Dərc edilib: 16-02-2020

https://www.nuh.az/22734-.html

Türkiyədə seçki qutularından yüzlərlə prezervativ çıxıb

16.02.2020 17:25:00

Hadisə

ABŞ-ın keçmiş prezidenti Corc Buşun İraq səfərində baş verən insident, yəni ərəb jurnalistin amerikalıların prezidentinə ayaqqabı atması dünyada gedən ciddi proseslərin bəlkə də ilk siqnalı idi.

Bu gün dünyada təkcə iqtisadi və maliyyə böhranı baş vermir. Dünya maliyyə böhranından daha çox mənəvi böhran yaşayır. Yəni maliyyə piramidalarından öncə mənəvi piramidalar çöküb. Bu açıq-aydın hiss olunur. Elə oğul Buşa İraq torpağında atılan ayaqqabı da həmin mənəvi böhrana etiraz idi. Çox maraqlıdır ki, öz prezidentlərini ölkələrinin mənəvi-siyasi simvolu hesab edən amerikalılar atılan ayaqqabını çox sakit qarşıladılar, hətta amerikalıların çoxu bunu təbəssümlə cavablandırdı. Sanki bu ayaqqqabı çoxdan atılmalıydı və çoxlarının ürəyindən idi. Elə bil hamının içində bir atılası ayaqqabı var idi, sadəcə bunu ərəb jurnalist atdı. Yuxarıda qeyd etdiyim kimi bu gün dünya çox ciddi şəkildə mənəvi böhran yaşayır. Demokratiya özü də bir mənəvi-əxlaqi-siyasi sistemdir, dəyərlər toplusudur. Bu mənada bu gün dünyada demokratiyanın da böhran yaşadığı göz önündədir. Bir sözlə, Buşa atılan ayaqqabı hansısa ərəbin emosionallığının, vətənpətvərliyinin göstəricisi deyildi.

 

Buşa atılan ayaqqabıdan sonra qardaş Türkiyədə daha dəhşətli hadisə baş verdi. Yəqin çoxlarının yaxşı yadındadır. Xəbər agentliklərinin yaydığı məlumata görə Türkiyədə keçirilən seçkilərdə seçki qutularından onlarla "prezervativ" çıxdı. Açığı çoxlarına gülməli gələn bu olay məndə ciddi düşüncələr yaratdı. Demək türk qardaşlarımız da artıq seçkinin-filanın boş şey olduğunu, demokratiyanın bəlli güclərin əlində oyuncağa çevrildiyini dərk edirlər.

 

Sözün düzü, türk seçicilərin seçki qutusuna, daha doğrusu saxta demokratiyaya atdığı "şey", ərəb jurnalistin  prezident Buşa atdığı ayaqqabı ilə müqayisədə daha biabırçı və utancverici idi. Sonradan bu ayaqqabı qiyamı daha bir neçə ölkədə təkrarlandı. Amma xeyri olmadı. Bunlar  o qədər həyasızlaşıblar ki, atılan ayaqqabını, prezervativi, daha biabırçı şeyləri gülə-gülə qarşılayırlar. Mənəviyyatın böhranı budur. Arxasınca nələr baş verdi?

Bu yaxınlarda baş nazir Berluskoninin hərəkətlərindən bezmiş italiyanlar "ayaqqabının, prezervativin" təsir etmədiyini görüb daha aqressiv yola əl atdılar. Yığıncaqların birində əhalini içərisindən çıxan bir italiyan kişisi əlindəki balaca daş heykəllə baş nazir Berluskoninin vurub dişlərini sındırdı, sonra burnunu sındırdı, dodağını partlatdı, baş naziri yaxşıca əzişdirib qanına qəltan etdi. Biabırçı vəziyyətə düşmüş Berluskoni avtomobilə əyləşib qanı süzülə-süzülə aradan çıxdı. Əslində bir az ləyaqəti olan dövlət başçısı bu biabırçı olaydan sonra  üzüsulu istefa verib vəzifədən gedərdi. Bəs əvəzində nəyi gördük? Baş nazir onu vuran şəxsin guya ruhi xəstə olduğunu bildirdi. Çox maraqlıdır ki, internet səhifələrində İtaliya vətəndaşlarının çoxunun baş naziri əzişdirən kişini dəstəklədiklərinin şahidi olduq. Deməli sayı 100 milyonu keçən italiyanların çoxu baş naziri əzişdirmək istəyir, amma bu şərəfli iş "ruhi xəstə"yə qismət olub.

Demək ayaqqabı atılır, dalınca prezervativ atılır, sonra daş atılır. Görəsən, növbəti dəfə nə atılacaq? Nə baş verəcək?

Adətən Şərq deyəndə Qərbin gözünün qarşısına ilk olaraq hərəmxana gəlir. Qərblilər həmişə Şərqi aşağılamaq üçün şahlarımızın hərəmxanalarını yada salırlar. Amma indi vəziyyət dəyişib. İndi demokratiyanın beşiyi olan Qərbin özü adamda hərəmxana təəssüratı yaradır.

Qərbin ən böyük dövlətlərindən biri, Qədim Romanın varisi olan İtaliyanın baş naziri Berluskonin şəxsi həyatı ilə bağlı son illər İtaliya və dünya mətbuatında yazılanlar və videogörüntülər onu göstərir ki, Qərb özü ciddi mənəvi-əxlaqi böhran keçirir. Mən hələ Fransanın prezidenti Sarkozinin macəralarını demirəm.

Bu yerdə yadıma rəhmətlik Leninin dünya inqilabı ideyası düşür. Bəlkə də heç yeri deyil. Nə bilim. Amma dünya çox ciddi bir sınaq qarşısındadır.

 

2009-cu il

 

NUH.az-ın  baş redaktoru  Kamran Məhərrəmli


NUH informasiya agentliyi səhifəsindən çap edilib