Dərc edilib: 15-02-2020

https://www.nuh.az/22684-.html

"Bu günə kimi Murov əməliyyatındakı xəyanət barədə xalqa məlumat verilməyib"

15.02.2020 00:25:38

LIVE

Bu günlərdə 1994-cü ilin fevral ayında Murov əməliyyatı kimi tarixə düşən faciənin 26-cı ili tamam oldu. Həmin əməliyyatı hazırlayaraq, Azərbaycan Ordusunun böyük bir korpusunu ermənilərə "hədiyyə" göndərən kim idi?

 

 20-ci əsrin əvvəllərindəki Sarıqamış faciəsinin təkrarlanmasını istəyən Azərbaycan rəhbərliyinin yuxarı eşalonunda kim idi? Bu xain kim idisə, bilirdi ki, əgər Azərbaycan Ordusu bu gücdə, bu tərkibdə 1994-cü ilin yazına çıxsa, onda Kəlbəcərdəki Ermənistan ordusunu fəlakətli məğlubiyyət gözləyir. Ermənistanı bu fəlakətdən qurtarmaq üçün Azərbaycan Ordusunu qışın yanvar və fevral aylarında Murova yeridib, onun dəqiq koordinatlarını Ermənistana vermək lazım idi və bunu etdilər, daha sonra isə Murovun Kəlbəcər üzünə keçmiş ordunun ərzaq və döyüş sursatı təchizatını kəsdilər. Xəyanətkar 2 məqsəd güdürdü: 

1.Azərbaycan xalqının torpaqları işğaldan azad etmək qətiyyətini sındırmaq 
2.Azərbaycan Ordusunun döyüş əzmini məhv etmək,onda qələbəyə inam ruhunu öldürmək. Nəticədə, Ermənistanın işğal etdiyi torpaqların əbədi işğalda qalmasına şərait yaratmaq. 
Xəyanət aydın idi. Mən adi bir sovet zabiti kimi bu əməliyyat barədə ilk dəfə eşidən kimi, dedim ki, yox, bu çox səhv qərardır, qışın bu zamanı Murovda hücum əməliyyatı mümkün deyil, hərbi cəhətdən çox ciddi riskdir, səhvdir. Hələ bu günə kimi həmin xəyanətin sirləri açılmayıb. Hətta Murov əməliyyatında itkilər barədə xalqa dəqiq məlumat verilməyib. Murov əməliyyatı Kəlbəcərə çox baha başa gəldi. Kəlbəcər rayonunun ən say-seçmə igid oğlanları məhv edildi. Təkcə Başlıbel kəndindən mənim əmim oğlu Salahov Elşad İsa oğlu, yaxın qohumlarım Əmralıyev Habil Xəlil oğlu, əziz uşaqlıq dostum, sinif yoldaşım Səmədov Tahir Yusif oğlu, Cəfərov Şövqü Məhəmməd oğlu Murovda soyuqdan donaraq şəhid oldular, Süleymanov Bəhmən Ələkbər oğlu itin düşdü. Qardaşım Salahov Natiq Sadıq oğlu və yaxın qohumlarım Əzimov İlham Balakişi oğlu, Əzimov İslam Mehdi oğlu yaralandılar. Azərbaycan xalqı heç zaman bu xəyanətin üstünün basdırılması faktı ilə barışa bilməz. Biz bu əməliyyatın diqqətlə araşdırılması üçün xalqın, o cümlədən şəhid ailələrinin iştirakı ilə mötəbər komissiya yaradılmasını tələb edirik. Keçən 26 ildə Azərbaycan Respublikasının hüquq mühafizə, hərbi prokurorluq, Müdafiə Nazirliyi və digər səlahiyyətli dövlət orqanlarının 1994-cü ildə Murov əməliyyatını hərtərəfli araşdıraraq, günahkarları aşkara çıxarmamaları, onların cəzasız qalmaları və Azərbaycan xalqına dəqiq məlumat verməmələri xalqımız arasında əsaslı suallar yaradır.
Yusif Salahov, Kəlbəcərdən olan məcburi köçkün

NUH informasiya agentliyi səhifəsindən çap edilib