Dərc edilib: 21-01-2020

https://www.nuh.az/22220-.html

"Heydər Əliyevin tapşırığı ilə topladığım materialları Fatma Abdullazadə yox elədi"

21.01.2020 09:58:48

Hadisə

Qulu Kəngərli: "Yaralı oğlan başını qaldırıb "anama deyərsən ki, mən filan qızı istəyirəm”, - dedi və keçindi..."
Ayna   20 Yanvar faciəsindən bəhs edən "Şəhidlər”, ”Şəhidlər-2” bukletlərinin, "Qara yanvar şəhidləri”, "Erməni lobbisi: Azərbaycan faciəsi”, "Qanlı şənbəyə gedən yol” kitablarının müəllifi, "Bakıda insan ovu” adlı sənədli filmin ssenari müəllifi, tanımış jurnalist Qulu Kəngərli ilə müsahibəni təqdim edir.
Qeyd edək ki, illərdir AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri olan Qulu Kəngərli, 1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə Sovet ordusu tərəfindən Bakıda törədilmiş qırğının canlı şahidi olub.
- Qulu müəllim, 20 Yanvar qırğınından 30 il keçir. İndi o hadisələri necə xatırlayırsız?

- 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecəni hər il təkrarən yaşayıram. Həmin gün işlədiyim Azərbaycan Dövlət Radiosundan bir neçə iş yoldaşımla bərabər piyada, indiki Prezident Aparatının qarşısına düşdük. Həmin ərəfədə Prezident Aparatının qarşısında mitinqlər gedirdi, ona görə özümlə reportyor götürdüm, düşündüm ki, mitinqdə lazım olar. Təxminən, 15 dəqiqə sonra eşitdik ki, televiziyanın enerji blokunu partladıblar. Hava çox soyuq olduğundan mitinqdə çox qala bilmədim, evə getdim ki, qalın paltar geyinim, yenidən mitinqə qayıdım. O vaxt keçmiş "Papanin” tərəfdə, "Göyərçin” kafesinin yanında yaşayırdım. Qalın geyindim, haradasa 3 kiloqram ağırlığında olan reportyoru da çiynimə alıb evdən çıxdım. Təxminən, gecə 12 radələrində Sovet qoşunları Sumqayıt tərəfdən işıqsaçan güllələrlə atəş açmağa başladı. Çox qısa müddət sonra güllələr yaxınlaşmağa başladı və gəlib bizə çatdı. Heç kim gözləmirdi ki, doğma hesab etdiyimiz Sovet ordusu öz vətəndaşlarına güllə atar, ancaq oldu. Tanklar gəlir, küçədə kim varsa, hamısı güllələnir, təsəvvür edin, sağımda, solumda, qarşımda duranların hamısı yerə yıxılır. Amma mən yıxılmadım, reportyorun mikrofonunu çıxarıb, nə vaxtsa lazım olar deyə, güllələrin səsini yazırdım. Ətrafımdakıların yıxıldığına görə, düşündüm ki, güllə mənə də dəyib, amma istidi deyə, hiss etmirəm. Gödəkçənin qabağını açıb qaranlıqda əlimi bədənimdə gəzdirməyə başladım, gördüm ki, qan yoxdur. Başladıq yaralananları "Semaşko”ya aparmağa. O vaxt 123 nömrəli qarmoşkalı avtobus vardı, 8-ci mikrorayondan Kirov parkına işləyirdi, həmin avtobusla 3 dəfə "Semaşko”nun təcili yardımına yaralı daşıdıq. Dördüncü dəfə isə bizi əsgərlər saxladılar, avtomatın tətiyini çəkib aşağı düşməyimizi əmr etdilər. Biz də 4 nəfər idik, dedik ki, yaralıları gətirməyə gedirik, imkan vermədilər, qışqırıb düşürtdülər avtobusdan, hərəmiz bir tərəfə dağıldıq. Mən də evə getdim, balkondan baxdım ki, şəhər dağılır. Dözə bilmirdim, küçəylə ev arasında qalmışdım.
Həmin vaxt Azadlıq Radiosundan Mirzə Xəzər Bakıdan canlı yayım edirdi. Gördüm ki, rus əsgərlərinin ratsiya danışıqları radioya düşür, başladım o səsləri yazmağa. Bir-birilərindən soruşurdular: "Vı qde naxodites?” , "Neznayo, Montina, ili Monxina”, "201 tı qde?” "502 a tı qde?”. Kodla danışırdılar, deyirdilər ki, "işimizi yaxşı görürük”. Səhər açıldı, saat 6-dan başladılar şəhərə vertolyotla vərəqələr atmağa. Vərəqələrdə Qorbaçovun Bakıda fövqəladə vəziyyət elan olunması ilə bağlı əmri yazılmışdı. Fövqəladə vəziyyət 19-u gündüzdən elan olunsa da, bu barədə heç yerdə məlumat verilməmişdi, milləti qırandan sonra elan etdilər.
İrşad Qoca adlı jurnalist vardı, keçmiş KQB-nin qəzetində işləyirdi, səhər gedib onun qapısını döydüm, birlikdə çıxdıq evdən, piyada getdik "Salyanski" kazarmanın yanına, kazarmanın qarşısında 10-15 şəhid cəsədi vardı, hələ daşınmamışdı, onlardan 3-4-ü ağır maşınların altında qalmışdı. Oradan piyada Prezident Aparatının qabağına getdik, bütün şəhər dağıdılmışdı, tanklar barrikada qurmuş maşınları əzib keçmişdi, maşınların altında nə qədər adam qalmışdı. Dəhşətli mənzərə idi.
- 20 yanvar qırğını, o qırğında həlak olmuş şəhidlərimiz barəsində kitablar yazdınız. Bu ideya necə formalaşdı?

- Əslində, mən orada ölməliydim, ancaq ölmədim, düşündüm ki, mən orda ölmədimsə, şəhidlər üçün mütləq nəsə etməliyəm. Elə bu düşüncə ilə də həmkarım Məmməd Nazimoğlu ilə başladıq bu işi görməyə. Soraqlaşa-soraqlaşa şəhidlərin evlərini tapdıq, bir-bir qapılarına getdik və beləcə birinci "Şəhidlər” bukletini hazırladıq. Həmin bukletdə 50-yə yaxın şəhid barəsində məlumat var idi. Həmin vaxt deyirdilər ki, ""yerazlar” aranı qarışdırdı, özləri ölmədi”. Hazırladığımız bukletdə isə 14 nəfərə yaxın Qərbi Azərbaycanda doğulmuş azərbaycanlının adı var idi. Bunu ona görə etmişdim ki, əhali arasında yanlış fikir formalaşmasın, görsünlər ki, "yerazlar” da ölüb.
O vaxt bütün mətbəələr bağlanmışdı, bukleti çox çətinliklə çap etdirə bildik. Sonra mən ikinci bukleti hazırlamağa başladım, birinci bukletdə təhlükəsizlik baxımından adlarımız qeyd olunmamışdı, onsuz da məni axtarırdılar. Bir neçə ay qohumların evlərində, rayonda gizlənməli oldum.
- Sizi kim və nəyə görə axtarırdı? Məhz bukletlərə görəydi, yoxsa əlinizdə, yəni reportyorla yazdığınız nələrsə var idi, yayılmasını istəmirdilər?

- O vaxt Xalq Cəbhəsi ilə yaxınlıq edirdim, Əbülfəz Elçibəylə çox yaxın münasibətlərim var idi, onların iclaslarına gedirdim. Bəlkə də ona görə axtarırdılar. Təbii ki, o vaxtkı KQB axtarırdı. Yəni mən belə düşünrüdüm.
- Təqiblərə baxmayaraq, şəhidlərlə bağlı kitabları yazdınız...
- Əlbəttə ki, dayanmadım, ikinci "Şəhidlər” bukletini hazırladım. Böyük tirajla "Azərbaycan” nəşriyyatında çıxdı. Ardınca  "Qara yanvar şəhidləri” kitabını bitirdim. Kitabı gecələr saat 2-3-ə qədər təzyiq dərmanı ata-ata yazırdım. Kitab hazır olandan sonra Hidayət Orucla danışdım, kitabı çap etməyə razı oldu, ancaq əvvəlcə Rafiq Səməndərin "Şəhidlər” kitabı çap olundu, ardınca da mənim kitabım. Hidayət Orucun təklifi ilə kitabım həm də rus dilində çıxdı. Bundan sonra da dayanmadım, 20 Yanvarla bağlı yazılar yazdım, həmin yazıların bir hissəsi "Erməni lobbisi: Azərbaycan faciəsi” adlı kitabımda getdi. Sonra 20 Yanvara "Qanlı şənbəyə gedən yol” kitabını həsr etdim. Bu kitabda da tarixi sənədlər var, gələcək nəsillər üçün xüsusilə əhəmiyyətlidir. Beləliklə, Özbəkistana göndərilənə qədər 20 Yanvarla bağlı 2 buklet, 3 kitab ərsəyə gətirdim.
Kitablarla yanaşı, 1991-ci ildə 20 Yanvarla bağlı sənədli film də çəkdik. Rejissor Vaqif Allahyarın təklifi ilə ssenari yazdım və "Bakıda insan ovu” adlı filmi ərsəyə gətirdik. Həmin film uzun müddət ekranlara buraxılmadı, adının çox qıcıqlandırıcı olduğunu bəhanə gətirdilər. Halbuki, o gecə insanları, sözün əsl mənasında, ovlamışdılar. Həmin gecə səs-küyə eyvana çıxmış Azad Mirzəyevi alnından vurmuşdular, Vera Bessantina adlı yəhudi qızı evində oturduğu yerdə güllələmişdilər, Sürəyya Babayeva mətbəxtdə yemək hazırladığı yerdə gülləyə tuş gəlmişdi, başqa bir evdə güllə əvvəlcə evin xanımının əlinə dəymişdi, sonra da yemək yeməyə hazırlaşan Şəmsəddin Orucovun ürəyinə sancılmışdı. Bütün bunlar insan ovu deyildisə, nə idi? Müzəffər Həsənovun oğlanları atalarını iki dəfə dəfn etdilər, əvvəlcə atalarını axtaranda "Semaşko"da tankın altında əzilmiş bir adam tapmışdılar, şalvarının rəngindən atalarına oxşatmışdılar və aparıb dəfn etmişdilər. Ancaq sən demə, ağır vəziyyətdə yaralanmış Müzəffər Həsənov elə həmin xəstəxanada komadaymış. Bir həftədən sonra ayılır və ailəsinə xəbər göndərir, oğlanları dəhşətə düşür, gəlib görülər ki, həqiqətən ataları ağır vəziyyətdədir. Bir həftədən sonra Müzəffər Həsənov ölür və oğlanları atalarını ikici dəfə dəfn edirlər. Birinci dəfə dəfn etdiklərinin də kimliyi bilinmir. 
- İnsanların acısı körüklənmədən onların qapılarına getmək, itirdikləri əzizləri barədə məlumat toplamaq ağır deyildimi?
- Çox ağır idi, hətta o qədər ağır idi ki, rəhmətlik Məmməd Nazimoğlu sonradan mənimlə o qapılara gedə bilmədi. Dedi ki, "çox ağırdır, dözə bilmirəm, sən özün get”. Mən də özüm tək davam etdim. Elə şəhid evi olub ki, ora üç dəfə getmişəm, qapının ağzında saatlarla durandan sonra geri qayıtmışam, qapını döyə bilməmişəm. Özümü danlaya-danlaya evə qayıtmışam ki, axı mən ora niyə getmişdim, niyə qapını döymədim. Hər dəfə qapıları döyəndə düşünmüşəm, mən bunlara desəm, şəhidlərdən kitab yazıram, onlar da qayıdıb deyər ki, "bizim günümüzə bax, 3-5 gündür əzizimizi dəfn etmişik, sənin gününə bax, kitab yazırsan, get işinlə məşğul ol”. Məni təhqir edə, ağır söz deyə bilərdilər, amma elə yanaşdım ki, mənə o ağır sözləri deyən olmadı.
Bir məqamı da danışım, "Semaşko"ya yaralı daşıyanda avtobusda bir oğlan vardı, vəziyyəti çox ağır idi, qışqırırdı ki, "anamı tapın”. Birdən dedi ki, "anama deyərsən ki, mən filan qızı istəyirəm”. Bu sözləri deyib keçindi. Kitabı yazanda onun anasını gördüm, danışdım, ancaq anasına heç nə deyə bilmədim...
- Eşitdiyimə görə, o vaxt sizə hökumət tərəfindən də 20 Yanvar hadisələrindən bəhs edən kitab sifariş olunubmuş. Ancaq nədənsə həmin kitab çap olunmayıb...
- Təxminən, 1995-ci il olardı, mənə Prezident Aparatından Fatma Abdullazadə zəng edib, bildirdi ki, Heydər Əliyevin tapşırığı ilə 20 Yanvara həsr olunmuş kitablar buraxılmalıdır və məni də ona görə Aparata dəvət etdilər. Aparatda iclas keçirdilər, iclasda Teymur Əhmədov, Sabir Əhmədov, Əmir Mustafayev, Almaz Ülvi və başqaları iştirak edirdilər. İclasa dəvət olunmuş şəxslərin əksəriyyəti, hadisələrin şahidi olmadığına görə kimsə bu yükün altına girmək istəmədi. Rafiq Səməndər də iclasa gəlməkdən imtina etmişdi, ağır olduğuna görə, bir də o mövzuya qayıtmaq istəmədiyini bildirmişdi. Beləcə, hər kəs imtina etdi, ortada mənlə Almaz Ülvi qaldı. Mən əlimdəki kitab da daxil olmaqla, dünya mətbuatının hadisəyə münasibəti, şahidlərin fikirləri, xüsusi sənədlər, o zaman Mərkəzi Komitədə keçirilmiş iclasların stenoqramları, həmçinin şəkillərdən ibarət 3 qovluq, yəni 3 kitablıq material topladım. Təxminən, 6 ay həmin kitabların üzərində işlədim, gecə saat 3-4-dək kitabı yazırdım, səhər 7-də işə gedirdim. Fatma Abdullazadə heç olmazsa, mənə işdən icazə də almadı. Kitabların tərtibat hissəsini də Almaz xanım edirdi. Hazır olan kimi aparıb Fatma Abdullazadəyə təhvil verdim, guya kitablar Türkiyədə çap olunacaqdı, ancaq bilmədiyim səbəblərdən həmin qovluqlar it-bat oldu. Dəfələrlə zəng etsəm də, Fatma Abdullazadə dəqiq bir söz demədi, çap olunacağını bildirib məni başından elədi. 1998-ci ildə Özbəkistana göndərildim, bura gələndən sonra isə zənglərimə belə, cavab vermədi. Orada çalışanlardan məlumat almaq istəsəm də, heç kim heç nə demədi. Çox təəssüf edirəm ki, həmin qovluqları bir nüsxə hazırlamışdım, kaş ki, iki nüsxə hazırlayardım, biri də məndə qalardı.
- Sizcə səbəb nəydi? Olmaya, Azərbaycan-Rusiya münasibətlərinə xələl gəlməsini istəmirdilər?
- Yəqin ki, səbəb o idi. Ancaq hələ də dəqiq bilmirəm ki, Heydər Əliyevin tapşırığı ilə hazırlanmış kitablar Fatma Abdullazadə tərəfindən niyə gizlədildi? Yəni bu, necə ola bilərdi, başa düşmədim. Məncə, həmin qovluqları yox etmək Fatma Abdullazadənin şəxsi təşəbbüsü idi, bilmirəm, yandırdı, neylədi. Sonradan bir neçə deputata dedim bu barədə, ancaq onlar da heç nə edə bilmədilər. Fatma Abdullazadə işdən çıxarılandan sonra da o şöbəyə zəng vurdum, yenə də heç nəyə nail ola bilmədim.
- İndiki gənclər 20 Yanvara aid məlumatlar, materiallar axtaranda, demək olar ki, heç nə tapa bilmirlər, o vaxt yazılan kitablar kiril əlifbasındadır, internetdə də məlumat bazası yoxdur. Bu tarixin unudulmaması üçün nələr etməliyik?
- Düşünürəm ki, o vaxt yazılan bütün kitablar yenidən latın qrafikası ilə çap olunmalıdır. Bu barədə təşəbbüs göstərilməlidir. Azərbaycanda yaşasaydım, bəlkə də bunu özüm edərdim.
- Bir qrup ziyalımız 20 Yanvar muzeyinin yaradılması barədə təşəbbüs göstərib...
- Muzey çoxdan yaradılmalıydı. O vaxt 13 yaşlı şəhid Larisa Məmmədovanın atası Fərman kişi belə bir şey etmək istəyirdi, ancaq sonradan bilmədim nə oldu, o iş dayandı. Həmçinin Qüdrət Əbdülsəlimzadə də nəsə etmək istəyirdi, amma heç nə olmadı. Bu tarixin unudulmaması üçün mütləq muzey yaradılmalıdır, vəsait ayrılmalıdır, 20 Yanvara aid yazılmış bütün kitablar, o cümlədən Arif Məlikovun sənədlər toplusu yenidən çap olunmalıdır. Həmçinin 20 Yanvar qırğınının dünyada tanıdılması üçün həmin kitablar ingilis dilində də buraxılmalıdır, xarici ölkələrdə yayılmalıdır. O cümlədən, Fatma Abdullazadənin yox etdiyi qovluqların izinə düşmək lazımdır. Orada çox ciddi materiallar vardı.
- Sizcə, biz 20 Yanvar qətliamını dünyaya lazımi səviyyədə çatdıra bilmişikmi? Ölkədən kənarda, elə çalışdığınız Özbəkistanda bu barədə nə qədər məlumatlıdırlar?
- Burada məlumatı olan da var, olmayan da. Hər kəsin məlumatlı olması üçün təbliğat işləri müntəzəm aparılmalıdır. Mən ara-sıra Özbəkistan və Qırğızıstan mətbuatında rus və özbək dillərində 20 Yanvara, Azərbaycan həqiqətlərinə aid məqalələrlə çıxış edirəm. Burada indiyədək Azərbaycana aid 25 kitab çap etdirmişəm, onun 15-ni Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasovla birlikdə ərsəyə gətirmişik. Mən bu işləri görməsəm, özümü çox pis hiss edərəm. Keçmiş unudulmayanda tarixə dönür, bu da bizim tariximizdir, əsla unutmamalıyıq. Ağalaya-ağlaya oturmaq doğru deyil, bu, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir, qəhrəmanlıq, rəşadət simvoludur və elə belə də təqdim və təbliğ olunmalıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib