Dərc edilib: 17-01-2020

https://www.nuh.az/22162-.html

Vüsal Kərimli, istefa verin, lütfən! – Jurnalist yazır

17.01.2020 16:56:17

İqtisadiyyat

BNA-nın bəzi işçilərindən yaxşı fotoqraf çıxar

“Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən razısınızmı” sualı mənə ünvanlansa, bir vətəndaş olaraq fikirləşmədən “YOX” cavabını verərəm. Çünki paytaxtda nəqliyyatla bağlı yaşanan xaos davam edir. İnanmırsınızsa, günün pik  saatlarında metronun “Koroğlu” stansiyasının, Babək prospektində “Babək” plazanın, “Gənclik Mall”ın qarşısına, 28 may metrostansiyasının ətrafına, 20 yanvar metrostansiyasının yanına bir baş çəkin.  O zaman nələrin yaşandığını öz gözlərinizlə görəcəksiniz. Əgər vaxtınız yoxdursa, mən sizə qısa məlumat verim. Deməli, qeyd etdiyim ünvanlarda heç bir mübaliğə olmadan demək olar ki, nəqliyyatla bağlı anarxiya hökm sürür. Kobud səslənsə də deyəcəm, it yiyəsini belə tanımır. Avtobuslar taksilərə, taksilər evinə tələsən sürücülərə, piyadalara qarışır. Hələ 1 manatlıq taksiləri demirəm… Bu zamansa nələrin yaşandığını təsəvvür etmək olmur. Bu bilirsiniz nəyə bənzəyir? Elə bil yemək hazırlamaq istəyirsiniz, əlinizin altında da istənilən tərəvəzlər, meyvələr, qidalar var. Bu zaman hamısını doğrayıb qazana doldurursunuz, hələ bir qatıq, mayonez də əlavə edirsiniz. Nəticədə ürəkbulandıran bir mənzərə ortaya çıxmış olur. Iştahası olan, acından ölən belə bu yeməkdən vaz keçir. Bəlkə də bənzətmə yersiz oldu. Amma Bakı küçələrindəki mənzərə də ürək bulandırır. Bakı Nəqliyyat Agentliyi (BNA) isə ancaq foto çəkir. Vüsal Kərimli (BNA-nın direktoru) əgər bu xaosun qarşısını ala bilmirsinizsə, çox xahiş edirəm, kiminsə haqqına girməyin. Istefa verin vəzifənizdən, qoy bu işi bilən gəlib, bizi düz yola çıxarsın.


 

Sizin bəzi işçilərinizdən yaxşı fotoqraf olar. Onları hansısa redaksiyalara yerləşdirib şəhərimizin, küçələrimizin, o cümlədən sürücülərin həyatından yaxşı fotosessiyalar etdirə bilərsiniz. Inandırım sizi ki, bir çox sinəsinə döyən fotoqraflardan yaxşı məhsul ortaya çırxararlar. Baxma, yarandığı gündən bu vaxta kimi sürücülərin fotolarını çəkməklə müəyyən təcrübə əldə ediblər. Amma belə olmamalı idi. Nizamnamənizdə göstərildiyi kimi agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etmək olmalı idi. Təəssüf, çox təəssüf ki, bəzi işçiləriniz nizamnamənin “N” hərfini belə sanki oxumayıblar. Yol polisi olmasaydı, Bakımızın küçələri bundan da bərbad olardı. Yaxşı ki, YPX əməkdaşları BNA işçilərindən fərqli olaraq soyuq, yağış, qar, isti bilmədən hər zaman qanunun keşiyindədilər və yollarımızda hərəkətin müntəzəmliyini təmin edirlər. Əgər bu işləri ancaq DYP əməkdaşları həyata keçirəcəkdisə, o zaman Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti nəyə lazım idi.


 

Cənab Vüsal Kərimli, xəbəriniz varmı ki, insanlar səhərlər işə, axşamlar evinə gedib çıxmaq üçün necə mücadilə aparırlar? Bakı kəndlərinə, qəsəbələrinə işləyən avtobusların yoxluğundan xəbəriniz varmı, Vüsal Kərimli? Hər səhər şagirdlər yollarda min bir əziyyət çəkir. Avtobusların qapısından sallanaraq gedən kim, sığlıqdan halı pisləşən kim…  Təbii ki, bu zaman baş verən xoşagəlməz hadisəyə görə siz sorğu-sual edilməyəcəksiniz. Amma bunun günahı sizindir. Şəhərin mərkəzində bəzi marşrut xətləri üzrə hərəkət edən avtobusların yenilənməsi ilə deməyin ki, işimiz bitib. Kənar qəsəbələrdə hələ də “Alabaş” avtobuslar, 14 nəfər tutan “Qazel”lər sərnişin daşıyır. Çünki sizin rəhbəri olduğunuz BNA qəsəbə, kənd sakinlərini unudub. Bu yerlərə axşam saat  21-dən sonra sınıq-salxaq avtobus belə tapa bilmirlər. Bu zaman bilirsən neynirlər? 1-2 manatlıq taksilərə üz tuturlar. Bu insanların gəliri, dolanışığı yüksək olsaydı, heç zaman yollarda avtobus, taksi gözləməzdilər və şəxsi avtomobillərindən istifadə edərdilər. Belə olduğu halda avtobusu da onlara çox görürsünüz. Həll edin bu məsələni, insanların heysiyyatı ilə bu qədər oynamaq olmaz. Əminəm ki, bu narazılıqla bağlı ölkə rəhbərliyinə məruzə etsəniz, dərhal problem öz həllini tapar. Nəyisə malalamaqla problemin həllinə nail olmaq mümkün deyil, biləsiniz. Malalamaqdansa, İSTEFA verin. Bilək ki, işinizi yarıtmadınız.

​Ülvin Məhəmməd 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib