Dərc edilib: 24-02-2020

https://www.nuh.az/22913-.html

Bərdə sakinləri: Kəndimizin adı SOĞAN-verdi deyil, SÜBHAN-verdi olub

24.02.2020 12:26:33

Cəmiyyət

 

Sakinlər kəndin həqiqi adının bərpa olunmasını tələb edir

 

Məlumdur ki, Azərbaycanın Çar Rusiyası tərəfindən işğalından sonra bəzi kəndlərimizin, hətta qədim şəhərlərimizin adları dəyişib. Məsələn, Gəncə şəhəri uzun müddət rəsmi  sənədlərdə, xəritədə YELİZAVETPOL adlanıb.


Sovet işğalından sonra bu “ənənə” davam etdirilib və yer adlarımız  “sovet”ləşdirilib, hətta nəsl adları, islam dini ilə bağlı adlar dəyişdirilib.

 

Bu dəfə Gəncə  KİROVABAD, Beyləqan JDANOV, Beləsuvar PUŞKİN və s olub. Hətta soyadlarındakı ALLAH(verdi), TANRI(verdi)  kimi adlar ixtisara düşüb və gülməli VERDİ-yevVERDİ-zadə kimi familyalar yaranıb.

 

Ölkəmiz müstəqillik əldə etdikdən sonra bu məsələ gündəmə gəldi, hətta bu problemlə bağlı  və Milli Məclisdə Toponomiya Komissiyası yaradıldı.

Son illər bu komissiya sakinlərin müraciəti əsasında xeyli sayda kənd, rayon, şəhər adlarını bərpa edib.

Ancaq bu problem hələ də qalmaqda davam edir.

Bərdə rayonunun SOĞAN-verdilər kəndinin sakinləri  NUH.az saytına müraciət edərək  kəndlərinin həqiqi adının bərpa olunması məsələsinin ictimailəşdirilməsini xahiş edirlər. Sakinlər bildirir ki, kəndimizin adı SÜBHAN-verdi olub, sovet dövründə dinlə bağlı olaraq kəndin adı dəyişdirilib SOĞAN-verdi olub, soğan-ın bizə nə dəxli var:” Kəndimizin adı Sübhanverdi adlı şəxsin adı ilə bağlıdır”.

Ümid edirik ki, yeni  seçilən parlamentimizin Toponomiya Komissiyası kənd sakinlərinin haqlı tələbini nəzərə alacaq.

 

NUH.az


 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib