Dərc edilib: 14-02-2020

https://www.nuh.az/22656-.html

Dostunu qətlə yetirən, özünü yandıraraq öldürən söz ustadı

14.02.2020 10:51:12

Maraqlı

Bu gün tanınmış meyxanaçı Məşədibabanın doğum günüdür. Söz ustadı yaşasaydı, 49 yaşını qeyd edəcəkdi.

Faciəli ölümü ilə sevənlərini məyus edən meyxanaçının sənət yoldaşları, yaxınları onunla bağlı xatirələrini Azvision.az-la bölüşüblər.
Tanınmış meyxanaçı Mehman Əhmədli Məşədibaba ilə ilk görüşündən, tanışlığından danışıb.

“Onunla 1990-cı ildən münasibətimiz olub. İlk dəfə Əhmədlidə, bizim məhəlləmizdə toyda qarşılaşmışdıq. Onda mən təzə-təzə meyxana deyirdim. Dedilər, Məşədibaba gəlib. Elə bir dövr idi ki, videokasetlər yox idi. Yalnız səs yazıları var idi. Şəxsən mən onun haqqında həmin günə kimi heç nə bilmirdim. Məclis başladı, meyxana dedik, deyişmə getdi. Ondan sonra tanışlığımız başladı. Və bu tanışlıq dostluğa çevrildi. Hər gün ya o, Əhmədliyə gəlirdi, ya da mən Maştağaya gedirdim. Tez-tez meyxana məclislərində olurduq. 1994-cü ildə Məşədibaba zindan həyatı yaşadı. Həbsxana qapılarını ailəsindən sonra ilk açan biz olduq. Çıxandan sonra da toylarda, məclislərdə yenə bir yerdə olurduq.



Məşədibaba heç vaxt pul düşkünü olmamışdı. Axrıncı qəpiyini də ortalığa qoyardı. Yığıb saxlamazdı. Mülk dəlisi deyildi. Onun pis cəhəti o idi ki, içirdi və bu da ona bəzən aqressiya gətirirdi. Ancaq heç kimin evini yıxan adam deyildi. Onunki yemək, içmək, meyxana demək idi. Günü xoş keçsin. Zindanda olanda çox mütaliə etmişdi.

Biz meyxananın ən çətin vaxtlarında addımlamışdıq. Onda efir, şöhrət yox idi. Pulumuz, paramız olmadan hər şeyi etmişik. Mənim üçün Məşədibaba gözəl sənətkar idi.

Bilirəm, təmtəraqlı doğum günü qeyd etməzdi. Elə vaxt olub ki, doğum gününü 5-6 nəfər kafedə yemək yeyib, meyxana deməklə keçirmişik”.



Meyxanaçı Ağamirzə Məmmədov mərhum sənət yoldaşının yaddaşlardan silinməyən meyxana ustadı olduğunu söyləyib.

Abşeronun hər kəndində toylarda olmuşuq. Çox hazırcavab idi. Sual verirdin, elə bil, iki gün əvvəldən cavabını hazırlamışdı, yubanmazdı. Yerində sözünü deyərdi. Ölümündən 5-6 gün qabaq əlaqə saxlamışdım. Məclisdə idik. Hər şey normal keçdi. Onun özünü yandırması xəbərini eşidəndə inanmadım. Çox üzüldüm. İndi oğlu Mircəlal ilə tez-tez görüşürəm. O da meyxana deyir. Atasına bənzəyir. Hörmətimi saxlayır, mənə əmi deyir”.



Məşədibabanın əmisi oğlu Mehman Aydəmirov son günlərinə kimi onunla əlaqə saxladığını xatırlayıb.

“Məşədibaba bacımla evli idi. Əmim oğlu məndən 12 yaş böyük idi. O, həbsdə olanda 11 yaşım var idi. 2001-ci ildən ölümünə kimi bir yerdə olmuşuq. Sənətkar kimi göz qabağında idi. Çox savadlı, gözəl şair idi. Onu Azərbaycanda sevməyən adam olmazdı. Səmimi, ürəyiaçıq insan idi. Doğum günlərini qeyd etməzdi, xoşu gəlmirdi. Deyirdi, ona düşmür. Ölümündən 3 gün qabaq ünsiyyətdə olmuşduq. Vəziyyəti yaxşı deyildi, deyirdi vaxtıma çox az qalıb. Xəstəxanaya getdim, gördüm yox, bu o insan deyil. Yaşamayacağını başa düşdüm. İndi oğlu Mircəlal da atasının yolunu davam etdirir. Toylarda meyxana deyir”.

Qeyd edək ki, 2011-ci ildə 39 yaşı olan Məşədibaba Aydəmirov yaşadığı evin qarşısında üzərinə benzin tökərək özünü yandırıb. O, qonşuların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Yaxın dostu, meyxanaçı Elçin Atakişiyevi bıçaqlayaraq öldürən Məşədibaba uzun illər məhbəs həyatı yaşayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib