Dərc edilib: 17-01-2020

https://www.nuh.az/22154-.html

“Nazarbayevin təklifi keçsə, Bakı su altında qalacaq...”

17.01.2020 12:48:26

Müsahibə

 

"Xəzərlə Qara dənizi birləşdirəcək kanal çəkilsə, Azərbaycan çox şey itirəcək".
 
Bunu Qaynarinfo-ya AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin "Avrasiya" kanalının inşası təklifinə münasibət bildirərəkən deyib. O, layihənin gerçəkləşdiriləcəyi təqdirdə, ölkəmizin böyük miqdarda torpaq itkisinə məruz qalacağını, həmçinin Xəzərdəki biomüxtəlifliyin pozulacağını bildirib.
"Böyük bir qüvvə səfərbər olsa, bu layihənin icrası mümkündür. Nəhəng bir layihə təklifidir və gələcəkdə də bunun xeyirləri çox ola bilər. Ancaq bu layihə gerçəkləşsə, Azərbaycanın qazancı ilə yanaşı itirdikləri də çox olacaq. Nəhəng torpaq sahəsi məhv olacaq. Azərbaycan dünyada adambaşına düşən torpaq sahəsinə görə çox aşağı göstəriciyə malikdir. Belə ki, bizdə adambaşına 0,6-0,7 hektar torpaq sahəsi düşür. Bilirsiniz ki, əhalimiz də dünyanın sürətlə artan əhaliləri sırasındadır. Çox ehtiyatlı olmaq lazımdır. Vaxtilə Xəzər dənizində suyun səviyyəsi aşağı düşürdü deyə onu şimal dənizləri ilə də birləşdirmək istəmişdilər. Amma sonradan məlum oldu ki, bu, çox qorxuludur. Hətta Türkmənistan bir ara Qaraboğazgöl körfəzini bağladı ki, Xəzərin səviyyəsi qalxsın, amma suyun səviyyəsi çox sürətlə qalxdığı üçün məcbur qalıb yenidən açdılar. Belə bir deyim var: "Təbiət səhv etmir, səhvi edən insanlardır".
 
 
Tamamilə qapalı gölü duzluluğu bundan təxminən 2,5 dəfə artıq olan dənizlə birləşdirmək biomüxtəlifliyə də mənfi təsir edə bilər. Qara Dəniz okeanla əlaqəli olduğu üçün burada 33-35 faiz probel duzluluq var. Xəzərdə isə orta hesabla duzluluq səviyyəsi 16-14 faizdir. Birləşmə olsa, biomüxtəliflilik pozulacaq, xüsusən də ən çox zərəri Xəzər dənizi çəkəcək. Bir də ki, Xəzər dənizi dünya okeanından 26-27 metr aşağıdadır. Bu birləşmə zamanı 27 metr qalxan su Bakı qarışıq xeyli ərazini ayağı altına ala bilər. Bununla da çox məhsuldar torpaq sahəsi itirilmiş olacaq. Düzdür, deyə bilərsiz ki, bəndlər qurula, bir sıra tədbirlər alına bilər. Amma istər-istəməz suyun qarışması yenə də təhlükə mənbəyidir. Azərbaycan bu təklifi irəli sürən digər dövlətlərdən fərqli olaraq, coğrafi baxımdan o qədər gözəl yerdədir ki, bizə dənizi məhv edib, bu işləri görmək sərf etmir. Şimal-cənub, şərq-qərb dəhlizləri var ki, Azərbaycan kimi kiçik bir ölkənin buradan əldə etdiyi gəlir kifayət qədər yüksəkdir. Əgər biz yeraltı və yerüstü sərvətimizdən normal şəkildə istifadə etsək, Azərbaycanın ən azı 2 dəfə artıq əhalisinin də normal yaşayışını təmin edə bilərik. Çalışmalıyıq ki, təbiətin bizə bəxş etdiyi sərvətlərdən olduqca bacarıqla, düşüncə ilə, bu günü və sabahı nəzərə alaraq istifadə edək".

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib