yol verilib, işçilərin adına əlavə əməkhaqqı yazılıb. Avtomobillərin cari təmirdə olduğu halda, həmin günlərdə onların yanacaq sərfiyyatı haqqında qanunsuz sənədləşmə aparılıb. Həmçinin təyinatdankənar dərman, sarğı ləvazimatları və materialları silinib. Üstü açılan əsas qanun pozuntuları sırasında mal və xidmətlərin alışı zamanı tender qaydalarına əməl edilməməsi də vardı. Bütün bunlara görə birbaşa Səhiyyə Nazirliyinin maliyyə-iqtisadiyyat şöbəsinin müdiri Azad Vəliyev cavabdehlik daşıyırdı. Çünki dövlət büdcəsindən Səhiyyə Nazirliyinə ayrılan maliyyə vəsaitlərinə nəzarəti məhz o həyata keçirir.
Amma nədənsə, hansı yollasa Azad Vəliyev məsuliyyətdən yaxasını qurtara bildi. Eyni zamanda əldə etdiyi haram kapitalını da müsadirə edilməkdən qorumağı bacardı. Həmin kapital isə artmaqdadır. Belə ki, bu günlərdə bir Gədəbəy rayon sakininin redaksiyamıza verdiyi səhih məlumata görə, Azad Vəliyev keçən ilin iun-iyul aylarından başlayaraq rayonun Qızıltorpaq kəndində yüksəklik ərazidə, Çoban Qara heykəlinin yaxınlığında dəyəri milyon manatla ölçülən nəhəng villa tikdirməyə başlayıb. Villanın təkcə bünövrəsinin inşa olunmasına yüzlərlə mikser yük maşını ilə beton daşınıb.
Təbii ki, bu qədər bahalı tikilini ərsəyə gətirmək üçün lazım olan vəsaiti Azad Vəliyev quru maaşla əldə edə bilməz. Deməli, maliyyə rəisi Hesablama Palatasının bir neçə il əvvəl izinə düşdüyü qanunsuzluqlara indi də rəvac verməkdədir. Nə qədər ki,barəsində ölçü götürülməyib, belə də davam edəcək.

Nyus.Az

NUH informasiya agentliyi səhifəsindən çap edilib